“Oğlan uşaqlarına qədim zamanlardan üstünlük verilib”

19:35 - 18 Fevral 2019 - Cəmiyyət

Əhməd Qəşəmoğlu: “İndi ailədə uşaqların sayı azaldığına görə, oğlana üstünlük verirlər”
Aydan Nəzərova: “Xeyirsiz oğlan övladındansa, xeyirli qız övladı məsləhətdir”


Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 127 681 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib. Məlumata görə, yeni doğulan körpələr arasında oğlan uşaqlarının faiz nisbəti çoxluq təşkil edir. Belə ki, körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Artıq bir neçə ildir ki, yeni doğulan körpələr arasında oğlan uşaqları çoxluq təşkil edir. Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev deyib ki, dünya təcrübəsində oğlan və qız uşaqları arasında faiz nisbəti 49-51 olmalıdır.

Deputat qeyd edib ki, Azərbaycanda faiz nisbətində belə fərqlənmə subyektiv amillərin, yəni konkret insan müdaxiləsinin göstəricisidir.
M.Quliyev bildirib ki, dünyanın bir çox ölkələrində, xüsusən də Şərq ölkələrində bu problem mövcuddur: “Bu ölkələrdə də qız və oğlan uşaqlarının faiz nisbətində problemi aradan qaldırmaq üçün mübarizə aparılır. Təcrübə göstərir ki, mübarizənin ən uğurlu yolu və forması maarifləndirmədir. İnzibati qaydada şübhəsiz ki, tədbirlər görülməlidir, amma burada insanların tibbi və dini baxımdan maariflənməsinin böyük əhəmiyyəti var”.

Millət vəkili əlavə edib ki, abortlarla mübarizə aparmaq üçün qanun layihəsi də hazırlanıb və yaz sessiyasının iş planına tövsiyə olunub: “Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində xüsusi müddəalar var. Ultrasəs müayinəsi ilə uşağın cinsiyyətinin öyrənilməsinin qadağan olunması, hamiləliyin pozulmasının bir ginekoloqun qərarı ilə deyil, konsiliumun qərarı ilə həyata keçirilməsi, eyni zamanda bu qanunun pozulmasına görə cinayət və inzibati məsuliyyət də nəzərdə tutulur. Ancaq burada insanların maarifləndirilməsi aparılmasa, problemin qarşısını almaq çətindir”.

Qız və oğlan uşaqları arasında faiz nisbətinin pozulmasının mənfi təsirləri haqqında danışan M.Quliyev bildirib ki, bu cür hal gələcəkdə demoqrafik gərginliyə səbəb olur: “Hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Belə olan halda isə subayqalma halları olacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək. Milli mentalitetin qorunması üçün atanın da, ananın da eyni millətdən olması vacibdir, xüsusən də bunun bizim kimi o qədər də böyük olmayan və gənc ölkə üçün böyük əhəmiyyəti var”.

Son illərə qədər hər zaman Azərbaycanda qadınların sayca kişilərdən çox olduğu bildirilirdi. Lakin son 10-20 ilin nəticələri tamamilə fərqlidir. Belə ki, son zamanlarda qız övladlarının bətndənkənar edilməsi və oğlan uşaqlarına üstünlük verilməsi halları xeyli artıb. Bəs görəsən bu nə dərəcədə düzgün yanaşmadır? Övladlar arasında ayrı-seçkilik salmaq fikri haradan qaynaqlanır?

Ta qədim zamanlardan üstünlük verilən oğlan uşaqları

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, ultrasəs müayinəsinin meydana çıxması bu məsələdə çox böyük rol oynayıb: “Belə ki, hamiləlik vaxtı yoxlanaraq qız və oğlan övladı olduğunu öyrənib, qız övladını bətndənkənar, yəni abort edirlər. Qədimdə hər zaman oğlan uşağına üstünlük verilib. Adət-ənənəyə görə, evdə oğlan uşağı dünyaya gələn kimi gözaydınlığı verir, təbrik edirdilər. “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”, “Qız yükü, duz yükü” və s. kimi atalar sözlərimiz də oğlan uşağına nə qədər üstünlük verildiyini göstəricisidir. Bütün bunlar qızlara münasibətin ənənəvi olaraq soyuq olduğunu göstərir. Çünki bir vaxtlar müharibələr olurdu, kişilər evə daha çox gəlir gətirirdi, qız uşaqlarının o vaxtkı hüquqları daha az idi, evdə qalanda yük olurdu. Bu ənənəvi olaraq davam edirdi. İndiki zamanda isə əlavə komponentlər daxil oldu, hazırda bununla bağlı araşdırmalar aparıram. Valideynlər söhbət əsnasında, indiki mühit çox pis olduğunu deyirlər. Əxlaqi və mənəvi cəhətdən cəmiyyətdə çoxlu xoşagəlməz proseslər gedir. Buna görə də, qız uşaqlarının olmasını istəmirlər. Get-gedə də uşaqların ailədə sayı azalır. Əvvəllər ailədə ən azı 5-6 uşaq olurdu, bu zaman fikir vermirdilər. İndi ən çoxu 2-3 uşaq olur, ona görə də, oğlana üstünlük verməyə çalışırlar”.

Sosioloq deyir ki, bəzi deputatlar, jurnalistlər səs-küy salırlar ki, bu demoqrafik cəhətdən çox pis haldır, bir azdan oğlanlarımız evlənməyə qız tapmayacaqlar: “Burda daha çox qorxulu olan mənəvi tərəfdir. Çünki ata-ana öz övladını qətl etmək üçün qərar qəbul edir. Öz uşağını qətl etmək insanların qəlbində gərginlik yaradır və bu cəmiyyətə yansıyır. Lakin demoqrafik cəhətdən problem yaratmır. Çünki oğlan uşağının çox doğulması əslində yaxşı haldır. Çünki bizim ölkə kimi bir yerdə oğlan uşaqlarının bəziləri böyüdükdə ölkəni tərk edir, yaxud müharibədə, qəzada və s. vəziyyətlərdə dünyasını dəyişir. Və 20 yaşına çatdıqda oğlanlar ilə qızların sayı demək olar ki, bərabərləşir. Fikrimcə, 53,4 faiz oğlan və 46,6 faiz qız doğulsa da, burda qorxulu bir şey yoxdur, normal bir haldır. Dediyim kimi burda əsas problem mənəvi tərəfdəndir”.

Ekspertlərin fikrincə, uşaqlar arasında ayrı-seçkiliyə əsasən irsi xüsusiyyətlərə qiymət verən ailələrdə rast gəlinir. Belə ailələrin qərarlarına əsasən nənə, baba, dayı, əmi, bibi müdaxilə edir. Məsələn, nənə, baba deyir ki, oğlumun soyadı yerdə qalmasın deyə oğlan uşağının olması vacibdir. Belə ailələrdə dünyaya gələn oğlan uşağı ilə qız uşağı arasında fərq qoyulur. Qız həmişə ikinci planda olur. Bu tipli ailələrin psixoloji, sosial cəhətdən maarifləndirilməsinə ehtiyac var. Dünyagörüşü, ağlı, savadı olan valideyn heç vaxt övladları arasında ayrı-seçkilik salmaz. Bu, ailədə qısqanclığa, paxıllığa, qardaş-bacı arasında düşmənçiliyə qədər aparıb çıxara bilər.

Xeyirsiz oğlan övladındansa, xeyirli qız övladı...

“Narınc” Uşaq Psixologiya Mərkəzinin baş məsləhətçisi və baş psixoloqu Aydan Nəzərova deyir ki, valideynlər indi daha çox oğlan övladlarının olmasını istəyirlər: “İnsanlar arasında belə bir düşüncə tərzi var ki, oğlan övladı nəslin davamçısıdır. Yəni “Oğlan övladımız olsa nəslimiz davam edəcək, qız övladımız olsa var-dövlətimiz başqa oğlana qalacaq” kimi fikirlər var. Buna görə də bəzi ailələr daha çox oğlan uşaqlarına meyllənirlər. Amma fikrimcə, ata-anaya qalan daha çox qız övladları olur. Çünki valideynlərinin başına bir iş gələn kimi qız övladı daha tez qaçıb özünü çatdırır. Əlində övladlar arasında heç bir fərq qoyulmamalıdır, çünki  hər övladın özünəməxsus özəlliyi, xüsusiyyətləri var. Xeyirsiz oğlan övladındansa, xeyirli qız övladı məsləhətlidir. Elə oğlan uşaqları var ki, onun əvəzində 5 qız uşağı olsa daha yaxşıdır. Ona görə də Allahın verdiyi payla kifayətlənmək lazımdır. Allaha üsyan etməyə haqqımız yoxdur. O, necə məsləhət bilirsə, elə də edəcək”.

“İmkanlı ailələr  oğlan uşağına üstünlük verir”

A.Nəzərova deyir ki, bəzi ailələr qız uşağı dünyaya gələndə ona maraq göstərmirlər: “Düşünürlər ki, əşi qızdır da, çıxıb başqasının evinə gedəcək. Bəzi hallarda təhsil almalarına belə imkan vermirlər. “Ərə verəcəyik, gedəcək” - düşüncə tərzində olduqları üçün qız övladlarının bir peşə, sənət  sahibi olmalarına imkan vermirlər. Nəticə etibarilə qız uşaqları ailədə travma almağa başlayır, qayğı-sevgi görmürlər. Amma mütləq şəkildə övlada təhsil imkanı yaradılmalı, onun peşəyə sahib olmasına valideyn yardım etməlidir. Lakin hazırda elə ailələr var ki, qız övladlarının olduğuna görə, heyfislənmir, öz paylarına şükür edirlər. Bir nüansı da qeyd edim ki, imkanı yüksək olan ailələr daha çox oğlan uşağı istəyirlər. Çünki onlar nəslin davam etməsini istəyirlər. Yaxud elə qaynanalar var, deyir ki, oğlum tək uşaqdır, istəyirəm oğlu olsun və s. Bu kimi düşüncələr oğlan övladının daha çox olmasının üstünlük təşkil etməsinə gətirib çıxarır”.

“Bəh-bəh”lə böyüdülən oğlan uşaqları

A.Nəzərovanın sözlərinə görə, çox zaman ailələr oğlan uşağı dünyaya gəldikdən sonra onu o qədər ərkəsöyün böyüdürlər ki: “Çünki o vaxta qədər hər dediyini edirlər, nə istəyir verirlər, barmağını nəyə qoysa valideynləri onun üçün alır. Bundan sonra da uşaq hər şeyin “Hə” olacağına öyrəşir və birdən “Yox” sözünü eşitdikdə isə tərs reaksiya verirlər. Bu da xoşagəlməz hallara gətirib çıxarır. Axı onlar qadağaya öyrəşməyiblər, “bəh-bəh”lə böyüdülüblər. Bu düzgün deyil. Mütləq şəkildə övladlarımızı doğru-düzgün şəkildə yetişdirməli, onların arasında heç bir fərq qoymamalıyıq ”.

Beş barmağın beşi də əzizdir...

Ekspertlərin fikrincə bir çox valideynlər, baba-nənələr oğlan uşaqlarını nəslin davamçıları hesab etdiklərində görə, düşünürlər ki, ailənin məsuliyyəti onların üzərinə düşür. Hər bir övladın yaxşı xüsusiyyətləri var. Qız uşağı gələcəyin anasıdır, min bir əziyyətlə dünyaya övlad gətirir. Bəzən ardıcıl üç-dörd qız uşağı olan ata nəslinin kəsiləcəyini, adının yerdə qalacağını düşünür. Bu düşüncə tamamilə yanlışdır. Peyğəmbər (s.ə.s) Əfəndimizin də nəslini davam etdirən oğlu olmayıb. Ancaq nəsli kəsilməyib. Bəzən cəmiyyətimizdə qızı olub, oğlu olmayan insana sonsuz deyirlər. Bu, doğru deyil, yalnız və yalnız cahillikdir. Övladlarımızın hamısı bizim üçün əziz olmalıdır. Necə deyərlər, beş barmağın beşi də əzizdir.

Könül Oruc

Xəbər xətti