Ginnesin rekordlar kitabına düşmüş ən Qısa Müharibə

19:48 - 11 Fevral 2019 - MARAQLI

Tarixdə ən qısa müharibə 1896-ci ilin oktyabrın 27-də İngiltərə ilə Zənzibar arasında baş verib. Bu müharibə cəmi 40 dəqiqə (bəzi mənbələrdə 38 dəqiqə) davam edib.

Müharibəyə isə Zənzibar sultanı Hamad ibn Tuvaynın ölümü və hakimiyyəti onun əmisi oğlu Xalid ibn Barqaş tərəfindən ələ keçirilməsi səbəb olub. Bu isə İngiltərənin planına uyğun deyildi, çünki İngiltərə sultan taxt-tacında Xamud ibn Məhəmməd ibn Səidi görmək istəyirdi. Hakimiyyətə gələn kimi sultan Xalid ibn Barqaş Böyük Britaniya ilə əlaqələri kəsərək Almaniyaya yaxınlaşmışdı. Bu qərar ingilisləri qane etmədiyindən Böyük Britaniya Zənzibar sultanına ultimatum verərək təslim olmağı tələb etdi.

Qarşı tərəf bu ultimatumu qəbul etmədi və müharibəyə hazırlaşdı. Sultanlığın ordusu cəmi 2800 nəfərdən, dəniz donanması isə bir gəmidən ibarət idi. İngilislər bu müharibədə çətinlik çəkmədən qalib gəldi. 38 dəqiqə ərzində Zənzibar tərəfindən 570 əsgər həlak oldu.

İngiltərə adaya desant çıxartdı və müqavimətsiz sultan sarayını tutdu. Saraydan qaçan sultan Xalid ibn Barqaş Almaniya səfirliyinə sığındı və orada gizləndi. Çünki İngiltərənin köməyi ilə yenidən təşkil olunmuş Zənzibarın yeni hökuməti oun barəsində həbs qərarı çıxarmışdı. Kral dəniz piyadasının əsgərləri isə Almaniyanın səfirliyi qarşısında fasiləsiz növbə çəkirdi ki, keçmiş sultan səfirliyi tərk edən kimi, həbs etsin.

Keçmiş sultanı həbsdən xilas etmək üçün Almaniya tərəfi hiyləgər bir plan həyata keçirdi.  Bu plana əsasən 1896-cı il oktyabrın 2-də limana gələn Almaniyanın “Orlan” kreyserinin qayığı sahilə çıxarılır və matosların çiynində Almaniya səfirliyinin qapısına gətirilir və keçmiş sultan ona yerləşdirilir. Bundan sonra, qayıq eyni qaydada limana gətirilir. Buradan isə Xalid ibn Barqaş sağ-salamat gəmiyə mindirilir. O dövrün hüquq normalarına görə, qayıq gəminin bir hissəsi sayılırdı və harada yerləşməsindən, harada olmasından asılı olmayaraq Almaniya ərazisi sayılırdı. Bu səbəbdən də İngilrərə keçmiş sultanı həbs edə bilmədi.

Müharibədən sonra keçmiş sultan 1916-ci ilədək Dar -əs Salamda yaşadı. Həmin ildə də ingilislər tərəfindən həbs edilib.  Xalid ibn Barqaş 1927-ci ildə Keniyanin Mombasa şəhərində ölüb.
Bu müharibə Ginnesin rekordlar kitabında bəşər tarixində baş vermiş ən qısa müharibə kimi qeydə alınıb.

Xəbər xətti