Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var

18:31 - 8 Fevral 2019 - KİVDF

Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına həyata keçirilir

Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi hüquqi yardım almaq hüququnu təsbit edir. Həmin maddəyə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına həyata keçirilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. 

Bu maddə ilk növbədə yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun reallaşdırılmasına yönəlib. Bunun üçün həm məhkəmədə peşəkar hüquqi yardım almaq hüququnun təminatına yönəlmiş yeni mexanizmlərin yaradılması, həm də mövcud olanların təkmilləşdirilməsi hədəflənir. Ali Məhkəmənin hakimi  Əsəd Mirzəliyev bildirib ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatı kimi çıxış edir. Bu hüquq həmçinin Konstitusiyada təsbit olunmuş digər hüquqlarla, məsələn, qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ  və s. qarşılıqlı əlaqədədir  və onların səmərəli həyata keçirilməsini təmin edir. “Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir.

Bu hüquq işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsini təmin edir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin real bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir.

Məhkəmələrdə yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin ilkin şərtlərindən biri vətəndaşlara göstərilən hüquqi xidmətlərin peşəkarlar tərəfindən aparılmalı olduğunu tələb edir. Həmin peşəkarlar isə sözsüz ki, ilk növbədə vəkillərdirlər”. 
Vəkillərin fəaliyyəti isə “ Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunla tənzimlənir.  Bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilir.

Qanun Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən edir. Bu qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir.  Vəkilliyin əsaslarını isə Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi;vəkillərin hüquqlarının bərabərliyi;özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi təşkil edir.

Əsəd Mirzəliyev bildirib ki,  vəkillər tərəfindən hüquqi yardımın göstərilməsi ona görə məqsədə müvafiqdir ki, onlar ilk növbədə peşəkar hüquqşünaslardır. “Vəkil statusunu yalnız ixtisaslaşmış imtahan verildikdən sonra əldə etmək mümkündür. Bu isə imkan verir ki, həmin imtahanlar vasitəsilə hətta hüquqşünaşlar arasından belə daha layiqli namizədlər seçilsinlər. Digər tərəfdən isə həmin şəxslər vəkil seçildikdən sonra daim ixtisasın artırılmasına dair təlimlərə cəlb edilməli olurlar ki, bu da onların peşəkar hazırlıq səviyyələrinin artmasına səbəb olur”. Hakim bildirib ki, vəkillər həmçinin qeyri-peşəkar nümayəndələrdən fərqli olaraq prosesin peşəkar iştirakçısı kimi məhkəmə icraatının daha sürətli və düzgün aparılmasında məhkəməyə yardım edə bilər, işlərin əsassız şəkildə uzun müddət ərzində baxılmasına gətirib çıxaran lüzumsuz prosessual hərəkətlər aradan qalxar.

“Digər tərəfdən , qanunvericilik vəkillərə öz təşəbbüsləri ilə sübutlar toplamaq imkanı verir və bu da məhkəmə tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması işinə ciddi töhfə verə bilər. Vəkillər həmçinin maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiqi məsələlərində də məhkəmənin diqqətini iş üzrə zəruri hallara yönəltmək baxımından daha hazırlıqlı şəxslərdirlər”
Qeyd edək ki, vəkillik fəaliyyəti  “ Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 4-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. Cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təmsil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsidir.

Vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı aşağıdakı məsələlərdə iştirak edirlər: dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin nümayəndəliyinin həyata keçirilməsində; hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində; ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində; fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində; digər növ hüquqi yardım göstərilməsində.

Bir sözlə, məhkəmədə hüquqi yardımın peşəkar vəkillər tərəfindən göstərilməsi həm tərəflərin özlərinin hüquqlarının daha yaxşı müdafiəsinin təşkili baxımından, həm də ümumən ədalət mühakiməsinin daha səmərəli və ağlabatan müddətlərdə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, inkişaf etmiş əksər ölkələrdə də müəyyən istisnalar çıxılmaqla məhkəmələrdə təmsilçilik bir qayda olaraq yalnız vəkillər vasitəsilə həyata keçirilir. Bu hal bir daha göstərir ki, məhkəmədə təmsilçilik sıradan bir məsələ deyildir və hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi baxımından ümumi konstitusion maraqlar naminə dövlət tərəfindən tənzimlənməli olan sahədir”.

 

Xəbər xətti