Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsini vacib sayır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
Qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. Bu baxımdan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qaydaların qeyri-müəyyənliyi hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək konstitusiya hüququnu poza bilər. Qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır.
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.9-cu maddəsinə əsasən, qanunda normaların həddindən artıq detallaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.Bu maddənin digər bəndlərində qeyd olunub ki, vəzifəli şəxsin diskresion səlahiyyətlərinin genişləndirilməsi üçün ikimənalı və təcrübədə az yerini tapan terminlərdən, məfhumlardan (anlayışlardan) və xülasələrdən, qiymətləndirmə xassəli kateqoriyalardan istifadə edilə bilməz. İcra hakimiyyəti orqanı normativ hüquqi aktları yalnız öz səlahiyyətləri daxilində qəbul etməlidir və digər icra hakimiyyəti orqanının fəaliyyət dairəsinə müdaxilə edə bilməz.
Qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir. Bu qanunun 65-ci maddəsilə hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri tənzimlənir. Bildirilir ki. hüquqi boşluqlar bu və ya digər məsələnin hüquqi tənzimlənməməsi nəticəsində, normativ hüquqi aktın tənzimləmə üçün istifadə edilmədiyi halda, habelə normativ hüquqi aktın mətninə hüquq pozuntularına görə vəzifəli şəxslərin məsuliyyətini nəzərdə tutan və onların fəaliyyətinə nəzarəti tənzimləyən sui-istifadə əleyhinə preventiv normalar daxil edilmədikdə yaranır.
Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amillərinə hüquqi tənzimləmədə boşluqların mövcudluğu; inzibati prosedurların olmaması; müsabiqə (hərrac) prosedurlarının olmaması; konkret fəaliyyət sahəsində vəzifəli şəxslər üçün qadağa və məhdudiyyətlərin olmaması; hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi; dövlət orqanlarına, vəzifəli şəxslərə nəzarətin, o cümlədən ictimai nəzarətin müəyyənləşdirilməməsi; informasiyanın şəffaflığı rejiminin pozulması. Aiddir Hüquqi tənzimləmədə boşluqların mövcudluğu hüququn tətbiqi zamanı boşluğun dövlət orqanının (vəzifəli şəxsin) mülahizəsinə görə doldurulmasına imkan verməməlidir. Bu və ya digər fəaliyyət növü üzrə dövlət orqanına həvalə edilmiş funksiyaların həyata keçirilməsi tənzimlənməlidir. İnzibati akt həm vəzifəli şəxs üçün, həm də fiziki və hüquqi şəxslər üçün normativ hüquqi aktın mətnindən onlara əvvəlcədən məlum olan müəyyən prosedur üzrə qəbul edilməlidir və hərəkətlərin qayda və müddətləri müəyyən edilməlidir. İmtiyaz verən konkret hüququn verilməsi (hüquqi vəziyyətin yaradılması) üçün namizədin seçilməsi ilə bağlı hərəkətlər müsabiqə (hərrac) prosedurlarına uyğun həyata keçirilməlidir. Konkret hüququn inzibati qaydada verilməsinə (hüquqi vəziyyətin inzibati qaydada yaradılmasına), habelə müsabiqələrin (hərracların) keçirilməsi zamanı diskresion səlahiyyətlərin geniş olmasına yol verilmir.
Normativ hüquqi aktda vəzifəli şəxslərin hüquq pozuntularına görə hüquqi məsuliyyətə dair aktlara uyğun gələn məsuliyyəti haqqında, habelə vəzifəli şəxslərin hərəkətindən (hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyü ilə bağlı normalar əks olunmalıdır. Normativ hüquqi aktda dövlət orqanının (vəzifəli ºəxslərin) daha çox əhəmiyyətli fəaliyyət istiqamətlərinə nəzarətin, o cümlədən ictimai nəzarətin mümkünlüyünü təmin edən normalar əks olunmalıdır. Normativ hüquqi aktda dövlət orqanlarının informasiya açıqlığını təmin edən normalar əks olunmalıdır. Konkret məsələ üzrə qərar qəbul edilməsində əhəmiyyət kəsb edən informasiyanın fiziki və hüquqi şəxslər üçün qapalı informasiya kimi müəyyən edilməsinə, habelə normativ hüquqi aktda belə informasiyanın əldə olunmasının mümkünlüyünün və qaydasının müəyyən edilməməsinə yol verilmir.
Hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi isə məhz məhkəmə təcrübəsi vasitəsilə aradan qaldırılır. Bu zaman məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır. Məhkəmə dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması öz-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər.
Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin müddəalarının kifayət qədər ümumi ifadələrə malik olduğunu və icra məmuruna işin konkret hallarını nəzərə alaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmək məsələsində geniş mülahizə sərbəstliyi verdiyini qeyd edir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu cür tədbirin görülməsinə əsas ola biləcək faktiki hallar kifayət qədər müxtəlifdir. Belə tənzimləmə icra üzrə icraat çərçivəsində işin hallarının müxtəlifliyi və çoxvariantlılığı ilə izah olunur. Bu baxımdan yuxarıda qeyd olunduğu kimi, qanunun müvafiq müddəalarının hər bir vəziyyəti nəzərdə tutacaq səviyyədə formalaşdırılması mümkün deyil.
(davamı var)