Mülkiyyətin qorunması Cinayət Məcəlləsinin əsas vəzifələrindən biri kimi müəyyən olunub

18:10 - 26 Fevral 2019 - KİVDF

Hüquq normaları ilə tənzimlənərkən bu münasibətlər hüquqi forma alır və hüquqi qaydada mülkiyyətçinin, ona məxsus daşınar və daşınmaz əmlaka malik olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək kimi hüquqları ilə ifadə olunur

Azərbaycan Respublika Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət iqtisadi və hüquqi kateqoriya olub, özündə mülkiyyətçinin əldə etdiyi və ona məxsus maddi sərvətlərə malik olmaq, onlardan istifadə etmək və onlara dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusunu təşkil edir. Hüquq normaları ilə tənzimlənərkən bu münasibətlər hüquqi forma alır və hüquqi qaydada mülkiyyətçinin, ona məxsus daşınar və daşınmaz əmlaka malik olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək kimi hüquqları ilə ifadə olunur.

Mülkiyyət, həmçinin cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilib və onun qorunması Cinayət Məcəlləsinin əsas vəzifələrindən biri kimi müəyyən olunub. Belə ki, Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, bu Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Onu da qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlərdən bəhs edən normaları qanunverici tərəfindən daim təkmilləşdirilir.

Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamı ilə cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması və bunun nəticəsində daha geniş alternativ cəzaların tətbiqi nəzərdə tutulmaqla növbəti islahatların həyata keçirilməsinə mühüm təkan verilib.

Sərəncamın icrası ilə əlaqədar qəbul olunmuş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 nömrəli Qanunu ilə Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrinin bir çox maddələrinə, o cümlədən Məcəllənin 177-ci maddəsinə və onun “Qeyd” hissəsinə dəyişikliklər edilib.

Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasına və “Qeyd” hissəsinə edilmiş dəyişikliklərdə, cinayət məsuliyyətinin əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranması və üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur.

Bu dəyişikliklərdən əvvəl isə oğurluq cinayətinə görə məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə  yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranırdı (Cinayət Məcəlləsinin 2017-ci il 1 dekabr tarixindən ləğv edilmiş mətni). Beləliklə, ölkədə gedən iqtisadi-sosial proseslər nəzərə alınaraq mülkiyyət əleyhinə olan cinayətlərin ilk dəfə törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğ yüz manatdan beş yüz manatadək artırılıb. Konstitusiya Məhkəməsinin Plenumu bu dəyişiklikləri nəzərə alaraq Cinayət Məcəlləsinin müvafiq normalarının təhlil olunmasını zəruri hesab edir.

Cinayət Məcəlləsinin 23-cü fəsli mülkiyyət əleyhinə olan cinayətlərə həsr olunub. Bu kateqoriyadan olan cinayətlərə oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, soyğunçuluq, quldurluq və s. cinayət əməlləri aiddir. Həmin cinayətlər arasında talama cinayətləri xüsusi yer tutur. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd yolla və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirmədir.

Cinayət Məcəlləsinin 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Bu cinayətin obyektiv cəhətini təşkil edən götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin tərkib əlamətlərinin müəyyən edilməsi həmin əmələ cinayət-hüquqi qiymət verilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir.

Cinayət tərkibi əlamətlərinin zəruri və fakültativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətinin zəruri əlaməti (177-ci maddə), ümumi təhlükəli üsul qəsdən adam öldürmə cinayətinin tövsifedici əlaməti (120.2.4-cü maddə)  hesab olunur. Cinayət tərkibinin konkretləşdirilmiş və qiymətləndirici əlamətlərinin də böyük hüquqi əhəmiyyəti vardır. Konkretləşdirilmiş əlamətlər Cinayət Məcəlləsinin normalarının mətnində birmənalı müəyyənləşdirilmişdir. Məsələn, oğurluq cinayətlərində vurulmuş ziyanın məbləği (177-ci maddənin “Qeyd” hissəsi), iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə xeyli və külli miqdarda vurulmuş ziyanın həddi (190-cı maddənin “Qeyd” hissəsi) və s.

Cinayət Məcəlləsinin 177-ci maddəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətinin obyektiv cəhətinin zəruri əlamətidir. Gizli olaraq talama həmin əməllər təkrar törədildiyi hallarda da zəruri əlamət kimi çıxış edir. Mülkiyyətçiyə və ya əmlakın digər sahibinə vurulmuş ziyanın məbləği isə konkretləşdirilmiş əlamət kimi qanunverici tərəfindən cinayət tərkibinin zəruri əlamətləri nəzərə alınmaqla həmin maddənin “Qeyd” hissəsində göstərilib.

Buna görə də Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur.

 

Xəbər xətti