Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər

18:39 - 13 Fevral 2019 - KİVDF

Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Mülki-Prosessual Məcəllənin 357-ci və İnzibati Prosessual Məcəllənin 81-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur.

50-ci maddə ilə tərəflərə aydınlıq gətirilir. Bu maddəyə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. 306-cı maddə ilə xüsusi icraat işlərinə baxılması qaydası tənzimlənir.

Apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər: rayon (şəhər) məhkəmələrinin qətnamə və qərardadlarından, ərazi aidiyyəti üzrə apellyasiya məhkəməsinin mülki kollegiyasına; yerli inzibati-iqtisadi məhkəmələrin qətnamələrindən və qərardadlarından ərazi aidiyyəti üzrə apellyasiya məhkəməsinin inzibati-iqtisadi kollegiyasına;  Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin qətnamə və qərardadlarından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarına.

Mülki-Prosessual Məcəllənin 227-ci maddəsinin tələblərinə görə, bütün məhkəmələrin, o cümlədən, apellyasiya məhkəməsinin qətnaməsi elan edilənədək tərtib olunmalıdır. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədə tərtib edilməli və məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Sədrlik edən eyni zamanda işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan edir.  Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Qeyd edək ki, Apellyasiya şikayətinin məzmunu 361-ci maddə ilə tənzimlənir. Bu maddəyə əsasən, Apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar;  şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.

 Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.
Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
 Bildirək ki, Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

Həmçinin MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilən normada nəzər də tutulan müddət əvvəlki qanunvericilikdə daha az nəzərdə tutulurdu. Belə ki, 01 mart 1965-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 297-ci maddəsinə görə, kassasiya şikayəti və ya protesti, qətnamənin məhkəmə tərəfindən bütöv formada çıxarıldığı gündən on gün müddətində verilə bilərdi. On günlük müddətin bir aylıq müddət ilə əvəz olunması təbii ki, dövlət tərəfindən vətəndaşların hüquq və azadlıqlarının məhkəmə tərəfindən səmərəli qorunması, ədalətli məhkəmə araşdırması hüququnun məhkəmə sistemində daha geniş tətbiqinə xidmət edir
Yuxarıda göstərdiyimiz kimi MPM-in 233.1-ci maddəsinə görə, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Lakin bəzi hallarda konkret prossesual hərəkətlərin edilməsi üçün müddətin müəyyən edilməsi olduqca zərurətli olsa da, hətta qanunvericilik prosessual müddətin məhkəmə tərəfindən müəyyən edilməli olmasına dair müvafiq bir göstəriş təsbit etsədə, bu sahədə məhkəmələrdə kargüzarlığın aparılmasında müəyyən fərqlər meydana çıxır.
MPM-in 128.3-cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 
 Beləliklə MPM-in 128.3-cü maddəsinin təhlilindən çıxış etdikdə illərlə, aylarla, həftələrlə və günlərlə hesablanan prosessual müddətlərin axımının başlanğıcının həmin müddətin təyin edildiyi təqvim tarixindən sonrakı gündən və ya hadisənin baş vermsindən sonrakı gündən hesablanmalı olduğu aydın olur.

Xəbər xətti