Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz

18:15 - 11 Fevral 2019 - KİVDF

İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər

"Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb, konstitusiya nəzarəti ideyası qəbul edilib. Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il Qanununda inkişaf etdirilərək öz real təminatını tapıb və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaradıb.

Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırıb.

Qeyd etmək lazımdır ki, sovet məhkəmə sistemi ikipilləli olmaqla, əlavə olaraq işlərə məhkəmədə nəzarət qaydasında baxılmasını da nəzərdə tuturdu. Ali Məhkəmə həm birinci instansiya, həm də kassasiya instansiyası məhkəməsi funksiyalarını həyata keçirməklə yanaşı, həm də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına nəzarət qaydasında yenidən baxmaq hüququna malik idi. Yeni qanunvericilik müxtəlif məhkəmə instansiyalarının səlahiyyətlərinə aid olan bu funksiyaların Ali Məhkəmədə cəmləşməsini aradan qaldırıb və Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi məhkəmə piramidasının zirvəsində dayanır.

Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə və yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təmin olunur. Hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər kəsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ yaranır.

Qeyd edək ki,  Azərbaycan Respublikası  Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin  təmin edilməsi dövlətin ali məqsədidir.  Bu sahədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi də önəmli yer tutur.  “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə  ciddi şəkildə bağlı olduqları öz əksini tapıb. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

 Bundan başqa, «İnzibati icraat haqqında» Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilib. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.

Bu qanunun 73-cü maddəsilə inzibati şikayətin verilməsi müddəti tənzimlənir. Maddəyə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.

  Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (I). Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər (II).

  Azərbaycan Respublikasının məhkəmə icraatı tarixində yeni mərhələnin başlanğıcını qoyan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qəbul edilməsi isə Azərbaycan Respublikası  Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların məhkəmə vasitəsi ilə təmin edilməsinin təcəssümüdür.

 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. 

 Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Konstitusiyanın 63-cü maddəsilə  təqsirsizlik prezumpsiyası tənzimlənir. Bu maddədə bildirilir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.  Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

  “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir.

Xəbər xətti