İlham Əliyev: "Biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk"

15:46 - 20 Fevral 2019 - Xəbər

Enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib:

“Beynəlxalq maliyyə qurumlarının güclü dəstəyi olmadan bizim birgə səylərimiz faydalı olmazdı. Bu gün toplantımızda dünyanın aparıcı maliyyə qurumlarının - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankının nümayəndələri iştirak edirlər. Fürsətdən istifadə edərək, bu layihə ilə bağlı maliyyə töhfəsinə və bizə olan etimada görə sizlərə təşəkkür edirəm. Bizim nə qədər böyük təşəbbüs və nəhəng layihəni həyata keçirdiyimizi təsvir etmək üçün, zənnimcə, bu toplantıda iştirak edənlərin siyahısını səsləndirmək kifayət edər”.

İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir:

“Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməldaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cu il əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq”.

Xəbər xətti