Mən, atam, balta, yer, göy və başqaları

15:29 - 13 Fevral 2019 - Ədəbiyyat

Lap uşaqlıqdan ev işlərindən çox həyət-baca işləri ilə məşğul olmağı xoşlayırdım. Xüsusilə atamla birlikdə işləməyi sevirdim . Tərəvəz əkəndə, meyvə yığanda, tənəkləri, ağacları budayanda onun yanında olurdum, bacardığım köməyi edirdim. Yazbaşı atam yer belləyəndə mən də ona qoşulurdum. Bəzən səhər lap tezdən qalxır, atam yuxudan qalxanacan onun təzə belləməyə başladığı sahəni belləyib yarılayırdım – bununla atama sürpriz etdiyimi düşünüb məmnun olurdum. Doğrudur, atam bu işgüzarlıqdan xoşhal olsa da, eyni zamanda məni məzəmmət edirdi ki, ağır işlə özümü çox yormayım. Amma onun mənimçün ağır saydığı bu iş mənə böyük zövq verirdi. 

Payızda odun tədarükü başlananda hətta odun da yarırdım. Düzdür, düyünlü, çətin yarılan kötüklərə yaxın durmurdum, asan yarılan hamarlarını seçirdim. Yaş və hamar kötükləri yarmaq, yarılan kötüyün şaqqıltısı, kənara sıçrayan talaşalar – bütün bunlar mənə ləzzət edirdi (bu an Adriano Çelentanonun filmdəki odun yarma səhnəsi düşdü yadıma).
 Atam məni odun yarmağa qoymurdu, nə vaxt görsə ki əlimdə balta odun yarıram, məni danlayır, baltanı əlimdən alıb anbara aparırdı. Amma o, işə gedən kimi mən götürüb yenə bir-iki kötük yarırdım. 

 Bir dəfə yenə sözə baxmayıb odun yardığımı görən atam baltanı götürdü və anbarın harasındasa gizlətdi. Səhəri gün atam evdə olmayanda mən anbara girib baltanı axtarmağa başladım. Daha atamın sözündən çıxmayacaqdım - odun yarmayacaqdım, amma sadəcə bilmək istəyirdim görüm, baltanı tapa bilərəm, yoxsa yox (yəqin, bu, uşaq oyunlarımızdan qalma bir həvəs idi: uşaqlıqda oyuncaqlardan birini seçib gizlətmə oyunu oynayardıq. Gizlədilmiş oyuncağın tapılma anının sevinci tam fərqli bir duyğu olurdu mənimçün). Baltanı nə qədər axtardımsa da, tapa bilmədim. Anbarı ələk-fələk elədim,  tapılmadı. Odun xərəyinin arxasına, boş çəlləklərin, yeşiklərin içinə baxdım, yox idi. Gümanım gələn bütün yerlərə baxdım, tapılmadı ki tapılmadı. Baltanın tapılmaması mənim ovqatımı elə təlx edirdi ki, özümü oyuncaq gizlətmə oyununda uduzmuş uşaq kimi hiss edirdim.

 Atam işdən qayıdana kimi anbarı bir neçə dəfə yenə axtardım, tapa bilmədim. Səbirsizliklə atamın işdən gəlməsini gözləyirdim. Bilmək istəyirdim görüm o, baltanı axı harda, necə gizlədib ki, mən onu tapa bilmirəm.
  Atam işdən gəlib anbara doğru gedənə qədər keçən müddətdə onu gözdən qoymadım. Düşünürdüm ki, o, anbara doğru gedəndə hiss etdirmədən arxasınca gedib baxacağam görək baltanı haradan götürəcək. Amma onun dalınca atam özü getmədi, odun qalağının yanına gedəndə mənə tapşırdı ki, gedib baltanı gətirim. Mən çaş-baş qalıb dedim: 

- Ata, axı sən baltanı gizlətmisən. Mən onun yerini bilmirəm axı. 
Atam mənim səsimdənmi, ya təhər-tövrümdənmi, ya nədənsə dərhal anladı ki, mən bütün gün balta axtarışında olmuşam. Qımışıb dedi: 

- Aha, deyəsən, yenə məndən xəlvət odun yarmaq istəmisən, amma baltanı tapa bilməmisən, hə?
Mən and-aman elədim ki, vallah, odun yarmaq üçün axtarmamışam, elə-belə axtarırdım ki, görək tapa bilərəmmi. 

Bilmədim, atam sözümə inandı, ya inanmadı, mənə dedi: 
- Gəl dalımca.
Biz anbara girdik. Atam soruşdu:
- Haranı axtarmısan?
Mən dedim:
- Hər yeri. Amma tapa bilmədim.
Atam üzündə hiyləgər bir təbəssümlə:
- Əminsən ki, hər yeri axtarmısan?- deyə bir də soruşdu.
Mən çiyinlərimi çəkib bir az duruxa-duruxa:
- Məncə, hə - dedim.
Atam əlini yuxarı qaldırıb anbarın tavanını göstərdi:
- Bəs ora nesə, ora da baxmısanmı?

Mən başımı qaldırıb yuxarı baxanda baltanı orada gördüm: o, tavanla tirin arasındakı boşluğa ağzı əks tərəfə köndələn qoyulmuşdu. Atamın onu belə məharətlə gizlədə biləcəyi heç ağlıma gəlməmişdi. Bəlkə də, o, baltanı gizlədərkən heç bir xüsusi cəhd-filan eləməmişdi, eləcə içəri girərək tirin üstünə qoyub çıxmışdı. Amma mənə elə gəlirdi ki, mən tapa bilməyim deyə atam onu gizlətmək üçün əməlli-başlı fikirləşib məxsusi yer tapıbdır. 

Atam mənim çaşqın halımı məmnun, eyni zamanda sevgi dolu gözləri ilə süzüb dedi:
- Bir şeyi yerdə axtarıb tapmayanda yadına sal ki, yerdən başqa göy də var. Bəlkə, axtardığın yerdə deyil, göydədir... 
  Atamın bu sözlərini mən heç vaxt unutmadım. Bilirəm ki, o bu sözləri o zaman heç bir xüsusi məqsəd olmadan, sanki bir kəlam söyləyirmiş kimi deyil, sadəcə, baltanın gizlədilmə yeri ilə bağlı vəziyyətə uyğun söyləmişdi.

Amma zaman keçdikcə onun bu sözlərini xatırlamağım onların məna siqlətini hər dəfə başqa bir tərzdə anladır mənə. Dərk edirəm ki, bu sözlər atamın dilindən olmasa da, mütləq hər hansı başqa bir situasiya ilə bağlı başqa birisinin dilindən çıxmalı idi və çıxacaqdı və mənim qulaqlarım da bu sözləri mütləq eşitməli idi və eşidəcəkdi! Çünki güclü və naməlum bir qüvvənin məqsədi o idi ki, bu sözlər mənim yaddaşıma hopsun və zaman-zaman ömrümün hansı məqamdasa qımıldanıb özünü xatırlatsın. 

Xatırladır da...

İMARƏT CƏLİLQIZI

Xəbər xətti