Əli Hüseynli: "Avropa Parlamentindəki bəzi şəxslərin, aydın məsələdir ki, Azərbaycanla bağlı niyyəti başqadır"

16:07 - 29 Yanvar 2019 - SİYASƏT

“Azərbaycanla bağlı hər hansı məsələyə aqressiv yanaşan Avropa institutlarının ötən gün Ermənistan qartalları – Vahid Ermənistan Partiyasının sədr müavini Mqer Yeqiazaryanın saxlandığı “Nubaraşen” həbsxanasında aclıq edərək ölməsinə yumşaq yanaşması, bəzilərinin isə susması bu institutların birmənalı ikili standartlara söykənməsini təsdiq edir”.

Ucnoqta.az xəbər verir ki, bunu “Report”a  açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Ermənistandakı olayla müqayisədə bir neçə gün əvvəl Azərbaycanla bağlı sərt mövqe bildirən Avropa strukturlarının qərəzli fərqliliyinin açıq göründüyünü deyən komitə sədri bildirib ki, Avropa Parlamentinin son qətnaməsində Azəbaycandakı bir qrup özünü müxalifət hesab edən şəxslərin qərəzli insanların fikirlərinə əsaslanması onsuz da bunun ciddiliyini şübhə altına almışdı: “Həmin bəyanatın ardınca indi Ermənistanda müxalif partiya rəsmisinin həbsxanada aclıq keçirməsinə, bunun ölümlə nəticələnməsinə, demək olar ki, susan Avropa Parlamentindəki bəzi şəxslərin, aydın məsələdir ki, Azərbaycanla bağlı niyyəti başqadır. Bu niyyət də erməni lobbisinin maraqları altında formalaşır”.

Ə.Hüseynli qeyd edib ki, Azərbaycandakı bəzi şəxslərin göndərdiyi qərəzli məlumatları qətnaməyə çevirən Avropa Parlamenti və digər institutlar, ümumilikdə, bir mərkəzdən – erməni lobbi dairələrindən maliyyələşirlər, idarə olunurlar: “Bu gün Prezident İlham Əliyevin apardığı dəqiq və uğurlu siyasət nəticəsində Azərbaycanın qlobal söz sahibinə çevrilməsi təbii ki, erməni lobbisini narahat edir. Bu narahatlıqlar da özünü yuxarıda qeyd etdiyim məsələlərdə özünü göstərir. Təəssüf ki, ölkə daxilində bir qrup müxalif də onların alətinə çevrilirlər. Onların son mitinq cəhdi və bunu şouya çevirmələri də eyni ssenarinin davamı idi. Amma Azərbaycanda iqtidar-xalq birliyini heç vaxt və heç kim poza bilməz. Onlar, sadəcə, özlərini növbəti dəfə gülünc vəziyyətə qoydular. Hər hansı ideyaya yox, istənilən kiçik məsələni qabartmaqla eloktorat yığmaq cəhdləri əbəsdir. Bu, sadəcə, hərc-mərclik yaratmağa cəhd edərək xaricdən aldıqları sifarişi yerinə yetirməkdir ki, bu hərc-mərcliyə də ölkədə imkan verilməyəcək”.

Xəbər xətti