Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı təkliflər verə bilər

18:29 - 25 Yanvar 2019 - KİVDF

Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur.

Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilib.
Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir. Onun fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.

Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə, habelə Milli Məclisə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə qanunların qəbul edilməsinə və ya yenidən baxılmasına dair, amnistiya elan edilməsi barədə təklif verə bilər. Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur. Onun məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır. Məsələn, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun  yoxlanılmasını xahiş etmişdir. Sorğuda göstərilir ki, Mülki Məcəllənin 965.2-ci maddəsində hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaitinin silinmə ardıcıllığı sadalanmışdır.
Həmin Məcəllənin 965.2.2-ci maddəsinə görə, ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir.

Sorğuda qeyd olunub ki, göstərilən maddədə “əmək haqqı” ifadəsinin “işdənçıxma müavinətlərinin” ifadəsindən sonra yazılması, bu ifadəyə “və” bağlayıcısı ilə birləşməsi belə bir anlama əsas verir ki, həmin maddədə istifadə olunan “əmək haqqı” ifadəsi “işdənçıxma” sözünə aiddir. Bu isə sorğuverənin qənaətinə görə, əmək müqaviləsi ilə işləmiş şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsini nəzərdə tutduğu halda əmək müqaviləsi ilə işləyən şəxslərə əmək haqqının ödənilməsini ehtiva etmir. Təcrübədə belə hüquqi qeyri-müəyyənliyin yaranması işləyən şəxslərin  hüquqlarının effektiv müdafiəsinə mane olur və nəticədə sosial ədalət prinsipi pozulur. Sorğuverən hesab edib ki, Mülki Məcəllənin 965.2.2-ci maddəsi əmək müqaviləsi ilə işləyən şəxslərə əmək haqqının ödənilməsini ehtiva etmədiyindən Konstitusiyanın 25-ci maddəsinin IV hissəsi, 35-ci maddəsinin VI hissəsi və 149-cu maddələrinin I və III hissələri ilə uyğunsuzluq təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sorğu ilə bağlı Konstitusiyanın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktların və əmək qanunvericiliyinin bəzi normaları nəzərdən keçirilməlidir. Konstitusiyasının 16-cı maddəsinin I hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun  sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.

Konstitusiyanın 25-ci maddəsinin I və III hissələrinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır (III hissə). Bu maddənin digər bəndlərində isə qeyd olunub ki, heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar

Konstitusiyanın 35-ci maddəsinə görə, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Bundan başqa, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Konstitusiyanın 149-cu maddəsinin I və III hissələrinə uyğun olaraq  normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da əks olunub. Insan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin 2-ci bəndində, Iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan eyni əmək üçün bərabər haqq almaq hüququ təsbit olunub. Avropa Sosial Xartiyasında və Əmək haqqının mühafizəsi haqqında Beynəlxalq Əmək Təşkilatının 95 saylı Konvensiyasında işçilərin əmək haqqı almaq hüquqlarının heç bir ayrı-seçkilik qoyulmadan mühafizə edilməsi xüsusilə vurğulanıb.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən, əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

(davamı var)

Xəbər xətti