Piyadaları vuraraq hadisə yerindən qaçan sürücülər saxlanılıb

21:28 - 29 Yanvar 2019 - HADİSƏ

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 26-da Bakı şəhər sakini S.Şeşbekovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub. Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla qadının Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən və hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, yanvarın 28-də Şəki şəhər sakini B.Allahverdiyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla Baş Göynük kənd sakini olan şəxsin kənd ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının “VAZ-2106” markalı avtomobillə törədildiyi müəyyən edilmiş və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən şəhər sakini R.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Xəbər xətti