Avropalıların "Rədd olsun bir pors, yaşasın yarım pors!" sərsəmliyinə qahmar çıxması

16:56 - 18 Yanvar 2019 - Xəbər

"Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətli ölçüdə dərinləşdirilməsini ehtiva edən və bu il imzalanması gözlənilən sazişlə bağlı aparılan danışıqların normal məcrada inkişafından narahat olan antiazərbaycan qüvvələrin varlığı heç kimə sirr deyil".

Bunu Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib. DANİB sədrinin sözlərinə görə,  bunlar demək olar ki, fasiləyə çıxmadan çalışırlar. Sadəcə biz bu cinahın bəzən yaxın, bəzən də uzaq məsafədən açdığı atəşin səsini eşidirik. Mövzuyla bağlı vurğulanması vacib olan bir neçə önəmli məsələ var. Bunlarla bağlı fikirlərimi geniş şəkildə yazmağa xüsusi ehtiyac görmədiyimdən sadəcə bir neçə məqamın üzərində dayanacam: "Regionda geosiyasi aktorların gedişlərini davamlı izləyənlər yaxşı anlayır ki, ölkəmizlə münasibətlərin pisləşməsinə xidmət edən bolşeviklərin Azərbaycanı işğal etdikləri ilk dövrlərdə irəli sürdükləri "rədd olsun papaq, yaşasın kepka" devizindən daha məntiqsiz görünən "rədd olsun bir pors, yaşasın yarım pors" sərsəmliyi və prinsipsizliyilə ilə "aclıq" aksiyası keçirdiyi iddia olunanın müdafiəsi üçün qəbul olunduğu deyilən dünənki qətnamə heç Avropa İttifaqının da mənafeyinə xidmət etmir. Bu baxımdan məlum qətnamənin qəbulu bir yandan Avropa Parlamentinin deputatlarının birtərəfli qaydada və yanlış informasiya vasitəsilə yönləndirilməsindən qaynaqlanırsa, digər tərəfdən isə məlum "aclıq aksiyası" şousunun öncədən planlaşdırıldığının və müvafiq lobbi qruplarının məqsədyönlü fəaliyyətindən irəli gəlir. Bu əsnada təbii ki, beşinci kalonun fəallığını artırmasını da diqqətdən kənarda qoymaq olmaz.

Doğrudur, real faktlara, həqiqətə söykənəcəyi halda fərdi qaydada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çağırışları hardasa normal qəbul etmək (bunun təzyiq alətinə çevirilməməsi şərtilə) olar. Ancaq heç kim məni və eləcə də ictimaiyyətimizi 30 ilə yaxın müddətdə məcburi köçkün olan bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistanın cinayətkar hakimiyyətinə qarşı sanksiya tətbiqindən yayınan bir qurumun bu tip qərarlarının səmimiyyətinə inandıra bilməz!
Rəsmi qurumların açıqlamalarını bir kənara qoya bilərik, bəs Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstromun müzakirələr zamanı etdiyi çıxışda Aİ ölkələrinin Azərbaycandakı diplomatlarının Mehman Hüseynova baş çəkdiyini və onun aclıq aksiyasını dayandırdığını deməsinin də antiazərbaycan qüvvələrin mövqeyində hər hansı dəyişikliyə səbəb olmamasını necə izah edək?!

Əminəm ki, Cənab Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarının qorunmasıyla bağlı həyata keçirdiyi qətiyyətli siyasət dövlətimizi əl buyruqçusu rolunda görmək üçün davamlı fəaliyyətdə olan ermənipərəsət xarici dairələrin alətinə çevrilənlərin iştirak etdiyi bu "layihəni" də uğursuzluqla bitirəcək və Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq. Bu birmənalıdır! Ancaq bir məsələnin üzərindən sükutla keçsəm olmaz. Qətnamədə xüsusi vurğulanan məqamlardan biri də ölkəmizdə LGBT "icma"sı adlanan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müddəanın olmasıdır. Görəsən Azərbaycan əlehinə qəbul edilən hər bir sənədi doğum günləri kimi sevinclə qeyd edən radikallar bu qətnamənin hansı tələbinə görə daha çox şad olublar?!"

Xəbər xətti