İrandan Azərbaycana gələn vətəndaşın daxili orqanında narkotik və psixotrop maddələr aşkarlanıb

17:48 - 16 Yanvar 2019 - Xəbər

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb və Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan müayinə nəticəsində vətəndaşın düz bağırsağında 3 ədəd uzunsov formalı büküm olduğu müəyyən edilib. Bükümlərə baxış zamanı, ümumi çəkisi 92 qram olan narkotik vasitə-tiryək, qablaşdırması ilə birgə ümumi çəkisi 1.7 qram olan kristal şəkilli psixotrop maddə - metamfetamin, qablaşdırması ilə birgə ümumi çəkisi 6 qram olan narkotik vasitə - heroin, üzərində "M40" yazılı 50 ədəd metadon və 38 ədəd "Clonazepam" həbləri aşkar edilib.

Xatırladaq ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə, "Clonazepam" adlı dərman preparatı isə Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddədir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti