Fərdi identifikasiya kartı vətəndaşın qanuni nümayəndəsinin müraciəti əsasında verilir

18:22 - 23 Yanvar 2019 - KİVDF

Qanuna təklif olunan dəyişikliklərə görə, vətəndaşın qanuni nümayəndəsinin etibarnaməsi əsasında təyin olunmuş şəxsin də bu kartının alınması üçün müraciət etmək hüququ təmin olunacaq

Yanvarın 22-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib. İclacda bəzi qanun və məcəlləyəə dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bunlardan biri “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanundur. Bildirilib ki,  15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində onun şəxsiyyətini təsdiq edən sənəddir. 
Qeyd olunub ki. fərdi identifikasiya kartını “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşın valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı verir. Bir sözlə, qanuni nümayəndəsinin müraciəti əsasında verilir. Vətəndaşın qanuni nümayəndələrinin müəyyən səbəblərə görə fərdi identifikasiya kartının alınması üçün müraciət etmək imkanının olmadığı hallarda digər şəxslərin fərdi identifikasiya kartının alınması üçün müraciətləri ilə bağlı münasibətləri dəqiq tənzimləmək məqsədilə Qanuna bəzi dəyişikliklər təklif olunur. Belə ki, vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin də fərdi identifikasiya kartının alınması üçün müraciət etmək hüququ təmin olunacaq.

Qeyd edilib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna təklif olunan dəyişiklik bu sənədin “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanuna uyğunlaşdırmaq məqsədilə hazırlanıb. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində onun şəxsiyyətini təsdiq edən sənəddir. Buna uyğun olaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 6-cı maddəsinə Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərin siyahısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və pasportu ilə yanaşı, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının əlavə olunması təklif olunur. Bu qanunun 3-cü maddəsilə fərdi identifikasiya kartının verilməsi tənzimlənir. Bildirilir ki, qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə almış 15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla, fərdi identifikasiya kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə verilir.
Verilmiş fərdi identifikasiya kartı vətəndaşın 5 yaşı tamam olanadək etibarlıdır. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. Yuxarıda qeyd edildiyi kimi fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsi ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ərizəyə 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əlavə edilir. Ərizə və ona əlavə edilən sənədlər müvafiq icra hakimiyyəti orqanına daxil olduqdan sonra ən geci 5 iş günü müddətində verilir. 5 yaşı tamam olmuş vətəndaşa fərdi identifikasiya kartının verilməsinə və ya dəyişdirilməsinə görə, habelə fərdi identifikasiya kartının sənədlər müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 3 və ya 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.

Vətəndaşın 5 yaşı tamam olduqda, yaxud bu Qanunun 2.1-ci (Fərdi identifikasiya kartının üzərində vətəndaşın soyadı, adı, atasının adı, cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, kartın nömrəsi və etibarlılıq müddəti, habelə onun valideynlərinin soyadı, adı, atasının adı göstərilir. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartında bu məlumatlardan əlavə, vətəndaşın fotoşəkli də yerləşdirilir) və 2.2-ci maddələrində göstərilən məlumatlar dəyişdikdə, eləcə də bu məlumatlarda səhv aşkar edildikdə və ya kart, yaxud onun elektron daşıyıcısı (çipi) yararsız hala düşdükdə, müvafiq olaraq kart və ya onun elektron daşıyıcısında (çipində) olan məlumatlar dəyişdirilməlidir. Dəyişdirilən fərdi identifikasiya kartı onu verən orqana təhvil verilir (3.4)

Bu qanunun 2.2-ci maddəsində qeyd olunub ki, fərdi identifikasiya kartına yerləşdirilən elektron daşıyıcıya (çipə) qanunun 2.1-ci maddəsində göstərilən məlumatlar; vətəndaşın soyadı, adı, atasının adı dəyişilibsə, əvvəlki soyadı, adı, atasının adı; vətəndaşın yaşayış yeri; vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və əlaqə məlumatları (poçt ünvanı, elektron poçt ünvanı, telefon nömrələri); fərdi identifikasiya kartını verən orqanın adı və kartın verilmə tarixi; “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar daxil edilir.

Bu Qanunun 3.4-cü maddəsində göstərilən hallardan biri baş verdikdə, vətəndaşın qanuni nümayəndəsi fərdi identifikasiya kartının və ya onun elektron daşıyıcısında (çipdə) olan məlumatların dəyişdirilməsi üçün bir ay müddətində fərdi identifikasiya kartını verən orqana müraciət etməlidir.
Fərdi identifikasiya kartının üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin kart müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 1 gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.

 Qanunda qeyd olunur ki, fərdi identifikasiya kartının elektron daşıyıcısına (çipinə) daxil edilmiş məlumatların dəyişdirilməsinə, habelə 5 yaşı tamam olmamış vətəndaşa bu Qanunun 3.3-cü maddəsində göstərilən müddətdə (5 iş günü) fərdi identifikasiya kartının verilməsinə və dəyişdirilməsinə görə dövlət rüsumu ödənilmir 
Bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq fərdi identifikasiya kartının verilməsindən və ya dəyişdirilməsindən imtina etmək qadağandır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi də Milli Məclisdə müzakirə olunub. Bildirilib ki, təklif olunan dəyişiklik doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.
Bu Məcəlləyə təklif edilən digər dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrası ilə bağlı elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi məqsədi daşıyır.

Ailə Məcəlləsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
 

Xəbər xətti