Sumqayıtda marşrut avtobusunun minik avtobusu ilə toqquşması nəticəsində xəsarət alanlardan 19 nəfəri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıqov deyib. Baş həkim bildirib ki, xəstəxanada müalicə olunanlardan 6 nəfər reanimasiya şöbəsində, 13 nəfər isə palata şəraitində müalicə olunur: "Reanimasiyaya yerləşdirilən 6 xəstənin vəziyyəti orta ağırdır, həyati təhlükə gözlənilmir. Bu gün həmin xəstələr də palataya köçürüləcək. Palata şəraitində müalicə olunanlardan 5 nəfər bu gün ambulator müalicəyə buraxılacaq".
Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib. Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb. Hadisə nəticəsində 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilirb.