Xalq artisti 75 yaşını doğma teatrın səhnəsində qeyd edib

10:09 - 23 Yanvar 2019 - Mədəniyyət

Yanvarın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində xorvat yazıçısı Miro Havranın pyesi əsasında səhnələşdirilmiş “Qəribə, çox qəribə əhvalat” tamaşası növbəti dəfə təqdim olundu.

Ucnoqta.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tamaşanın bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov, quruluşçu rejissoru Əlif Cahangirli, səhnə tərtibatçısı Xalq rəssamı Nazim Bəykişiyevdir. Rollarda xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov, aktyor Ramin Şıxəliyev çıxış edir.  Ötən ilin yazından repertuarda olan tamaşanın budəfəki nümayişinin bir özəlliyi də vardı. Tamaşada əsas rollardan birini oynayan Xalq artisti Hacı İsmayılov ad günündə səhnəyə çıxmışdı. Görkəmli aktyor 75 yaşını doğma teatrda, yarım əsrə yaxındır fəaliyyət göstərdiyi sənət ocağında tamaşaçılar qarşısında qeyd etdi. Tamaşanı seyr edənlər arasında Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, teatrın bədii rəhbəri-direktoru Azərpaşa Nemətov, yubilyarın sənət dostları, sənətsevərlər vardı.

Tamaşadan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri adından yubilyara təbrik məktubu və hədiyyə təqdim olundu.

Həmçinin sənətkara yubileyi münasibətilə mədəniyyət naziri Əbülfəs Qarayevin təbrik məktubu təqdim edildi.

Naziri Əbülfəs Qarayev Hacı İsmayılovu 75 illiyi münasibətilə təbrik edərək Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də sənətkarın “Şöhrət” ordeni ilə təltif olunması haqqında sərəncam imzaladığını diqqətə çatdırdı: “Biz sevinirik ki, görkəmli aktyorumuz 75 illik yubileyində səhnədə, tamaşaçıların qarşısındadır”. Nazir sənətkara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzuladı.

Hacı İsmayılov 1944-cü il yanvarın 22-də Bakıda doğulub. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1968-ci ildə Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Ötən illərdə bu teatrın səhnəsində tamaşaçı rəğbəti qazanan onlarla xarakterik obraz yaradıb. Aktyorun 1977-ci ildə kinorejissor Rasim Ocaqovun ekranlaşdırdığı “Ad günü” filmində yaratdığı Mustafa obrazı ona geniş şöhrət qazandırıb. Sonrakı illərdə sənətkar bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar oynayıb. Hacı İsmayılov 1989-cu ildə respublikanın Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.


Xəbər xətti