“İnsanlar yaşadıqları gərginlikləri sosial mühitə çıxarır”

18:40 - 12 Fevral 2019 - Cəmiyyət

Əhməd Qəşəmoğlu: “Çalışmaq lazımdır ki, cəmiyyətdə mənəvi dəyərlər maddi dəyərlərdən öndə olsun”
Könül Telmanqızı: “İnsan daxilində olan aqressiyanı azaltmaq üçün şüuraltını lazımsız məlumatlarla doldurmamalıdır”
Elmir Əkbər: “Bizim üçün ən asan yol işdə, ailədə özümüzdən asılı şəxslərə aqressiyamızı göstərməkdir”


Son zamanlar cəmiyyətdə insanlar arasında aqressivlik artıb. Nəqliyyat vasitəsində əlbəyaxa dalaşan, kobud ifadələr səsləndirən, küçədə adi bir şey üstündə bir-birini təhqir edənlərə hər gün rast gəlinir. İnsanlar işdə, ailədə yaşadıqları gərginlikləri sanki başqalarına ötürməyə çalışırlar. Bəzən kənardan kiçik görünən bu hərəkətlər sonda böyük cinayətlərə gətirib çıxara bilir. Bəs görəsən bu problemlərin başlıca səbəbləri nədir? İnsanların bu qədər aqressiv olmasının kökündə nə dayanır?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, insanlarda bu hal indiki dövrün kəşfi deyil: “Bu, min illərdir var. Çalışmaq lazımdır ki, cəmiyyətdə mənəvi dəyərlər maddi dəyərlərdən öndə olsun. Mənəvi dəyərlər öndə olan halda cəmiyyət özü-özünü tənzimləyir, nizam-intizam yaradır. Maddi dəyərlər öndə olduqda isə  cəmiyyətdə çoxlu gərginliklər yaranır. Çox təəssüf ki, yer üzərində maddi dəyərlər önə keçir. Ölkəmizdə bu bir az daha da qabarıq formadadır. Maddi dəyərlərin də get-gedə mühüm rol oynaması mühitdə gərginlik yaradır.

İnsanın davranışının formalaşmasında üç faktor çox güclü rola malikdir. Onlardan biri mühit, ikincisi aldığı informasiyalar, üçüncüsü isə üstünlük verdiyi dəyərlərdir. Cəmiyyətdə gərginlik, işsizlik, iqtisadi çətinliklər, ədalətsizliklər olur. Mühitdə tez-tez insanlar xoşagəlməz hallarla qarşılaşdıqca onlarda neqativ təsirlərdən biri bu olur”.

Ə. Qəşəmoğlu deyir ki, ikinci tərəfdən insanlar çox tez-tez televiziyada, radioda, mətbuatda bu cür halları daha çox aqressiv formada görürlər: “Əvvəllər bu cür şeyləri çox göstərmirdilər. İndi isə göstərilir, bu isə insanlara mənfi təsir edir. Eyni zamanda sosial şəbəkələrdə aqressiv münasibətlər, bir-birinə qarşı kobud ifadələr, kin-küdurət və s. neqativ tərəfləri üzə çıxarır. Yəni, indi elə bir proses gedir ki, cəmiyyətdə pis şeyləri daha çox insanlara göstəririk. Elə bil ki, yaxşı şeylər yaddan çıxıb. Məhəmməd peyğəmbərin (s.a.s) tövsiyəsi var idi ki, hər pislikdə bir yaxşılıq da var. O yaxşılığı da göstərmək lazımdır. Biz isə onun sözlərini yaddan çıxarırıq. Ancaq problemli ailələri, qonşuları, insanları sensasiya ilə, manşetə çıxarmaqla, hay-küylə daha çox sanki reklam edirik. Bu da informasiya tərəfdən insanlara pis təsir edir. Üçüncü isə dediyim kimi dəyərlərdir. Maddiyyat önə keçdiyindən insanlarda gərginliyə səbəb olur. Bu üç amilin yekunu olaraq bu cür davranış formalarının, aqressiyanın artması tamamilə qanunauyğun bir haldır. Yəni, nəticədə elə bu da olmalıdır”.

Psixoloq Könül Telmanqızı isə bildirdi ki, aqressiya ilk öncə kin-küdurət, qəzəb, nifrət kimi əlamətlərdən doğur: “İnsanın uşaqlıqdan yaşadığı hər hansı bir qəzəbi, nifrəti aşa bilməməsi, bunu daxili aləmində yaşatması və müəyyən yaşa kimi gəlməsi ona çox pis təsir edir və baş verən müəyyən bir hadisədən qıcıqlanmağa başlayır. Bu qıcıqlar insanda yığışaraq partlayış həddinə gəlib çıxır. Bu məsələdə insanlar arasında fərqlər var. İnsan var ki, aqressiyasını sərt şəkildə - vurmaqla, döyməklə, sındırmaqla göstərir. İnsan da var ki, kinini tökməklə, qarşısındakı insana nalayiq və təhqiredici ifadələr işlətməklə büruzə verir. Ona görə də aqressiyanın göstəriş forması insanlara görə dəyişir”.

K.Telmanqızının sözlərinə görə, insanlarda bu hal getdikcə artır: “İnsanlar sanki dava etməyə hazır vəziyyətdə gəliblər. Çünki insanlar beyinlərində yaşadıqları gərginlikləri sosial mühitə çıxarırlar. İnsanlar daxillərində olan aqressiyanı sosial mühitdə, nəqliyyat vasitəsində yaxud küçədə rastlaşdığı insana ötürməyə başlayırlar. Ona görə də cəmiyyətdə insanların bir-birinə qarşı reaksiyaları sərt şəkildə olur. Belə ki, insan evdə yaşadığı gərginliyi çöldə sosial mühitə aparır və beynində, şüuraltında yaşatdığı gərginliklər partlayış formasında hər hansı bir nöqtədə baş verir”.

Psixoloq onu da qeyd etdi ki, içki düşkünü, hər hansı bir maddədən istifadə edən insanlar bunu daha çox içki ilə əlaqələndirəcək: “Əgər bu insanın daxilində aqressiyası varsa, zərərli vərdişlərin istifadəsindən sonra bu gərginlik şiddətli şəkildə artmağa başlayır. Təhlükənin başlanğıc siqnalı baş qaldırır. Aqressiyanın insanı çatdırdığı pik nöqtə daxilindəki nifrət və qəzəbini gizlədə bilməməyi səbəbindən hər hansı bir təhlükə yaratması ola bilər. Misal üçün, özünü idarə edə bilməz, yaxud qarşısındakı insana zərbələri zərər yetirə bilər. Və ya evin içində sındırmaqla, dağıtmaqla hər hansı təhlükəyə əl ata bilər”.

Psixoloq məsləhət görür ki, həmin insanlar daxillərində olan mübarizəyə özləri qalib gələ bilmədikləri zaman mütəxəssislərə müraciət etsinlər: “İlk öncə əsəb sistemlərini normaya salmaq üçün müalicələr, kurslar götürsünlər. Daha sonra isə psixoloqlarla işləsinlər ”.

Psixoloq onu da vurğuladı ki, insan daxilində olan aqressiyanı azaltmaq üçün şüuraltını lazımsız məlumatlarla doldurmamalıdır: “Çünki beyni bu cür məlumatlarla doldurduqca insanda gərginlik başlayır. Bununla yanaşı insan özünü heç vaxt kiminləsə müqayisə etməməlidir. Özünə bir seçim etməli və bunun üzərində bir yol getməlidir. İnsanlar həmişə seçim qarşısında olan zaman gərginləşir və bu da onlarda daha kəskin aqressivləşməyə gətirib çıxarır”.

K. Telmanqızı sonda əlavə etdi ki, hətta, aqressiyanın başlıca səbəbi insanın daxilində olan paxıllıqdan başlanır: “İnsanın daxilində olan paxıllıq hissi onu hər hansı bir qəzəbə doğru aparır və bu qəzəb də insanı aqressiyaya gətirib çıxarır. Ona görə də insanlar daxillərində, ruhlarında onları incidən, zədələyən paxıllıq hisslərindən uzaq olmalıdırlar ki, həyatdakı gözəllikləri görə bilsinlər. Bu gözəllikləri gördükcə də, daxillərində olan və gərginliyə aparan aqressiyaya da qalib gələcəklər ”.   

Elmir Əkbərin sözlərinə görə, cəmiyyətimizdə aqressiya halları həqiqətən də artıb və bu bir neçə ümumi və şəxsi səbəblərlə bağlayır: “Bu səbəblərin kökündə cəmiyyəti təşkil edən fərdlərin müəyyən tələbatları durur. Bura elementar qidalanmadan tutmuş, cinsi tələbat, eyni zamanda bir sıra psixoloji tələbatlar daxildir. Bu tələbatların hamısı müəyyən dərəcədə ödənilməlidir. Bunların hansısa ödənilməyəndə onun yerini digər bir səbəb doldurur. Ancaq o yer tutma bir az yalançı olur. Yəni nəticədə insanda reallaşmayan emosiya təftəl şüura qayıdır və orada bir kompleksə çevrilir. O da aqressiya şəkilində özünü büruzə verir”.

Ekspert bildirir ki, həmçinin qidalandığımız qidalar da insanlarda depressiya, aqressiya yaradır: “Xaricdən tərkibi bizə məlum olmayan məhsullar gətirilir. Bu da müəyyən dərəcədə insan orqanizminə mənfi təsir göstərir”.

Həmsöhbətim vurğulayır ki, aqressiyanın büruzə verilməsi də hamıda eyni olmur. Burada insanın dünyagörüşü, intellekti mühüm rol oynayır: “Məsələn, elə bir məqam var ki, həmişə bunu demək istəmirəm. Cəmiyyətimizdə belə neqativ hallar mövcuddur. Soruşanda ki, müəllimlər niyə aqressivdir? Deyirlər ki, maaşları aşağı olduğundan belədirlər. Hətta, müəllim uşağa hirslənəndə deyir ki, “nə qədər maaş alıram ki, sizə görə də əsəblərimi korlayım”. Müqayisə edək: rus müəlliməsi də eyni maaş alır. Ancaq o uşaqların nazı ilə oynayır.

Deməli hansısa səbəblər bizi belə davranmağa vadar edə bilər. İnsanlarda bir az da eqoizm çoxdur. Heç kim təmkin göstərmək istəmir, emosiyalara qapılır. Xaricdə isə fərqlidir. Xaricdə  insanlar emosiyalarını daxildə saxlamırlar. İdmana gedir, incəsənətlə məşğul olur, oxuyurlar. Bu yollarla emosiyalarını çıxarırlar. Bu, bir az kreativlik tələb edilir. Ancaq biz bunları istəmirik. Bizim üçün ən asan yol işdə, ailədə özümüzdən asılı şəxslərə aqressiyamızı göstərməkdir. Bizə hər hansı bir səlahiyyət veriləndə, özümüzü  tam mənalı diktator kimi təsəvvür edirik. Bu işdə, ailədə də belədir. Düşünürəm ki, bunu kökündə tarixi psixoloji məqamlar durur”.

Könül

 

Xəbər xətti