“Valideynlərim uşaq vaxtı məni rəqsə məcbur aparsalar da, indi məni rəqsdən ayıra bilmirlər”

12:16 - 30 Yanvar 2019 - Mədəniyyət

Elnur Arifoğlu: “Valideynlərim uşaq vaxtı məni rəqsə məcbur aparsalar da, indi məni rəqsdən ayıra bilmirlər” 

Həyat təkrarlanmamış bir teatrdır. Bu alqışı olmayan teatrın pərdəsi bağlanmamışdan gülün, musiqi dinləyin, oxuyun, rəqs edin. Rəqs insanın ruhunu oxşayır, həyatı rəqssiz, musiqisiz təsəvvür etmək mümkün deyil. Dünya ölkələrində rəqsin müxtəlif növləri inkişaf edib. Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim tarixə malik olan janrlarından biri də rəqslərdir. Rəqs sənəti çox əsrlik tarixə malikdir. Azərbaycan da öz milli rəqsləri ilə göz oxşayır. Hazırda rəqs sahəsinə maraq göstərənlərin və rəqs öyrənmək istəyənlərin sayı günbəgün artır. Bəzi insanlar rəqsi internet vasitəsilə öyrənsə də, əksəriyyət müəllimlərə müraciət edir. Biz də rəqs müəllimi ilə söhbət etdik. Onun ümumi fəaliyyətindən söhbət açdıq.

“Üç nöqtə” qəzetinin qonağı “Alleqro” rəqs məktəbinin müəllimi Atayev Elnur Arif oğludur. Müsahibimiz deyir ki, uşaq yaşlarında valideynləri onu rəqsə məcbur aparıblar, heç həvəsi də olmayıb. Lakin sonra onda bu sahəyə maraq yaranıb. Bundan sonra da valideynləri onu rəqsdən ayıra bilməyiblər. Bu günə qədər də rəqs müəllimi kimi fəaliyyət göstərir.

- İlk öncə özünüz haqda bir qədər məlumat verin, oxuyucularımız sizi daha yaxından tanısın...
- 1991-ci il martın 13-də Sumqayıt şəhərində anadan olmuşam. Evin ortancıl uşağıyam. 33 saylı orta məktəbdə təhsil almışam. Uşaq yaşlarından rəqsə həvəsim olmayıb, valideynlərim məcbur şəkildə  məni rəqsə aparıblar. Təxminən bir ay könülsüz rəqs məktəbinə getdikdən sonra ona marağım yarandı. Marağımın yaranmasına səbəb isə, oradakı uşaqlar oldu. Onların rəqsi mənim diqqətimi çəkirdi. Valideynlərim uşaq vaxtı məni rəqsə məcbur aparsalar da, indi məni rəqsdən ayıra bilmirlər.

- Yəqin ki, rəqs müəllimi kimi fəaliyyət göstərirsiniz?    
- Artıq 20 ildir ki, rəqslə məşğul oluram. 8 il ərzində isə bir çox yerlərdə müəllim kimi fəaliyyət göstərmişəm. 28 May Mədəniyyət Evi, 4 və 6 saylı klubda fəaliyyət göstərmişəm.  2013-cü ildə isə Musiqili Teatrda işləmişəm. Hazırda isə 5 ilə yaxındır, Sumqayıt şəhərində öz şəxsi məkanımda “Alleqro” rəqs məktəbi adı ilə fəaliyyət göstərirəm.

- Bəs hansı sahə üzrə təhsil almısınız?  
- Çox təəssüf ki, ali təhsil ala bilməmişəm. Ali məktəbə sənədlərimi verdim, lakin ödənişli əsaslarla qəbul olduğum üçün oxumadım. Çünki illik təhsil haqqının məbləği çox yüksək idi.

- Hər bir işin çətin tərəfləri olur. Sizin işinizin maraqlı və çətin tərəfləri nələrdir? 
- Sənətimi sevirəm, mənim üçün maraqlıdır. Amma bununla yanaşı çətin tərəfləri də var. Bu işdə səbrli olmaq ən vacib məsələlərdən biridir. Çünki uşaqlarla işləmək çox çətindir. Hər uşaq evdə bir tərbiyə görüb və onlarla bacarmaq lazımdır. 4-15 yaş arası uşaqlarla işləyirəm. Bu yaşda uşaqlarla işləmək həqiqətən çox çətindir.

- Dediniz ki, rəqsə getməyə həvəsiniz olmayıb. Bəs hansı sahəyə marağınız olub?
- Ümumiyyətlə, hər sənətin özünün gözəlliyi var. Uşaq yaşlarında həkim peşəsinə böyük marağım olub. Həkimlərin insanları sağaltması, onların xəstəliklərinə əlac etmələri, mənə maraqlı gəlirdi. Həkimlik mənə çox yaraşardı, amma qismət... Bundan əlavə, həm də, hansısa idarənin, böyük bir kollektivin direktoru olmaq istəmişəm. Uşaqlıqdan idarəedicilik qabiliyyətim yüksək olub.

- Rəqs sahəsində idealınız, pərəstiş etdiyiniz biri varmı? 
-  Bəli, əməkdar artist Xanlar Bəşirovu idealım hesab edirəm.

- Rəqslərinizdən, videolarınızdan aydın görünür ki, milli rəqslərə üstünlük verirsiniz. Bəs indiki zamanda milli, yoxsa xarici rəqslərə maraq daha çoxdur? 
- İnsanların maraq dairələri fərqlidir. Hamı eyni şeyə maraq göstərə bilməz. Milli rəqs öz yerində qalmaqla, xarici rəqslə də məşğul olmaq lazımdır. Milli rəqs bizim mədəniyyətimizdir. Xarici rəqsi bilmək, bacarmaq və rəqs etmək gözəldir. Bakıda xarici rəqsə üstünlük verən insanlar çoxdur. Amma bununla yanaşı milli rəqsə maraq göstərənlər daha çoxdur.

- İndiki zamanda bəzi insanlar rəqslə məşğul olub, özlərini rəqqas adlandırırlar.  Onlara münasibətiniz necədir? 
-  Bəli, bu gün belələri həddindən artıq çoxdur. Bir neçə ay rəqs öyrənməyə gedənlər də, özlərinə rəqqas deyirlər. Bu, düzgün yanaşma deyil. “Youtube” də sanki artıq bir müəllim olub, oradan baxıb öyrənirlər. Rəqsə indi sənət kimi baxanlar çox azdır. 5-10 ayaqla rəqqas olmur. 

- Artıq bu sahədə 20 il təcrübəniz var və bu az müddət deyil. Daha yaxşı rəqqas olmaq üçün bu müddət kifayətdirmi? 
- İstedadlı gənclərimiz çoxdur. İndiki dövrdə yetişən uşaqlarda böyük istedad var. Baxıb öyrənmə savadına malikdirlər. Amma onları rəqqas adlandırmaq düzgün deyil. Gözəl rəqqas olmaq üçün uzun müddət lazımdır.

- Rəqsi gözəlləşdirən, ona gözəllik qatan nədir? 
- Elə rəqsin özü gözəldir də (Gülür). Həmçinin insanlar da rəqsə gözəllik qatır. Artıq özüm rəqs etmirəm, üstünlüyü tələbələrimə vermişəm.

- Tələbələriniz sizin kimi gözəl rəqs edirlərmi? 
- Bəli, edirlər. Məni keçsələr daha da gözəl olar, amma buna zaman lazımdır. Bir müəllim üçün bundan gözəl hiss ola bilməz.

- Bəs övladlarını yanınıza gətirən valideynlərin əsas istəkləri nələr olur? 
- Gələn deyir ki, müəllim istəyirəm, oğlum toyda gözəl oynasın, gör nə edə bilirsən?. Yəni rəqsə gələnlərin fikri, valideynlərin istəyi, uşağın toyda yaxşı oynamasıdır. İstər qız, istərsə də oğlan, fərqi yoxdur. Qızın qız rəqsi, oğlanın da oğlan rəqs var. Ritmin nə olduğunu bilməyən valideynlər var.

- Ritm demişkən, son zamanlar qızlar ritm oynamağa meyl edirlər. Bir müəllim kimi buna münasibətiniz necədir? 
- Bəli, var. Amma mən onlara bir şey deyə bilmərəm. Hər kəsin şəxsi fikirləri və istəyidir.

- Bildiyim qədəriylə ailəli deyilsiniz, gələcəkdə övladınızın peşənizi davam etdirməsini istəyərsinizmi? 
- Övladlarımın idmançı olmasını istəyərdim. Amma rəqsi bilmələri də yaxşıdır. 

Arzu Məmmədli

Xəbər xətti