“AtaSığorta” ASC 2018-ci ilin nəticələrini açıqladı

12:59 - 21 Yanvar 2019 - Xəbər

“AtaSığorta” ASC 2018-ci il üzrə ilkin maliyyə nəticələrini açıqlayıb.

Şirkətdən Ucnoqta.az-a verilən məlumata əsasən cari il ərzində şirkətin ümumi sığorta haqqı yığımları 22,4 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 8,7 milyon manat (63,5%) artmışdır. “AtaSığorta” ASC 2018-ci il ərzində 10,6 milyon manatdan çox sığorta ödənişi həyata keçirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 5,6 milyon manat (111,1%) olub.

Aktivlərinin ümumi həcmi 30 milyon manata yaxın olan şirkət cari il ərzində nizamnamə kapitalını 2,2 milyon manat (17,7%) artıraraq 14,6 milyon manata çatdırmışdır. Cari ildə sığorta haqqı yığımlarının artması ilə əlaqədar olaraq sabitləşdirici ehtiyatlarla birlikdə 01.01.2019-cu il tarixə sığorta ehtiyatları 17,8 milyon manat hesablanıb.

2018-ci ildə “AtaSığorta” ASC öz müştərilərinə 4 yeni könüllü sığorta məhsulu təqdim edib. Xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. 2018-ci ildə şirkət 1 yeni filialı və 1 yeni nümayəndəliyi müştərilərin istifadəsinə verib.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir və cari ildə 15 yaşını qeyd etməyə hazırlaşır. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.

Xəbər xətti