Xocalı soyqırımı təkcə ildönümü ərəfəsindəmi xatırlanmalıdır?

11:39 - 25 Fevral 2019 - Cəmiyyət

Azərbaycanla Türkiyənin soyqırım məsələsində koordinasiya olunmuş iş aparması zəruridir

Hazırda Xocalı soyqırımını Azərbaycandan başqa, soyqırım kimi tanıyan ölkələr aşağıdakılardır:
Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına daxil olan Şotlandiya.

Bundan başqa, indiyədək ABŞ-ın 22 ştatı hökumət və parlament səviyyəsində Xocalı soyqırımını rəsmən tanıyıb. 
Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı da  Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edib.

Siyahıya baxdıqda, soyqırım faktının dünyaya tanıdılması istiqamətində az iş görülmədiyini vurğulamaq olar. Amma bunu yetərli saymaq olarmı? Əlbəttə ki, yox!
Xocalı faciəsi təkcə ildönümü ərəfəsində xatırlanmamalıdır. İlboyu iş aparılmalıdır ki, daha geniş arenada dünya XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə duran bu soyqırımı tanısın!

Azərbaycan hakimiyyətinin, Heydər Əliyev Fondunun soyqırımın tanınması istiqamətində apardığı iş hər bir fərdin işinə çevrilməlidir.
Xocalı soyqırımı bəşəriyyət tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub; bu gerçəklik dünyanın əksər ölkələri tərəfindən etiraf olunana qədər fərd olaraq hamının üzərinə iş düşür. Xüsusilə o kəsimin ki, tez-tez xarici ölkələrdə səfərlərdə olur, müəyyən dövlət qurumlarında işgüzar görüşlər keçirirlər. Belə görüşlərdə verilən hədiyyələrlə birgə Xocalı soyqırımı ilə bağlı məlumatlar əks olunan kitab, broşür və ya faciənin əks olunduğu qısametrajlı filmin əks olunduğu disk verilə bilməzmi?

Bu sahəyə məsul qurumlar vahid formada hazırlanmış çap və ya digər məhsullarla bunu tənzimləyə bilər. İlk baxışdan kiçik görünə bilən bu iş davamlı xarakter alarsa, bunun özü belə soyqırımın tədricən dünyada tanınmasına təkan verə bilər.
Ermənistan tarixdə olmayan qondarma bir soyqırımı 70 ilə yaxındır yorulmadan dünyaya tanıtmaq üçün bütün metodlardan istifadə edərək iş aparır və nəticələr əldə edir. Düzdür, burada erməni lobbisinin rolunu, xristian təəssübkeşliyini, ikili standartları, bunun Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunmasını önə çəkmək olar.

Buna rəğmən fakt odur ki, 1950-ci illərdən bu kampaniyanı başladan, 1965-ci ildə Uruqvayın timsalında ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər bu dövrdə əsilsiz iddialarını təqribən 26 ölkəyə qəbul etdirə biliblər. Türkiyənin "strateji müttəfiqi" ABŞ-da "soyqırım"ı tanıyan ştatların sayı, hardasa 40-ı ötüb.  Bura Avropa Parlamenti və başqa qurumları da daxil etmək olar.

Sadalanan bu faktlar Azərbaycanla Türkiyənin soyqırım məsələsində koordinasiya olunmuş iş aparmasını bir daha zəruri edir. Bu baxımdan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sonuncu məqaləsində Xocalı soyqırımı ilə bağlı Azərbaycanın və qardaş Türkiyənin vətəndaş cəmiyyəti təşkilatlarına, ziyallarına etdiyi çağırışa diqqət çəkmək yerinə düşər.
“Bu gün Türkiyə və Azərbaycan prezidentləri, həm ölkələrimizin daxilində, həm də beynəlxalq müstəvidə türk-müsəlman dünyasının maraqlarının müdafiəsi, problemlərinin həlli naminə nümunəvi birgə fəaliyyət, həmrəylik nümayiş etdirirlər. Bu həmrəylikdən örnək götürərək, həm Azərbaycanın, həm də qardaş Türkiyənin vətəndaş cəmiyyəti təşkilatları, əli qələm tutan bütün ziyalıları rəsmi dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə hər cür dəstək verməklə Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğalı, eləcə də 1915-ci il hadisələri ilə bağlı gerçək faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalı, tarixin obyektiv qavranılmasına və adekvat hüquqi-siyasi qiymətinin almasına çalışmalıdırlar. Ümumiyyətlə, bu işləri daha fəal, davamlı və sistemli şəkildə həyata keçirməklə biz mütləq nəticələr əldə edə bilərik.

Bu məqsədlə Azərbaycan və türk diaspor təşkilatları da öz çevikliyini və mütəşəkkilliyini artırmalı, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir”- deyən Ə.Həsənov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən törədilmiş soyqırım, terror aktları və digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində türkdilli ölkələr və icmalar tərəfindən birgə tədbirlərin görülməsi haqqında tövsiyələrin həyata keçirilməsi ilə bağlı fəaliyyətlərini genişləndirməlidir. 

Prezidentin köməkçisi bildirib ki, bəzi dövlətlər qondarma “erməni soyqırımı” haqqında əsasız qərarlar qəbul ediblər: “Biz həmin ölkələrdə də ardıcıl iş aparılmalı, onların vətəndaş cəmiyyətləri ilə işləməyin məqbul səmərəli üsullarını tapmalıyıq. Soydaşlarımız yerli və beynəlxalq ənənəvi media, eləcə də sosial şəbəkələr vasitəsilə geniş kampaniyalar təşkil etməli, soyqırımı problemlərini, o cümlədən Xocalı faciəsinə dair real faktları elmi konfranslarda, simpoziumlarda və digər toplantılarda təqdim etməlidirlər”.

Beləliklə, qeyd olunduğu kimi bir yandan fərd olaraq üzərimizə düşən vəzifələrin yorulmadan icrası, həmçinin Azərbaycanla Türkiyənin birgə işi Xocalı soyqırımını daha geniş sərhədlər çərçivəsində tanınmasına yardımçı ola bilər. Yalnız ildönümlərində özümüz danışıb, özümüz eşitməklə ciddi dönüş əldə etmək mümkün olmayacaq və həqiqətlərin dünyaya təşviqində bütövlükdə türk milləti olaraq uduzacağıq…

Elman BABAYEV

Xəbər xətti