Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib -Foto

13:39 - 18 Fevral 2019 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı Böyük Britaniyaya səfərini və Baş nazir xanım Tereza Meylə görüşünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev Baronessa Emma Nikolsonun Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafındakı rolunu və verdiyi töhfələri yüksək qiymətləndirdi.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmi vurğulandı, Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu.

Söhbət zamanı ölkələrimiz arasında səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı.

Dövlətimizin başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş etdi.


Xəbər xətti