OPEC+un Nazirlər Komitəsi martda Bakıda toplaşacaq

14:26 - 18 Yanvar 2019 - Xəbər

OPEC+ sazişinin icrasına dair Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası mart ayının 18-də Bakıda keçiriləcək.

“Report” OPEC-in məlumatına istinadən xəbər verir ki, OPEC və qeyri-OPEC ölkələrinin (OPEC+ formatı iştirakçıları) iştirak edəcəyi görüşdə həm də bu ay qüvvəyə minən yeni OPEC+ sazişinin icrası da monitorinq ediləcək.
Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC və qeyri-OPEC nazirlərinin V müşavirəsində 2018-ci il oktyabr ayı səviyyəsinə nisbətən gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılıq əldə edilmişdi. Yeni qərara əsasən, Azərbaycan 2019-cu ilin yanvar ayından gündəlik hasilatı təqribən 20 min barel azaltmaq öhdəliyi götürüb.

Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumata görə, OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komissiyasının (JTC) 27-ci iclası isə martın 17-də baş tutacaq. "OPEC Katibliyindən Energetika Nazirliyinə daxil olmuş məktubda Birgə Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq 17-18 mart 2019-cu il tarixində keçirilməsi təklif olunub",- məlumatda bildirilib.
Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEC çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib. 2016-cı ildən etibarən Azərbaycan OPEC+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib. 

Xəbər xətti