Sona Vəliyevanın şeirlər kitabı Londonda nəşr edilib

23:11 - 22 Fevral 2019 - Ədəbiyyat

 Azərbaycan şairi Sona Vəliyevanın "Qar ətri" (The Smell of Snow) şeirlər kitabı ingilis dilində çap edilib.

Şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Kitabın redaktoru Henri Braundur. Kitab "Goodge & Wyse” nəşriyyatında çapa hazırlanıb və "Biddles Books” çap evində nəşr edilib. Adı çəkilən poliqrafiya birliyi İngiltərədə geniş satış şəbəkəsinə malikdir. Kitabın həm də onlayn satışı həyata keçirilir.  

 Topluya şairin 63 şeiri daxil edilib. Kitab dörd bölmədən ibarətdir – Giriş, Ev, Sevgi və Təbiət. Kitaba "Ön söz” yazan tərcüməçi deyir: "Qar ətri” kitabı müasir Azərbaycan poeziyasının (XXI əsr) istedadlı nümayəndələrindən biri olan Sona Vəliyevanı ingilisdilli oxucularla tanış etmək məqsədi daşıyır.

Kitab, həmçinin ingilis dilində müasir Azərbaycan şeiri ilə maraqlanan insanlar üçün də faydalı olacaq. Bu iki kateqoriyadan olan oxucuları nəzərə alaraq, mən şairənin ən yaxşı şeirlərini seçdim və onları şərhlər və izahlarla birlikdə kitaba daxil etdim, çalışdım ki, şərhlərdəki informasiya yükü bir qədər çox olsun”.

 Kitaba şairənin müxtəlif illərdə yazdığı əsasən sərbəst şeirləri daxil edilib. Əsas mövzular sevgi, təbiət və sosial məsələlərlə bağlıdır. Onun şeirləri beynəlxalq dəyərlərə söykənir. Onlarda sözün böyük mənasında, sevgi var – Vətənə, evə, ailəyə, Allaha, təbiətə, dosta, azadlıq və tolerantlıq prinsiplərinə... Dünyada sevgi sayılan dəyərlərin taleyi şairi narahat edir./ artkaspi
 


Xəbər xətti