Ana səhifə
16 Dekabr 2018

«Kilosu çox olan tanınmış insan yaxşı görsənmir» - MÜSAHİBƏ

Səlim Abbasov: «Şou-biznesdə müğənillərin hamısı ideal ifa etmir»

 

«Zeynəb xanımla işləməkdən zövq alıram və gənc yaşımda onunla işləyirəm»

 

Əməkdar artist Səlim Abbasov “Şənbə qonağı” rubrikasının qonağıdır.

 

Səlim musiqiçi ailəsində dünyaya gəlib, orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Kollecinə, sonra Milli Konservatoriyanın kamança sinfinə daxil olub və burada kamança ilə yanaşı, skripka dərsləri alıb. Bu gün Səlim Abbasov skripkada peşəkar ifası ilə yanaşı, müğənni kimi də fəaliyyət göstərir. Eləcə də, xalq artisti, dünya şöhrətli Zeynəb Xanlarovanın ansamblında çalışır. Əməkdar artstin müsahibəsini təqdim edirik.

 

- «Qarabağ» futbol klubunu dəstəkləyirsiniz. Son zamanlar bir çox müğənnilər də bu klubu dəstəkləməyə başlayıblar. Bu nə ilə əlaqədardır?

- Futbolumuzun inkişaf etməsi və gözəl nəticələr əldə etməsi üçün dəstək olmaq lazımdır. Dostluq etdiyim futbolçular var - Vüqar Nadirov, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Fərhad Vəliyev, Corc Leroy. Futbol oynamağı çox sevirəm. Elə gün olur ki, gün ərzində üç dəfə futbol oynayıram. Həmişə də maşınımda futbol paltarları var. Futbol insana formada qalmağa kömək edir. Səhnə də formada qalmağı sevir. Kilosu çox olan tanınmış insan yaxşı görsənmir. Xarici şou-biznes nümayəndələri arasında kilolu olan məşhurlar çox azdır. Amma bizdə bəzi müğənnilər kiloludur və efirdə deyirlər ki, 5 kilo kök görsənirik. Yaxşı ki, o söz var, efir göstərməsəydi, görəsən, başqa nə bəhanə tapacaqdılar? Formada qalmaq üçün demirəm ki, 100 kq ştanq qaldır və bütün günü məşqə get. Sadəcə, tənbəllik etmək lazım deyil, hərəkətdə olmaq lazımdı.

 

- Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bayramı harada qeyd etməyi düşünürsünüz?

- İlk öncə qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə cənab Prezidentimiz başda olmaqla, xalqımızı təbrik edirəm. Allahdan hamıya sağlıq və bol-bol uğurlar arzu edirəm. İnşallah, 2015-ci ildə Qarabağımız işğaldan azad olar. Hələ ki, 31 dekabrı harada keçirəcəyimi planlaşdırmamışam. Dəvətlər çoxdur. Moskvadan və Amerikadan da dəvət almışam. Hamımız 3-5 manatımızın arxasınca qaçırıq. İki manat az olsun, amma ailənin içində olsun.

 

- Amerikaya getməyə cəhd etmədiniz?

- Getmək istəmədim. Yaxşı pul da təklif etdilər. Burada dünya şöhrətli sənətkarımız Zeynəb Xanlarovanın yeni il konserti olacaq. Ona görə Amerikaya getməyə söz verə bilmədim. Eləcə də, burada işlərimiz var. Bölgələrimizdən də dəvətlər gəlir. Baxaq görək harada yaxşı olacaq ora gedəcəyik.

 

- Səlim bəy üçün skripka və müğənnilik nə deməkdir?

- Skripka ifaçısı kimi özümü tanıtmışam. İstedad varsa bütün sahələrdə özünü göstərəcək və gec də olsa, üzə çıxacaq. Mən fəaliyyətimə müğənni kimi də başlasaydım, yenə də tanınacaqdım. Özümü tərifləmirəm. Hər bir yazdığım musiqiyə çox ürəklə və ciddi yanaşıram. Mən mahnılarımla öz səhnəmizdə, Avropa ölkələrində çıxış edirəm. Ona görə də, hər bir işimdə diqqətliyəm. Bizi professional müğənnilərimiz, vokal, muğam ifaçılarımız var. Mən də bayağı, ara mahnıları oxumamağa çalışıram və özümə yaxın musiqilər ifa edirəm. Şou-biznesdə müğənillərin hamısı ideal ifa etmirlər. Müğənni üçün səs vacibdir, amma hazırkı vəziyyətdə bir o qədər də vacib deyil. Hansı müğənninin maddi imkanları daha çoxdursa göz önündə olmağı bacarır və hər gün də efirlərdədir. Təbii ki, insanlarımız səsi olan ifaçıları seçməyi bacarır. Dünən dünya şöhrətli Zeynəb Xanlarovanın Yeni il çəkilişində idik. Zeynəb xanımda səhnəni yaşamaq, duymaq hissi və səhnə hərəkətləri bizi valeh elədi. Mənim fikrimcə, səhnəyə musiqi ilə rəqs etməyi, insanlarla ünsiyyətdə olmağı Zeynəb Xanlarova gətirib. Üç gün əvvə l5 saat studiyada işlədik və Zeynəb xanım dayanmadan 8 mahnı oxudu. Bu, balaca iş deyil. Müğənni var, iki mahnı oxuyur və səsi yorulur, yaxud da 25 yaşı var, oxuya bilmir. Zeynəb xanım dünyanı üç dəfə gəzən sənətkardır. Bu, hər adama qismət olmur. Zeynəb xanımla işləməkdən zövq alıram və gənc yaşımda onunla işləyirəm. Burada maddi məqsəd yoxdur. Zeynəb Xanlarovanı bütün dünyada tanıyırlar.

 

- Zeynəb Xanlarova sizin ifaçılığınızla bağlı fikirlərini bildirir?

- Zeynəb xanımın nəvəsinin ad günündə Maykl Ceksonun “Smile” mahnısını ifa etdim. Səhəri gün məşqə gedəndə Zeynəb xanım dedi ki, Səlimin yaxşı musiqi duyumu və ürəklə oxumağı da varmış. Yazdığım mahnılarım var və onları da oxuyuram. Keçən il Yeni il ərəfəsində mahnı yazdırmışdım, amma oxumağı hazırlaya bilməmişdik. Bu dəfə Yeni ilə tam hazır etmişik. “Happy-new”, “Yoluçka”, “Cingil bens” kimi mahnıları Azərbaycan melodiyası ilə bir yerdə sintez eləmişəm. Aranjimana şərq üslubu qatmışam.

 

- Bəs, oxumağınıza irad tutanlar olur?

- Təbii ki, olur. Uzun müddət müğənni kimi fəaliyyət göstərənlərə irad tutaraq, yaxşı və pis oxuduqlarını deyirlər. Zövqlər müxtəlifdir. Mahnı oxuyuram, adam var deyir ki, xoşuma gəlmədi, bəm oxumusan. Amma bilirəm ki, yaxşı oxumuşam. Sadəcə olaraq, o adam yaxşı demək istəmir, paxıllıq edir. Mən “Gangnam style” mahnısını oxuyanda iradlar tutdular. Bütün dünyada o mahnını ifa ediblər. Mənfur düşmənlərimizin mahnısını oxumamışam ki. Mahnının Koreya dilində oxumaq heç də asan deyildi. O mahnı "YouTube"da izləmə rekordunu keçib. Mahnı maraqlı idi, amma qeyri-adi bir şey yox idi, adi mövzu idi. Amma “Youtube” da baxırsan ki, muğam və başqa əsərləri 300 nəfər izləyib. Bəzən elə mahnılar tanınır ki, orada maraqlı bir mövzu olmur.

 

- Əməkdar artist adını alanda qeyd etmisiniz ki, çox az müğənni sizi təbrik edib. Bu da paxıllıqla əlaqədardır?

- Bilmirəm... Məni görəndə bəzi müğənnilər deyirdilər ki, eşitmişik əməkdar artist adını almısan. «Almamışam, veriblər» deyə, cavab verirdim. Almaq bir az pis çıxır. Ətrafdan baxan deyir ki, az yaşı var, amma əməkdar artistdir. Mən 12-13 ildir ki, hörmətli Prezidentimizin və Mədəniyyət və Turizm Nazirliyinin dövlət tədbirlərində iştirak edirəm. Amerikada, Fransada, Almaniyada, Cənubi Koreyada ölkəmizi təmsil etmişəm. Küveytdə festivalfa iştirak etmişəm və qalib olmuşam. Efirdə və konsertdə oxumaq o demək deyil ki, hər müğənni ad almalıdır. Mədəniyyətimizə xidmət göstərmək, musiqimizi təmsil edərək, ölkəmiz adından tədbirlərdə iştirak etmək lazımdır.

 

- İki ildir ki, əməkdar artist adını almısınız. Yəqin ki, xalq artisti adını da gözləyirsiniz…

- İnşallah, qismət olsun. Təbii ki, ada görə çalışmırıq. Deyim ki, əməkdar artist olandan sonra da xasiyyətim dəyişmədi. Dostlarıma və ətrafımdakı insanlara  münasibətim eynidir. Hərdən dostlarım deyirlər ki, əməkdar artistsən, bir az ağır gəl. «Uşaqlar, gələn dəfə qalstuk taxacam və çox ciddi gələcəm deyirəm (gülür). Təbii ki, elə yer var, orada ciddi olmalısan. Yerinə görə hərəkət edirəm. Ən əsası, sadəliyə önəm verirəm.

 

- Tanınmaq, şöhrət sizi dəyişmədi?

- Xeyr. dəyişmədi. Adlarını çəkmək istəmirəm, bəzi müğənnilər var ki, çox dəyişiblər. Baxıram ki, əvvəllər qabağıma qaçanlar, mənim yanımda deyil, başqalarının yanında özlərini çox yuxarıdan aparırlar. Sanki 5 il bundan əvvəlki müğənni deyil. Efirdə iki mahnı oxuyur, dəyişir. Mənim üçün birinci insanlıq, sonra sənət gəlir. Ona görə də dəyişməmişəm. Kiçikdən tutmuş böyüklərə qədər hörmətlə yanaşıram. Sadəlik gözəllikdir və bu, mənim içimdən gəlir. Məni metroda, avtobusda da görə bilərsiniz.

 

- Bəzi şou-biznes nümayəndələri qeyd edirlər ki, bu sahədə yaxın münasibətdə olduğumuz insanlar var, amma dostluq etmirik. Sizin necə, əsl dost deyə biləcəyiniz müğənni varmı?

- Bütün müğənnilərlə münasibətim yaxşıdır, bir-iki nəfəri çıxmaq şərtilə.

 

- Sosial şəbəkələrdə aktivsinizmi?

- Facebooka neçə vaxtdır ki, rahat daxil ola bilmirəm. Yazırlar ki, artıq ulduzluq xəstəliyinə tutulmusunuz, cavab yazmırsınız. Pis çıxmasın, mənə yazanların çoxu qızlardı.

 

- Bəs sevgi təklifləri olur?

- Çox olur (gülür). Qızlar qollarına adımı yazdırıb, ürək işarəsi qoyurlar.

 

- Niyə evlənmirsiniz?

- Əslində, hər gün evdə evlənmək haqqında söhbət gedir. Təbii ki, artıq evlənmək vaxtıdır. Çox gecikmək də olmaz. Başım karyera qurmağa qarışmışdı. Hazırda şükür Allaha, karyeramı qurdum, adım-sanım, hörmətim, evim-eşiyim var. Qismət, inşallah.

 

- Müğənni xanımla evlənərsinizmi?

- Desəm ki, evlənmərəm, hörmətsizlik çıxar. Bu, qismətlə bağlıdır. Yaxşı müğənni xanımlarımız var və gözəl də ailələri var. Bilmək olmaz, gözləmədiyin halda vurula bilərsən. Ona görə də, dəqiq heç nə deyə bilmərəm.

 

- Necə bir xanımla ailə qurmaq istərsiniz. Görünüş önəmlidirmi?

- Yox. Təbii ki, demirəm dünya gözəli ilə evlənəcəm. Hər gözəlin bir eybi var. Deyə bilmərəm, simaca necə xanım olmalıdır. Ən əsası səni başa düşən olsun. Mən gecə saat 4-də də gələ, 10 gün evdə olmaya da bilərəm. İşimlə əlaqədar səfərlərə gedərəm. Buna görə məni başa düşəcək bir xanım olmalıdır.

 

 

Rəqsanə

Tarix
19 Dekabr 2014 [16:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin