Dövlət idarəçilik sistemi müasirləşdirilir

18:11 - 7 Fevral 2019 - KİVDF

Məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər səmərəli idarəetmənin təşkilini zəruri edir

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, sosial və iqtisadi sahədə islahatların həyata keçirilməsi, insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin qəbul olunması insan hüquqlarının müdafiəsində yeni, səmərəli təcrübə formalaşdırıb. Zaman keçdikcə hər yeni inkişaf mərhələsi insan hüquqlarının təmin olunması sahəsində yeni məqsədlər və prioritetlər doğurur ki, bu da yeni islahatların zəruriliyini gündəmə gətirir. 
Bu səbəbdən də dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir.

Cəzaların icrası sahəsində həyata keçirilən islahatlara baxmayaraq, son zamanlar aparılmış təhlillər göstərir ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir. İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur.

Bu səbəbdən də  penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncam imzalayıb.

Sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri; qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunmasıdır.

Bu sərəncamın icrası ilə məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanuna uyğun şəkildə çəkilməsi, məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması təmin edilib; məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrasında korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görülüb, ictimai işlər cəzasının icrasında formalizm tendensiyası aradan qaldırılıb, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarət təmin edilib və edilir.

Azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması üçün cəzaçəkmə müəssisələrində istehsal sahələri bərpa edilib, həmçinin yeni sahələr yaradılıb; penitensiar xidmətin kadr korpusu təkmilləşdirilib, bu sahəyə peşəkar kadrların cəlb olunması təmin edilib; penitensiar müəssisələrin etibarlı mühafizəsinin təşkil edilib; ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən həbs qərarının verilməsində qanunvericiliyin tələblərinə ciddi əməl olunması təmin edilib, şəxsi cəmiyyətdən təcrid etmədən alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilib; cinayət təqibi və cəzaların icrası zamanı qanuna zidd əməllərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizənin gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb və görülür.

Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanaları üçün “yol xəritəsi”dir. Göründüyü kimi Sərəncamın əsas məqsədlərindən biri cəza siyasətinin humanistləşdirilməsidir. Cəza siyasətinin humanistləşdirilməsi dedikdə isə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; cinayətin ictimai təhlükəliliyi amilinə diqqət artırılması: maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan cəza tədbirinin tətbiq edilməsi, azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması nəzərdə tutulur. Cəza siyasətinin humanistləşdirilməsi iki istiqamət də həyata keçirilir. İlk növbədə məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etməlidirlər.

Ümumiyyətlə, Prezidenti tərəfindən imzalanmış adı çəkilən Sərəncam insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ oldu, mahiyyətcə hərtərəfli olmaqla, özündə insan hüquq və azadlıqlarının əsas prinsiplərini, azadlıq hüququnun təmini baxımından isə strateji, yeni və kompleks yanaşmaları, əsaslı dəyişiklik və əməkdaşlığı özündə ehtiva etdi. Həyata keçirilən hüquqi islahatlar insan hüquqlarının genişləndirilməsi baxımından həbs və ya məhkum olunmuş şəxslərin hüquqlarını əhatə etməklə dövlətin sosial məsuliyyətliliyini daha da artırdı.

Cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxsin azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud çətinliklər və zərurət məlum Sərəncam əsasında önə çəkilməklə yanaşı, icrası da dövlətin siyasətinin tərkib elementinə çevrildi.
Milli Məclisin deputatı Vüsal Hüseynov adı çəkilən Sərəncamın hüquq islahatlarının bir hissəsi olsa da, eyni zamanda yeni səhifə açdığını, qanunvericiliyin təkmilləşdirilməsi və institusional quruculuq sahəsində yeni vəzifələrin nəzərdə tutulduğunu bildirdi. 

Xəbər xətti