“Övladlarından aliment tələb etmək valideynlərin təbii haqqıdır”

18:40 - 31 Yanvar 2019 - Cəmiyyət

“Övlad valideyninə könüllü şəkildə baxarsa, aliment üçün məhkəməyə əsas qalmayacaq”
Xəyal Bəşirov: “Əgər övladın əmək qabiliyyəti yoxdursa və həmin valideyn valideynlik hüququndan məhrum olunubsa, bu halda övlad aliment ödəməkdən imtina edə bilər”.
Lalə Mehralı: “Övladlarından aliment tələb etmək valideynlərin təbii  haqqıdır”
Əhməd Qəşəmoğlu: “Uşaqların valideynlərinə aliment verməsinə normal haldır”. 


Qanun icazə verir ki, atılmış valideynlər övladlarından aliment tələb etsinlər. Valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var. Ailə Məcəlləsində əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduqları təsbit olunub. Maraqlıdır, hansı hallarda valideyn öz övladından aliment tələb edə bilər? Və hansı hallarda övlad aliment ödəməkdən imtina edə bilər? Bu qanun uşaqların öz valideynlərini qocalar evinə və sığınacaqlara verməsinin qarşısını ala bilərmi?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Vəkillər Kollegiyasının(VK) üzvü Xəyal Bəşirov bildirdi ki, Ailə Məcəlləsində nəzərdə tutulan aliment hüquqlarından biri də əmək qabiliyyətini itirmiş valideynlərin yetkinlik yaşına çatmış övladlarından aliment tələb etmək hüququdur: “Əgər bu şəxslərin həqiqətən də əmək qabiliyyətləri yoxdursa və özlərini saxlamaq üçün imkanlardan məhrum olmuşdularsa, bu halda onların yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olan övladlarından aliment almaq hüquqları var. Hər ilin sonunda növbəti il üçün Azərbaycan Respublikasında əhalinin müxtəlif kateqoriyalarına münasibətdə qanunla ehtiyac minimumu müəyyənləşdirilir. Bu qanun digər qanunlar kimi Milli Məclisdə qəbul olunur və prezident tərəfindən təsdiq olunur. Burda söhbət uşaqlar, əmək qabiliyyəti olan şəxslər, qocalar ayrı-ayrı kateqoriyalara münasibətdə ehtiyac minimumun məbləği müəyyənləşdirilir. Həmin valideynlər övladlarına qarşı məhkəmədə aliment hüququ qaldırsalar, bu məhkəmə tərəfindən nəzərə alınacaq və o minimum məbləğdə aliment tələb olunacaq. Əgər övladın maddi imkanları çoxdursa və daha artıq aliment vermək hüququna malikdirsə, o halda məhkəmə bunu nəzərə alaraq daha yüksək məbləğdə aliment təyin edə bilər. Bu ehtiyac minimumun məbləği isə 200 manatdan bir qədər aşağıdır”. 

Vəkil qeyd etdi ki, əgər bu cür övladlar valideynlərini könüllü şəkildə saxlayarlarsa, aliment üçün məhkəməyə müraciət etməyə əsas qalmayacaq: “Amma övlad könüllü şəkildə valideynlərini saxlamaqdan boyun qaçırsa, həmin valideynlərin məhkəməyə müraciət eyməyə hüquqları var. Və həmin aliment məbləğini məhkəmə qətnaməsi ilə müəyyən edə bilərlər. Əgər övladın əmək qabiliyyəti yoxdursa və həmin valideyn valideynlik hüququndan məhrum olunubsa, bu halda övlad aliment ödəməkdən imtina edə bilər. Amma digər hallarda ödəməlidir”.
Vəkilin sözlərinə görə, yaşlılara baxmaq üçün dövlət tərəfindən bəzi hallarda müavinət təyin oluna bilər: “Bunu analoji bir hadisə ilə izah edim. Əgər ər-arvad boşanırsa, yetkinlik yaşına çatmayan uşaqlı varsa və 3 yaşına çatmayıbsa, uşağa münasibətdə alimentin təyin olunması ilə yanaşı, eyni zamanda uşaq hansı valideynin himayəsinə verilibsə, o valideynin uşağa baxmasına görə işləyə bilməməyi səbəbindən onun özü də müavinət almaq hüququ var. Əgər yaşlı adamın övladı, yaxud hər hansı bir yaxını ona baxırsa və bu səbəbdən işləyə bilmirsə, bu zaman dövlət tərəfindən müavinət ala bilər. Bunun üçün də müəyyən şərtlər var. Əgər yaşlı adam sərbəst şəkildə yaşaya bilmirsə və ona mütləq kiminsə baxmasına ehtiyac varsa, bu halda mümkündür. Bu da dediyimiz kimi, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla olmalıdır”.

Jurnalist-sosioloq Lalə Mehralı bildirdi ki, bu barədə çox az sayda məhkəmə işləri var. Mental dəyərlər, milli düşüncə tərzi bizə valideyni baş tacı etməyi öyrədib: “Amma təbii ki içimizdə nankor övladlar da çoxdur. Ata-anasını qocalar evinə atan övladların da olduğunu inkar edə bilmərik. Hesab edirəm ki, bu halda valideynin övladından aliment tələb etməsi onun ən real haqqıdır. Övladını bu yaşa çatdırıb, oxudub, sənət və ev-eşik sahibi edib, evləndirib. O valideyn qocalanda övladından diqqət tələb etmək haqqına sahibdir. Necə ki, valideynlər boşandıqdan sonra ata övladını 18 yaşı tamam olana qədər saxlamaq məsuliyyəti daşıyır və əksər hallarda aliment ödəyir. Eləcə də övlad öz valideynin əldən-ayaqdan düşmüş və maddi problem yaşadığı vəziyyətində, xəstəliyində ona maddi dayaq durmalı, dəstək göstərməlidir. Mənəvi tərəfləri bir kənara qoyuram, övlad maddi cəhətdən valideyninə baxmağa borcludur. Bu onun insanlıq və övladlıq vəzifəsi və borcudur”.
Digər bir məsələyə münasibət bildirən sosioloq deyir ki, ölkəmizdə yaşlı valideynlərə baxıldığına görə dövlət tərəfindən aylıq müavinət təyin olunur: “Tanış bir qadın var, yaşlı qaynana və qaynatasına baxdığı üçün bu cür müavinət alırdı. Yəni belə hallar da var. Əgər övlad maddi cəhətdən ata-anasına baxmasında problemlər yaşayırsa bunun üçün müavinətlər var”.

L.Mehralı hesab edir ki, heç bir ata-ana övlad üçün yük deyil: “Əksinə valideynlərimi evimizin bərəkəti, ruzisi, şənliyidir. Övladlarımızın baba və nənələri heç vaxt bizə yük ola bilməz. Bizi dünyaya gətirən, böyüdən insanı qocalar evinə atmaq, təkbaşına buraxmaq, problemləri ilə baş-başa qoymaq olmaz. Hansı ki, onların artıq rahatlıq və dinclik vaxtıdır. Onun maddi və mənəvi çətinliyini kənardan seyr etmək və heç nə etməmək insanlığa və övlada yaraşan bir hərəkət deyil. Bu baxımdan məncə, övladlarından aliment tələb etmək valideynlərin təbii  haqqıdır. Bu cür hallar artsa, qocalar evindəki ata-anaların sayı da çoxalmaz”. 

Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, bu sahədə xoşagəlməz hallar yaranıb. Uşaqların valideynlərinə aliment verməsinə normal baxıram: “Bu məsələdə istənilən bir addımın atılması çox faydalıdır. Valideynlərimiz nə qədər yaşlı olsa da, baba-nənə xəstə olsa da evdə ona baxırdılar. Təəssüf ki, yavaş-yavaş bu adət-ənənə ortadan götürülür. İndi pis vəziyyət yaranıb, qoca bir balaca xəstələnən kimi ona qarşı münasibət dəyişir. Bu insanların bir qismi də məcbur olub qocalar evinə gedir”.
Sosioloq deyir ki, qocalar evi ilə bağlı da ciddi addımlar atılmalıdır: “Mövcud olan qocalar evi nə bizim adımıza, nə də indiki vəziyyətə yaraşır. Bu sığınacaqlarda elə şərait yaradılmalıdır ki, qocalar orda özlərini layiqli insan kimi hiss etsinlər. Digər tərəfdən isə məsələnin çıxış yolu təkcə uşaqların aliment verməsi deyil. Amma bunun müəyyən qədər təsiri varsa, normal baxıram, bu üsuldan istifadə etmək olar. Çünki valideyn ömrünün müəyyən hissəsini övladına həsr edir, maddi-mənəvi əziyyət çəkir. Və əgər qocalan zaman övladları onu saymırsa, aliment tələb etməsi normaldır. Bu vəziyyətdən çıxış yolu deyil. Çalışmalıyıq ki, bu sahədə sosial müdafiə fondunda da tənzimləmə işləri getsin, yaşlılara kömək olsun”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, mövcud qanunun övladların valideynlərini qocalaq evlərinə qoymasına elə də bir müsbət təsiri olmayacaqdır: “Əgər valideynini atan şəxs mənəvi problemləri olan adamdırsa, əksinə valideynə qarşı münasibəti daha da sərtləşəcək, valideyninin tez ölüb ortadan çıxmasını arzulayacaq. Bu istiqamətdə də xoşagəlməz situasiyanı düşünmək olar. Əgər bu insanın valideynlərinə məhəbbəti, mənəviyyatı varsa, məhkəmən aliment müəyyən etməmişdən əvvəl də ona kömək edərdi. Əgər valideyninə kömək etmirsə, alimenti məcbur ödəyirsə, valideyninə qarşı daha da xoşagəlməz münasibəti yarana bilər. Bunu da öncədən nəzərə almaq lazımdır”.

Könül Oruc 

Xəbər xətti