“Məktəblərdə mobil telefon əyləncəsindən kitaba dönüş hərəkatına başlamaq lazımdır”

20:09 - 18 Yanvar 2019 - Cəmiyyət

Məlahət Mürşüdlü: “Uşaqların məktəbdə telefondan istifadə etməsi birmənalı şəkildə qadağan edilməlidir”
Kamran Əsədov: “Fransada məktəblərdə mobil telefondan istifadəyə qadağa qoyulması təcrübəsi heç tərəddüd etmədən bizdə də tətbiq olunmalıdır”


Texnologiyalar günü-gündən inkişaf edir və həyatımızda mühüm rol oynayır. Sözügedən texnoloji vasitələrdən biri də mobil telefonlardır. Mobil telefonlar nə qədər bizə lazımlı vasitə olsa da, bir o qədərdə ziyanlıdır. Demək olar ki, əsasən də məktəblilərdə öz əks təsirini göstərir və bu da valideynləri narahat edir. Hətta bəzi şagirdlər məktəblərdə dərs saatı zamanı müəllimləri çəkərək, sosial şəbəkədə paylaşır və o müəllimləri lağa qoyurlar. Mobil telefondan istifadə qaydası fövqəladə  hal olmadıqda, məktəbdə ərazisində istifadəsi şagirdlərə qadağan olunmalıdır. Mobil telefon şagirdlərin dərsdən yayınmasına, onların mobil telefondan lazımsız məqsədlərə istifadə etməsinə yardımçı olan vasitədir. Ekspertlər məsləhət görür ki, məktəblərin girişində qoruyucu şkaflar quraşdırılsın və şagirdlər təhsil ocağına daxil olarkən, telefonu elə həmin şkafa qoysunlar.

Hazirda bəzi valideynlər övladları az yaşlı olarkən belə, onlara mobil telefondan istifadə qaydasını öyrədirlər.Şagirdlər dərsə gedərkən belə özləri ilə mobil telefon aparırlar. Valideynlər özləri bilmədən övladlarına zərərli vasitədən istifadə etməsini qadağa qoymurlar. Maraqlıdır, bu barədə ekspertlərimiz nə düşünür? Şagirdlərin məktəblərdə mobil telefonlardan istifadə etməsi nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, orta məktəblərdə təhsilin keyfiyyətinə mənfi təsir göstərən vasitələr ilə bağlı  “Ümumi təhsil haqqında” yeni qanun layihəsində müəyyən təkliflər yer alıb: “Dünya ölkələrində təhsilin keyfiyyətinə mənfi təsir göstərən vasitələrin qarşısının alınması üçün müxtəlif təcrübələr var. Bizdə də belə bir qadağa əvvəllər bir neçə məktəbdə tətbiq olunub. Amma bu, valideynlərin narazılığına səbəb oldu. Onlar bildirdilər ki, biz öz övladımızla əlaqə saxlamaq istəyirik. Nəticədə həmin məktəblərdə yenidən mobil telefondan istifadəyə icazə verildi. Dünyanın əksər qabaqcıl ölkələrində məktəbin girişində mobil telefonlar uşaqlardan toplanır və onlar xüsusi qutularda saxlanılır.
Dərs bitdikdən sonra isə telefon uşaqlara təhvil verilir. Bu metodu bizdə də tətbiq etmək olar. Çünki hər məsələyə münasibət heç də həmişə birmənalı olmur. İstənilən halda narazı qalan tərəflər olur. Ona görə də tam qadağa qoymaq mümkün olmur. Albert Eynşteyn deyirdi ki, mən atomu ona görə kəşf etmədim ki, insanlar ondan bomba düzəldib bir-birini məhv etsinlər. Həmçinin texnologiyaların inkişafının da müsbət tərəfi çoxdur. Amma bu o demək deyil ki, onlardan ifrat dərəcədə istifadə edilsin. Mobil telefon əlaqə vasitəsidir. Amma şagirdlərin əksəriyyəti məktəbdə, küçədə, evdə bütün günü əllərindəki telefona aludə olublar. Bunun nəticəsidir ki, bu gün “Mavi balina” kimi təhlükəli oyunlar meydana çıxıb. Hesab edirəm ki, belə məsələlərin həlli üçün yeni metodlar olmalıdır”.

K.Əsədovun sözlərinə görə, 2018-ci ildə Fransa hökuməti orta məktəblərdə şagirdlərin telefondan istifadəsinə qadağanı nəzərdə tutan qanun qəbul edib. Həmsöhbətim bunun düşünülmüş bir qərar olduğunu hesab edir: “Bir çox inkişaf etmiş ölkələrdə məktəblərin girişində telefonla danışmaq imkanını məhdudlaşdıran xüsusi qurğular quraşdırılıb. Bütün hallarda məktəblərdə və ali təhsil müəssisələrində şagirdlərin və tələbələrin telefondan istifadəsi neqativ hal kimi qiymətləndirilməlidir. Bu tədris prosesini pozmaqla yanaşı şagirdlər arasında təhsilə diqqəti azaldır, zərərli vərdişlərin əmələ gəlməsinə səbəb olur, ümumiyyətlə təlim-tərbiyə prosesinə mənfi təsir edir. Bu qərar bizdə də qəbul olunsa, çox yaxşı olar. Çünki sinifdə dərs vaxtı üçün müəyyənləşdirilən 45 dəqiqə standart davamiyyətin yoxlanması, dərsin izahı, tapşırıqların həlli üçün elə də böyük vaxt deyil. Bunun da bir hissəsi telefon danışıqlarına və digər telefon əyləncələrinə sərf olunarsa, tədris mümkün olmayacaq. Ona görə də dərs prosesini pozacaq bütün kənar vərdişlər və cihazlara qadağa qoyulmalıdır”.

Ekspert deyir: “Şagirdlər sosial şəbəkələrdən geniş şəkildə istifadə edirlər ki, nəticədə də tez-tez məktəblərlə bağlı xoşagəlməz görüntülər yayılır. Düzdür, bəzi valideynlər uşaqlarla əlaqə saxlamaq üçün ona telefon verdiklərini desə də bunun heç bir əsası yoxdur”.
Təhsil eksperti hesab edir ki, Fransada məktəblərdə mobil telefondan istifadəyə qadağa qoyulması təcrübəsi heç tərəddüd etmədən bizdə də tətbiq olunmalıdır: “Fikrimcə, Təhsil Nazirliyi dərhal müvafiq addım atmalı, fövqəladə zərurət olmadıqca məktəb ərazisində mobil telefondan istifadəni şagirdlərə qadağan etməlidir. Digər bir zəruri addım isə məktəblərin yaxınlığından qəlyanxanaların dərhal yığışdırılmasıdır. Bu məsələdə ictimaiyyətin, özəlliklə də valideynlərin dəstəyi vacibdir. Nəhayət ki, Fransada olduğu kimi, məktəblərdə mobil telefon əyləncəsindən kitaba dönüş hərəkatına başlamaq lazımdır. Rusiyanın Təhsil Nazirliyi də bu cür qərar verilməsi barədə təşəbbüsü dəstəklədiyini bildirib. Yəni mənfi tendensiyaya qarşı bizim də vaxtında reaksiya verməmiz məqsədəuyğun olardı. Başqa bir misal da deyim ki, bir neçə il əvvəl Tacikistan parlamenti təhsil müəssisələrində mobil telefonlardan istifadəni qadağan edən qanun qəbul edib. Yeni qanunda təkcə məktəblilər və tələbələrin deyil, müəllimlərin də təhsil müəssisələrində mobil telefondan istifadəsinə qadağa qoyulur. Bu qadağanı pozanları yüksək miqdarda cərimə gözləyir”.

K.Əsədovun fikrincə, elektron vasitələr, mobil telefonlar şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxarır: “Ona görə, hətta müəllimlərin belə mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki, dərs zamanı müəllimə zəng gəlir, o bayıra çıxdıqda dərsin gedişatı pozulur”.

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, uşaqların məktəbdə telefondan istifadə etməsi birmənalı şəkildə qadağan edilməlidir: “Bəzi məktəblərdə, xüsusən də özəl liseylər, xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən məktəb nümunələrində mobil telefonlar uşaqlar dərsə gəldikdən sonra yığılır və müəyyən dolablarda saxlanılır. Dərs saatı bitdikdən sonra şagirdlər həmin telefonlarından istifadə edə bilirlər”.
Ekspert deyir ki, bunun tamamilə qadağa edilməsi, şagirdlərin məktəbə mobil telefonsuz gəlməsi qeyri-mümkündür. Çünki indi elə dövrdə yaşayırıq ki, şəhərdə sıxlıqdır, müəyyən hadisələr baş verə bilər, valideyn isə işdə olur, övladının sağ-salamat dərsə gedib-gəldiyini bilmək istəyir. Buna görə də şagirdlərin məktəbə telefon gətirməsini tamamilə qadağan etmək olmaz. Bunu müəyyən çərçivədə etmək olar.
Dediyim kimi, bunu etməkdə çətin deyil, məktəbə çatan zaman uşaqlar valideynlərinə zəng vururlar və sonra telefonlarını sinifdə qoyulmuş dolaba yerləşdirirlər. Düşünürəm ki, bizim orta məktəblərdə bu tətbiq olunmalıdır. Bu qaydadan istifadə etmək lazımdır ki, sonra yersiz hadisələr olmasın. Bəzən dərs saatında şagirdlər arxada oturaraq başqa bir virtual həyat yaşayırlar. Bundan əlavə imtahanlar zamanı sualların göndərilməsi, cavabların alınması kimi neqativ halların baş verməsi üçün düşünürəm ki, bu təcrübədən istifadə etmək və bunu bizim orta məktəblərdə də tətbiq etmək lazımdır”.

Ancaq şagirdləri tənqid edirik, müəllimlər də çox zaman dərslərdə mobil telefondan istifadə edir. Onda əgər şagirdlərə dərs saatı zamanı istifadəsi qadağan olunursa, müəllimlərdə bu qadağaya əməl etməlidirmi? M.Mürşüdlü bildirir ki, bu artıq müəllimin peşə etikasının tələb etdiyi bir məsələdir: “Açıq şəkildə desək, vicdan məsələsidir. Əgər, müəllim mobil telefonla sinfə girirsə, dərs prosesində bundan istifadə edirsə, o müəllim heç zaman sinifdə nizam-intizam yarada bilməz. Və şagirdlərin telefonlardan istifadə etməsinin qarşısını ala bilməz. Ona görə deyirəm ki, müəllim özü də nümunə göstərməlidir. Mən bir müddət əvvəl Bakı Türk Anadolu Liseyində müəllim işləmişəm. Müəllimlər otağında hər bir müəllimin öz dolabı var idi və dərsə dərsə girərkən telefonumuzu həmin dolaba qoyurduq. Tənəffüs olan zaman isə gəlib telefona baxırdıq. Əgər kimsə sinfə telefonla girirsə, bunun səsini almalıdır və heç cür istifadə edilməməlidir. Bir sözlə müəllimlər, direktorlar özləri nümunə olmalıdır ki, sonra şagirdlər deməsinlər ki, müəllimlər özləri də telefondan istifadə edir”.   

Ekspert qeyd etdi ki, Müəllimlər dərs saatı telefondan istifadə edirlərsə, onlar qınaq obyektinə çevrilməli, bir çox orqanlara bu barədə məlumat verilməlidir: “Çox təəssüflər olsun ki, bəzən belə hallarla rastlaşırıq. Məktəblərdən xəbər yayılır ki, müəllim uşaqlara dərs verdi, özü oturub telefonla oynadı və s. belə xoşagəlməz hallar olur”. 


Könül Oruc
Arzu Məmmədli

 

Xəbər xətti