İki qadın gömrükdən daxili orqanlarında narkotik keçirmək istədi- Foto

14:54 - 21 Yanvar 2019 - Xəbər

 Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşları - iki qadın gömrük nəzarətindən keçən zaman özlərini şübhəli, narahat apardıqları üçün saxlanıb və şifahi sorğu-sual aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, sorğu-sual zamanı onlardan üzərlərində qadağan olunan və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmet, o cümlədən də narkotik vasitə və psixotrop maddələrin olub - olmaması soruşulub. Vətəndaşlar isə öz növbəsində üzərlərində gömrük nəzarətinə təqdim edilməli hər hansı predmetin olmadığını bildiriblər.
Lakin daxili orqanlarında narkotik vasitə gizlətdikləri ehtimal olunaraq onların tibbi müayinədən keçmələri qərara alınıb. Həkim yoxlamasından keçərkən qanunsuz əməllərinin üstünün açılacağını başa düşən qadınlar çıxılmaz vəziyyətdə qalaraq daxili orqanlarında narkotik vasitələr gizlətdiklərini etiraf ediblər.
Beləliklə, birinci qadının daxili orqanında 1 ədəd bükümdə ümumi çəkisi 49 qram olan, ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin və ümumi çəkisi 287 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digər qadının daxili orqanında isə 1 ədəd bükümdə, ümumi çəkisi 236 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti