20 Yanvar faciəsindən 29 il ötür

00:01 - 20 Yanvar 2019 - Xəbər

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümüdür.

Belə ki,  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Hər il faciənin ildönümündə milyonlarla insan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.
Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Allah şəhidlərimizə rəhmət eləsin ...

Xəbər xətti