“Müəllimliyə başlayanda universitetdə ən gənc müəllim idim”

20:00 - 14 Yanvar 2019 - Cəmiyyət

Fəxri Məmmədli: “Aylıq qazancımın  bir hissəsini kitaba xərcləyirəm”

Müsahibimiz magistr təhsilini bitirən kimi universitetdə müəllim kimi fəaliyyətə başlayıb və universitetin ən gənc müəllim olub. Müxtəlif dövlət qurumlarında çalışıb, televiziya və radioda fəaliyyət göstərib. O, həmçinin müxtəlif  xarici ölkələrdə təlimlərdə, beynəlxalq layihələrdə çıxış edərək ölkəmizi təmsil edib. Şahmatla məşğul olur, həmçinin səyahətçidir. Günü-gündən hədəflərinin daha da böyüdüyünü deyir: “Bəxtiyar Vahabzadənin belə bir ifadəsi var, “Dünən zirvə sandığım, bu gün pillədir mənə”. Gələcəkdə ən böyük arzularımdan biri böyük bir xeyriyyəçilik platformasını formalaşdırmaqdır. Xeyriyyəçi olmaq insanlara təkcə maddi baxımdan deyil, həm də mənəvi fayda verməkdir”.

“Üç nöqtə” qəzetinin qonağı 10 ildən artıq təlimçilik təcrübəsinə malik Fəxri Məmmədlidir. Müsahibimiz TEDx spikerdir, həmçinin müxtəlif dövlət qurumlarında çalışıb. Hazırda bir neçə şirkətin və QHT-nin idarə heyətində məsləhətçi kimi fəaliyyət göstərir. Həmçinin Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantıdır.

- İlk öncə özünüz haqqında məlumat verin, oxucularımız sizi daha yaxından tanısın...
 - 29 yaşım var, bakalavr, magistr və doktorantura pilləsi üzrə təhsil almışam. İxtisasım mədəniyyətşünaslıq sahəsi üzrədir. Fəaliyyətim isə təlimçilik, beynəlxalq layihələrdəki təcrübəmi insanlarla bölüşmək və müxtəlif layihələri icra etməkdir.  Ümumiyyətlə, mədəniyyət bütün sahələri özündə ehtiva edir, bu ictimai şüur formasıdır. Bəlkə də elə təlimçilik fəaliyyətim bundan doğdu. Çünki mədəniyyətin bir sıra növləri, hüquq, danışıq və nitq mədəniyyəti var. Deyilənə görə, mən yeganə sənətşünasam ki, məqalələrim 9 dilə tərcümə olunub. Belə ki, Azərbaycan və Türk dilində yazdığım məqalələrim ispan, ingilis, rus, fars, ərəb, italyan və s. dillərə tərcümə olub. Məqalələrim tariximizlə, abidlərimizlə, mədəniyyətimizlə bağlı idi. Bununla yanaşı beynəlxalq layihələrdə təşkilatçı olmuşam. Azərbaycanda 2012-ci ildə keçirilən Avroviziya yarışmasında təşkilatçı kimi çalışırdıq. 2015-2017-ci illərdə I Avropa oyunları və İslam oyunlarında layihənin təşkilində supervisor kimi dəvət aldım. Bundan başqa şagirdlər və tələbələr üçün 100-dən çox yay, qış məktəblərinə təşkilatçı heyətdə və təlimçi kimi fəaliyyətdə olmuşam. Bir müddət radio və televiziyada da çalışmışam. Mən həm də kitab kolleksiyası toplayıram. Evimizdə ailə kitabxanası var. Bu kitabxanadakı kitabların içində mənim də böyük payım var. Kitabxana təxminən 3-4 min kitabdan ibarətdir. Onu da deyim ki, bu kitablar nəsillə gəlib. Türkiyə, Gürcüstan, Ukrayna, Polşa, Macarıstan, Slovakiya, Avstriya və bəzi Ərəb ölkələrində keçirilən beynəlxalq miqyaslı təlimlərdə, tədbirlərdə, layihələrdə iştirakçı, təşkilatçı və təlimçi kimi iştirak etmişəm. Təbii ki bu ölkələrdə olmağım təcrübəmə xeyli müsbət təsir göstərib.

- Təlimçi kimi də fəaliyyət göstərirsiniz. Təlimçiliyə maraq necə yarandı?
- Hər bir insanın ünsiyyət ehtiyacı var. İlkin mərhələdə olan bu ünsiyyət ehtiyacı növbəti mərhələdə insanları öyrətməyə doğru formalaşır. Məndə də belə oldu. Məktəb dövründən fəal idim, qəzetlərdə məqalələrim dərc olunurdu. Tələbə həyatına başladıqdan sonra daha çevik xarakter almağa başladı. Universitet daxilində müxtəlif gənclər təşkilatlarında fəaliyyətə başladım. Bizim tələbəlik dövrümüzdən başlayaraq geniş şəkildə vüsət alan intellektual oyunlara qoşulduq, komanda yaratdıq, debatlara, layihələrə qoşulduq. Yeni-yeni insanlar tanımaq müxtəlif ünsiyyət bacarıqlarının formalaşmasına gətirib çıxardı. Yeni vərdişlər, bacarıqlar qazandıq, komanda şəklində layihələrlə işləməyi öyrəndik. 2008-ci ildən etibarən təlimçilik, ictimai və gənclər sektorunda fəaliyyətim var idi, amma peşəkar şəkildə təlimçiliyə 2009-cu ildən başlamışam. Bu il təlimçiliyimin 10 ili tamam olur, yubiley kimi qiymətləndirilə bilər (gülür). Həm müəllimlər, həm də tələbələr üçün istiqamətlənən müəyyən təlim mövzularım var. Bunların hər birini beynəlxalq standartlar əsasında hazırlamışam. Təlimçilik fəaliyyətimi davam etdirirəm. Təlimlərimin əsas məqsədi insanları öyrətməkdir.

-  Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə müəllim işləyirsiniz. Müəllimlik fəaliyyətinə nə zamandan başlamısınız?  
- Universitetdə fəaliyyətim 2015-ci ildə başladır. Magistraturanı bitirən kimi, universitetdə müəllim kimi işləməyə dəvət aldım. Müəllimliyə başlayanda universitetin ən gənc müəllimi idim. Elə tələbələrim var idi ki, yaşda məndən böyük idilər, aralarında ailə quranları var idi. Təbii ki bu məndə böyük məsuliyyət hissi yaradırdı. Amma əvvəldən təlimçilik fəaliyyəti ilə məşğul olduğum üçün tələbələrlə işləmək mənim üçün rahat idi. Bir neçə il öncə mənim “səyyar dərs” adlı maraqlı layihəm var idi. Hər həftə universitetin rəhbəri Fərəh xanımın dəstəyi ilə dərslərimizi mövzuya uyğun olaraq başqa-başqa yerlərdə - muzeylərdə, tarixi yerlərdə, sərgilərdə keçirdik. Bu tələbələr üçün daha maraqlı idi. Çinlilərin çox yaxşı bir misalı var, “Mənə desən unudaram, göstərsən xatırlayaram, elətdirsən öyrənərəm”. Elə müasir dünyada da təhsil görüntüyə və praktik metodlara əsaslanır.

- Layihələrinizdən görünür ki, gənclərin inkişafı üçün çalışırsınız. Əziyyətləriniz öz bəhrəsini verirmi? 
- Müxtəlif səpgidə layihələrim olub. “Tarixin özü” adlı layihəmdə həmin insanlarla görüşüb sosial şəbəkə üzərindən insanlara təqdim edirdim. O insanlar tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız və ölkəmiz üçün həqiqətən də yaxşı işlər görüblər. Onların bəzilərini gənclər tanımır. Belə ki, əsas işimiz onlarla görüşüb müsahibə almaq və bunu sosial şəbəkələrdə gənclərə təqdim etmək idi. Bu layihəm tələbəlik dövrümdə idi və çox uğurlu oldu. Bununla bağlı televiziyalarda müxtəlif proqramlarda çıxışlarımız oldu.

- Sizin fikrinizcə, uşaqların və gənclərin inkişafı üçün hansı işlərin görülməsinə ehtiyac var? 
- Hesab edirəm ki, inkişaf insanın özündən asılı olan bir şeydir. Ən azından internet texnologiyaları yüksək səviyyədə inkişaf edib. İstər xarici dil öyrənmək, istər hər hansı bir texniki bacarıqları formalaşdırmaq, istər ünsiyyət bacarığını formalaşdırmaq üçün insanın özü çalışmalıdır. Düşünürəm ki, gənclər özlərini inkişaf etdirmək üçün elə lap tələbəlik dövründən başlamalıdırlar. Bunun üçün universitet daxilində gənclər təşkilatlarına qoşula bilərlər. Yaxud beynəlxalq tədbirlərdə iştirak etmək istəyirlərsə,  müraciət formasını doldurmalıdırlar. Bunun üçün orta səviyyədə ingilis dili biliyi tələb olunur. İstedad hər hansı bir sahənin kiçik bir hissəsini təşkil edir. Digər məsələ özümüzdən asılıdır. Gündəlik ən azı bir səhifə kitab oxumağa vaxt ayırmalıyıq. Ümumiyyətlə, düzgün vaxt bölgüsü aparmaq vacib məsələlərdən biridir. Həmçinin, hər hansı bir sahə üzrə mütəxəssis olmaq üçün dünyagörüşü geniş olmalıdır. Fərdi inkişafla bağlı yeni bacarıqlar, təcrübələr əldə etmək üçün ilkin olaraq onunla 20-21 gün davamlı məşğul olmalısan. Amma onu həyat tərzinə çevirmək istəyirsənsə 90 gün etmək lazımdır.

- İldən-ilə təlimçilik cəhətdən özünüzü necə inkişaf etdirirsiniz?
- Mütləq mənada oxumaq lazımdır. Peşəkar müstəvidə belə bir ifadə var, bir mütəxəssis fəaliyyəti ilə bir gün məşğul olmadıqda o, artıq özündə geriləmə hiss edir. İkinci gün məşğul olmadıqda, gerilədiyini  onun sahəsindən olan insanlar hiss edir. Üçüncü gün məşğul olmadıqda isə artıq hamı hiss edir. Hər gün mütəmadi olaraq öz sahəmizlə bağlı oxumalıyıq. Dediyim kimi, evimizin böyük bir hissəsini kitabxana tutur. Bəzən dostlarım zarafatla deyirlər ki, sən kitabxanada yaşayırsan (Gülür). Aylıq qazancımın müəyyən bir hissəsini kitaba xərcləyirəm. Kitaba xərclənən pul və vaxt geri qayıdır. Texnoloji vasitələrin, informasiyanın bu qədər dolğun olduğu bir dövrdə sənin birinci əl məlumat verməyin, geniş, tutarlı, əsaslandırılmış, arqumentləşdirilmiş informasiyalarla məlumatlı olmağın çox önəmlidir.

- Bu yaxınlarda “Liderlik düşüncəsini necə inkişaf etdirək?” adlı təliminiz oldu. Elə bu suala sizdən cavab istəyək...
- Liderliklə bağlı özüm üçün müəyyənləşdirdiyim bir şey var. Lider ilk növbədə öz hisslərini, düşüncələrini inkişaf etdirən insandır. Lider insanlar özləri üçün həftəlik, aylıq, illik hədəflər qoyur. Bu hədəflər aydın və dəqiq olmalıdır. Bütün hədəflər və məqsədlər dəyərlər üzərində qurulmalıdır.

- Liderlik üçün emosional zəkanın vacibliyini vurğulayırsınız. Bəs liderlik üçün hansı daha önəmlidir, emosional yoxsa intellektual zəka? 
- Bəli, mən hər zaman insan üçün emosional zəkanın vacibliyini vurğulayıram. Amma hər iki zəka bizim üçün önəmlidir. Amma bəzən situasiyaya görə bunların əhəmiyyətliliyi dəyişə bilər. Amma dünya təcrübəsində var ki, emosional zəka bizim həyatımda daha mühüm yer tutur. Bunu inkişaf etdirmək də özümüzdən asılıdır. Emosional zəka bir növü öz hiss və davranışlarımızın mahiyyətini başa düşüb idarə edə bilməkdir.

- TEDx-də də çıxış etmisiniz. Orda çıxış etmək bir az da məsuliyyət tələb edir. Bəlkə elə bir az da bundan danışaq...
- Bəli, mən həm də TEDx spikeriyəm. Qeyd edim ki, TEDx rəsmi olaraq dünyada keçirilən bir təşəbbüsdür. Burda öz sahəsində uğur qazanan insanların fikirləri olur. İndi müxtəlif universitetlərdə TEDx və TEDx-ə bənzər layihələr həyata keçirirlər, bu yaxşı bir haldır. Amma 2015-ci ildə mənim iştirak etdiyim tedx rəsmi idi. Mövzum “Mədəni niyyət, mədəniyyətdir” şüarı altında idi. Mədəniyyəti hər hansı spesifik sahənin insanları olaraq yox, böyük bir anlamda hər birimizin gündəlik həyatında, düşüncəmizi düzgün olması mədəniyyətdir prinsipini əsaslandıraraq ifadə etməyə çalışmışdım. O çıxışım böyük marağa səbəb olmuşdu. Bu çox böyük məsuliyyət tələb edir, öz təcrübəni, hisslərini insanlarla bölüşürsən, insanlara təsir göstərməyə çalışırsan.

- Sonda gənclərə nə məsləhət görərdiniz? 
- Hər şeyin həmişə mahiyyətini öyrənmək lazımdır. İbn Sinanın çox gözəl bir ifadəsi var. Deyir ki, mən uşaq olanda bizim dövrümüzdə oyuncaqlar gildən və saxsıdan idi. Bir gün oyuncağım düşdü yerə və sındı. Bunun mahiyyətini düşündüm. Və sonradan araşdırıb bildim ki, yerin cazibə qüvvəsi var və keramikanın sıxlığı yerin səthinə nisbətən az olduğu üçün qırılıb. Yəni bir şeyin mahiyyətini öyrənmək bizə hər zaman fayda verəcək, kor-koranə nə isə öyrənmək yox. Öyrəndiyini başa düşmək və hiss etmək lazımdır. İnsan məşğul olduğu sahəni sevməlidir. Hər hansı bir prosesə müsbət tərəfdən baxmaq lazımdır.

Könül Oruc 

 

 

Xəbər xətti