Cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir

18:23 - 15 Fevral 2019 - KİVDF

Nəzərdə tutulmuş müddətlərə riayət edilmədən verilmiş şikayətin və ya protestin hüquqi qüv¬vəsi yoxdur

Appelyasiya və ya kassasiya instansiyaları məhkəmələrində tərəflərdən hər hansı birinin təşəbbüsü ilə başlanmış mühakimə icraatı şikayəti (protesti) verməyən digər tərəfin iştirakı ilə həyata keçirilir. Bu baxımdan birinci instansiya məhkəməsinin hökm və ya qərarlarından appelyasiya şikayəti (protesti) vermək hüququna malik olan bir şəxsin hər hansı səbəbdən bu hüquqdan istifadə etməməsi, digərinin isə bu hüququ reallaşdırması Cinayət-Prosessual Məcəlləsində müəyyən olunmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququnu məhdudlaşdıra bilməz.

Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi məhkəmənin hökm və qərarlarından apellyasiya və kassasiya instansiyaları məhkəmələrinə şikayət (protest) verilməsini prosessual vəzifə deyil, hüquq kimi müəyyənləşdirməklə cinayət prosesində iştirak edən tərəflərin iradə azadlıqlarını nəzərdə tutur və mülahizələrinə görə belə şikayətin (protestin) müəyyən olunmuş qaydada hansı instansiya məhkəməsinin hökmündən və ya qərarından verilməsini onların öz öhdələrinə buraxır. Adı çəkilən Məcəllənin 32-ci maddəsi ilə cinayət prosesində tərəflərin çəkişməsi tənzimlənir.

Bu maddədə bildirilir ki,  Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə: hər bir tərəf məhkəmədə təmsil olunur; hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir; ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir;. müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; hər bir tərəf heç kimdən asılı olmayaraq müstəqil surətdə öz mövqeyini seçir və onu müdafiə etmək üçün vasitə və üsullarını müəyyən edir (32.2.5.); məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir; məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır; dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir; təqsirləndirilən şəxs sərbəst olaraq təqsirli olduğunu inkar edir və ya özünü təqsirli bilir; mülki iddiaçı iddiadan imtina edir və ya mülki cavabdehlə barışıq sazişi bağlayır;. mülki cavabdeh iddianı qəbul edir və ya mülki iddiaçı ilə barışıq sazişi bağlayır.

Bu maddənin 32.2.5-ci  bəndi xüsusilə maraq doğurur. Yuxarıda qeyd etdiyimiz kimi, həmin maddəsinə görə cinayət mühakimə icraatında hər bir tərəf heç kimdən asılı olmayaraq müstəqil surətdə öz mövqeyini seçir və onu müdafiə etmək üçün vasitə və üsullarını müəyyən edir. Beləliklə, Konstitusiya Məhkəməsi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsində göstərilən şəxslərin hər hansı səbəbdən apellyasiya şikayəti (protesti) vermək hüququndan istifadə etməməsi onların apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından kassasiya instansiyası məhkəməsinə həmin Məcəllədə müəyyən edilmiş hallarda və qaydada şikayət (protest) vermək hüququnu məhdudlaşdırmır.

Konstitusiyanın 60-cı maddəsində öz təminatını tapmış məhkəmə müdafiəsi hüququ cinayət mühakiməsi iştirakçılarının məhkəmə qərarlarından yuxarı məhkəmə instansiyasına şikayət etmək hüququnu da nəzərdə tutur. Bu hüquq Cinayət-Prossesual Məcəlləsinin 410-cu maddəsində də öz əksini tapmışdır.Bu maddə ilə kassasiya şikayətinin və ya kassasiya protestinin verilmə müddəti tənzimlənir.

Belə ki, həmin Məcəllənin 410.1.2 və 410.1.3-cü maddələrinin müəyyən etdiyi qaydalara əsasən, cinayətdən zərər çəkmiş şəxs və prokuror bəraət hökmündən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından, daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yün¬gül¬lüyü və ya məhkumun vəziyyətini ağırlaşdıran digər əsaslar üzrə ittiham hök¬mündən kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malikdirlər. Bu maddələrdə bildirilir ki, bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı gündən 6 (altı) ay müddətində;. daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verə bilər.

Maraqlı şəxslərin yuxarıda göstərilən əsaslarla məhkəmənin qərarından şikayət vermək hüququnun qanunvericilikdə təsbit edilməsi Konstitusiyada bəyan edilmiş insan hüquq və azadlıqlarının təminatlarına əsaslanır və məhkəmə səhvlərinin  tezliklə aradan qaldırılmasına xidmət edir.

Məhkəmə qərarlarından şikayət (protest) verilməsi müəyyən prosessual müd¬dətlərlə tənzimlənir. Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş müddətlər cinayət prosesinin tez və səmərəli keçirilməsinə yönəlib. Prosessual müddətlər proses iştirakçılarının onlara məxsus olan hüquqlardan istifadə etmələri üçün zəruri prosessual təminatdır. Bu məqsədlə Cinayət-Prossesual Məcəlləsində istintaq orqanlarının və məhkəmələrin hərəkətlərindən şikayət vermək üçün real müddətlər nəzərdə tutulmuşdur.
Bununla belə, qanunverici cinayət mühakiməsində məhkumun hüquqi statusuna uyğun, onun hüquqlarını daha da səmərəli qoruyan, cinayət-prosessual xarakteri daşıyan əlavə təminatlar da nəzərdə tuta  bilər. 

Belə təminatlardan biri də Cinayət-Prossesual Məcəlləsinin 410.1.2 və 410.1.3-cü maddələrində nəzərdə tutulan müddətlərdir.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin  6-cı bəndinin (məhkəmə icraatı, məhkəmə qərarlarının icrası qaydalarının Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilməsi) müddəasına uyğun olaraq və humanizm prinsiplərini rəhbər tutaraq qanunverici Cinayət-Prosessual Məcəlləsinin 410.1.2-ci maddəsində bəraət  hökmündən və ya cinayət işi üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 ay, Məcəllənin 410.1.3-cü maddəsində isə məhkumun vəziyyətini ağırlaşdıran əsaslar üzrə məhkəmə qərarlarından 12 ay müddətində  kassasiya şikayəti və ya kassasiya protes¬tinin verilməsini nəzərdə tutub. Bu müddətlərə riayət edilmədən verilmiş şikayətin və ya protestin hüquqi qüv¬vəsi yoxdur.

Cinayət-Prosessual Məcəlləsinin 410.1.2 və 410.1.3-cü maddələrində nəzərdə tutulmuş müddətlər ərzində verilmiş şikayət və ya protest əsasında  işlərə isə kassasiya instansiyası məhkəməsində Məcəllənin  418 və 419-cu maddələrində təsbit edilmiş qaydalar üzrə və müddətlərdə baxılmalıdır.

 

Xəbər xətti