Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək

09:57 - 16 Yanvar 2019 - Xəbər

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldiləcək.

Bu məsələ “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə öz əksini tapıb. Nizamnaməyə uyğun olaraq, ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

Nizamnamədə qeyd edilir ki, ali təhsil müəssisəsi Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

Bunun üçün ali təhsil müəssisəsi tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin razılığı ilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edır.

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir. trend

Xəbər xətti