Kür çayı üzərindəki körpü bu ayın sonunda istifadəyə veriləcək

12:28 - 16 Yanvar 2019 - Xəbər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal Kür körpüsünün əsaslı şəkildə bərpası işləri aparılır. 

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin “Report”a verdiyi məlumata görə, 3 aşırımlı körpünün uzunluğu 335 m, eni isə 11.5 m-dir. Körpünün hərəkət hissəsinin eni 7.5 m, hər tərəfə yanaşma yollarının uzunluğu isə 500 metr təşkil edir.
A.Nəcəflinin sözlərinə görə, 1993-cü ildə istifadəyə verilən bu körpü Şimal və mərkəz rayonlarını İran ilə birləşdirən əsas əlaqələndirici körpü funksiyasını daşıyır və il ərzində müntəzəm olaraq nəqliyyat vasitələrinin hərəkət etməsi üçün istifadə olunur.
Əvvəlki tikinti dövründən ötən müddət ərzində ağır yüklü nəqliyyat vasitələrinin körpüdən istifadəsində artım baş verib və müxtəlif növ ağır yüklü maşınların və texnikaların hər oxa düşən icazə verilən məhdudiyyətdən artıq yüklənildiyindən körpünün vəziyyəti artan nəqliyyatın hərəkəti altında tədricən zədələnib .Bu səbəbdən 2014-cü ildə qısa müddətli fövqəladə təmir işləri yerinə yetirilsə də, hazırda körpünün əsaslı şəkildə bərpasına ehtiyac yaranıb.

Geniş təmir işlərinin bir hissəsi olaraq hazırda bütün yeni qurğular üçün tələb edilən yük götürmə qabiliyyətinin müasir A15/NK100 olması vacib sayılıb. Kür körpüsü isə o zamankı yüklənmə sinfi A11/NK80-nə müvafiq olaraq layihələndirilib.

A.Nəcəfli qeyd edib ki, AAYDA tərəfindən hazırda körpüdə təmir-bərpa işləri həyata keçirilir. Layihə çərçivəsində körpünün hər iki tərəfdən yanaşma yolu tamamilə yenidən qurulub, kənar dayaqları və kənar dayaqların yamaclarının konusları eləcə də yanaşma plitələri yenidən inşa edilib.

Texnoloji ardıcıllığa uyğun olaraq mövcud körpünün üstündəki asfalt-beton layları tamamilə qaşınıb çıxarılıb, körpünün üst metal təbəqəsinin sıradan çıxmış hissələri çıxarılaraq yenisi ilə əvəz edilib:

"Layihəyə uyğun olaraq körpünün üst metal təbəqəsi təzyiqli qum şırnağından istifadə edilməklə təmizlənib, metal təbəqə başdan-başa 10 mm qalınlığında sudan mühafizə qatı vurulub, məhəccərləri isə tamamilə dəyişdirilərək müasir məhəccərlərlə əvəz edilib."

Bundan başqa körpünün bütün aşırımlarında alt hissədən tamamilə troslarla gərginləşdirilib, metal konstruksiyaların birləşmə hissələrində qırılan, zədələnən bolt-qaykalar yenisi ilə əvəz olunub və boşalan bütün bolt-qaykalar yenidən bərkidilib, həmçinin aşırım qurğularının oturacaq hissələrindəki bütün dəmir-beton yastıqlar təmir edilib.

Hazırda körpünün Salyan şəhəri tərəfə yanaşma yolunda aşınma asfalt-beton layının qoyulması və körpünün hər iki tərəfində suaxıdan beton küvetlərin tikintisi və işıqlanma dirəklərinin quraşdırılması üçün hazırlıq işləri davam etdirilir.

Aparılan təmir-bərpa işlərinin yanvar ayının sonunda sürücülərin istifadəsinə veriləcəyi gözlənilir.

Qeyd edək ki, bu günədək körpüdə işlərin 80%-i yerinə yetirilib.

Xəbər xətti