“Əsas məqsədim gələcəkdə peşəkar bir kompüter proqramçısı olmaqdır”

19:00 - 11 Yanvar 2019 - Müsahibə

Xəyal Nəcəfov: “Uşaqların oxumağa, öyrənməyə və kitablara bu cür laqeyd olması, sevgisiz yanaşması gələcəyimiz üçün böyük təhlükədir”

Müsahibimizin nə az, nə çox, düz 15 yaşı var. Öz yaşına görə həmyaşıdlarından yetərincə fərqlənir, öz gələcəyini düşünür və bunun üçün əlindən gələni edir. Bədii kitablar, romanlar oxuyur, rəsmlər-karikaturlar çəkir, idman edir, internetdə maarifləndirici videolara baxır, musiqiyə gedir və ən əsası proqramlaşdırma sahəsini çox böyük həvəslə öyrənməyə çalışır. Bütün bunlarla yanaşı dərslərini də yaxşıca oxuyur, müəllimləri ondan çox razıdır.
Bilirik ki, bu yaşda olan uşaqların əksəriyyəti əlinə internet vasitələri düşən kimi oyuna, filmlərə və onların gələcəyi üçün lazım olmayan şeylərə sərf edirlər. Amma bizim balaca qəhrəmanımız bunun əksini edir və proqramlaşdırma sahəsinə çox həvəsinin olduğunu deyir: “Mən bu peşədə azad ola biləcəyimi gördüm. Ancaq bundan da əlavə, həm özümə, həm də ətrafımdakılara gələcəkdə bu sahədə xeyirli işlər görə biləcəyimi anladım. Sadəcə, biz burada ağılsız, səfeh bir dəmirə (kompüteri nəzərdə tutur) nə etməli olduğunu deyirik, ona yol göstəririk”.

“Üç nöqtə” qəzetinin qonağı Bərdə şəhərinin Muğanlı kəndində yaşayan və dayanmadan özünü inkişaf etdirməyə çalışan 9-cu sinif şagirdi Xəyal Nəcəfovdur.

- İlk öncə özün haqda məlumat ver, oxucularımız səni daha yaxından tanısın...
- Mən Xəyal Nəcəfov, 15 yaşım var. Əslən Xocalıdanam. Hal-hazırda Bərdə şəhərinin Muğanlı Kəndində ailəmlə bir yerdə yaşayıram. Təhsilimi də Muğanlı kənd Elzamin Mirzəyev adına Tam Orta Məktəbində 9-cu sinif şagirdi kimi davam etdirirəm. 7 yaşımdan musiqiyə - tara getsəm də, kompüter proqramlaşdırmağa böyük marağım var. Ən böyük arzum və məqsədim gələcəkdə peşəkar bir kompüter proqramçısı olmaqdır.

- Öz sağlamlığın və mənəvi inkişafın üçün nələr edirsən?
- Əlimdən gəldiyi qədər idmanla məşğul olmağa, hər gün ən azı 20 dəqiqə açıq havada gəzməyə və yaxşı qidalar yeməyə çalışıram. Mənəvi inkişafım üçün isə əsasən, bədii kitab və romanlar oxumağa, “youtube”-də maarifləndirici videolara baxmağa üstünlük verirəm. Həmçinin, mənim Azərbaycan Xalq Cümhuriyyətinə və Qurucularına aid çox dərin sevgim olduğuna görə gün ərzində onlar haqqında maraqlı məlumatlar toplamağa çalışıram. Hətta bu yaxınlarda Cümhuriyyət dövrümüzün fotolarını çıxartdıraraq onlardan ibarət bir albom da hazırlamışam. Bundan əlavə hələ lap kiçik yaşlarımdan rəsm – xüsusilə də, karikatura çəkməyə böyük həvəsim var. Kiçik yaşlarımdan çəkdiyim həmin şəkilləri – karikaturaları, hətta atamla öz portretimi də anam indiyə kimi saxlayıb.

- Bildiyim qədəri ilə kitab oxumağa da marağın var. Gün ərzində kitab oxumağa nə qədər vaxt sərf edirsən?
- Dərslərim çox olduğu və apreldə Bakıda musiqi üzrə keçiriləcək müsabiqəyə hazırlaşdığım üçün, vaxt məhdudluğuna görə həftə içi günlər bacardığım qədər kitab oxumağa vaxt ayırmağa çalışıram. İstirahət günləri isə istədiyim qədər oxuya bilirəm. Sevdiyim kitabları – məsələn, dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Səfillər” əsərini isə elə olub ki, bir deyil, dəfələrlə oxumuşam. Hal-hazırda isə son dövrlər əsərləri sevilərək oxunan yazıçımız Elxan Elatlının ölümsüz qəhrəmanımız Mübariz İbrahimova həsr etdiyi “Qisas gecəsi” əsərini artıq ikinci dəfədir ki, oxuyub bitirirəm.

- Kitab oxumağın nə kimi faydalarını görürsən?
- Bildiyimiz kimi, 13-16 yaş arası uşaqlarda əsasən səs dəyişimi baş verir. Və həmin zamanda o səsin oturmağı, uyğunlaşmağı bir az zaman istəyir. Ancaq məndə bu hal tez baş verdi. Həmçinin səsimin tez oturması ilə yanaşı, həmdə diksiyamın da yaxşılaşmasında böyük rol oynadı. Bundan başqa məntiqi-təfəkkürümün inkişafında, mənim dünyaya olan baxış tərzimin dəyişməsində, irəli gedəcəyim yolda nə etməli və ya etməməli olduğumu mənə göstərmiş oldu.

- Yoldaşların da sənin kimi kitab oxumağa maraq göstərirlərmi?
- Xeyr, mən indiyə qədər ətrafımda, sinif yoldaşlarım arasında, demək olar ki, kitaba maraq göstərən və sevgi duyan insanlar görməmişəm. Və mən düşünürəm ki, əgər müharibələr görmüş, başı bəlalar çəkmiş millətimizin gələcəyi uşaqlar və ziyalı şəxslərdirsə, uşaqların oxumağa, öyrənməyə və kitablara bu cür laqeyd olması və sevgisiz yanaşması gələcəyimiz üçün böyük təhlükədir. “Nə üçün?” deyə soruşsanız, deyə bilərəm ki, belə insanlar ətraflarında kitab oxuyanlara, maariflənənlərə qarşı sanki bir kin bəsləyirlər.

- Bəzi uşaqlar kompüterdən, internet vasitələrindən düzgün istifadə etməyi bacarmırlar. Amma sən bunu yaxşı istiqamətə yönəldirsən. Öz həmyaşıdlarına nə məsləhət görərsən?
- Onlara demək istəyirəm: “Biz hər birimiz bu ölkənin gələcəyiyik. Bu ölkənin gələcək taleyini xilas edə biləcək şəxslər də bizik. İnternet və digər vasitələrdən, cihazlardan əlimizdən gəldiyincə həm özümüzün yararımıza, həmdə digər şəxslərin yararına istifadə etməyi bilməliyik. O yararsız şeylərə nəzər yetirmək və baxmaq yerinə, maariflənmə istiqamətində addımlar atmağa çalışın. Məhəmməd Əmin Rəsulzadənin qurduğu bu Hürr Dövlətə sadiq olmağa çalışın. M.Ə.Rəsulzadənin gəncliyə xitabıyla bu sualınıza cavabımı belə yekunlaşdırmaq istəyirəm:
EY GƏNCLİK! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmz yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ!”

- Bir çox peşələrin olmasına baxmayaraq, sən proqramlaşdırma sahəsinə maraq göstərirsən. Bunun səbəbi nədir?
- Mən bu peşədə azad ola biləcəyimi gördüm. Ancaq bundan da əlavə, həm özümə, həm də ətrafımdakılara gələcəkdə bu sahədə xeyirli işlər görə biləcəyimi anladım.  Sadəcə, biz burada ağılsız, səfeh bir dəmirə nə etməli olduğunu deyirik, ona yol göstəririk.

- Hər hansı müəllimdən dərs alırsan, yoxsa internet vasitəsilə öyrənirsən?
- Əsasən, internet vasitəsilə öyrənirəm. Orada olan bir çox veb-kurslarına daxil olub məlumatlanıram. Ancaq, bundan başqa mənə çox yardımı dəyən bir şəxs də vardır ki, (Adı: Vüsaldır) mənə motivasiya olmağımda həddən artıq kömək edir və əlindən gəldiyi qədər mənə öz öyrəndiyi bilgiləri çatdırmağa çalışır. Bunun üçün ona çox minnətdaram.

- Proqramlaşdırmaya özünün həvəsin yarandı?
- Bəli. Özümdə həvəs yarandı. İlk baxışda mənə də hamıda olduğu kimi qəliz göründü, ancaq bu yolda addımlayandan sonra getdikcə bu fikir beynimdən yox oldu.

- Bir neçə dəfə Bakıda yarışmalara da qatılmısan? 
- Bəli, qatılmışam. Bir neçə dəfə yaxşı yer də qazanmışam.

- Özünü inkişaf etdirmək üçün nələr edirsən?
- Kitab oxuyuram, maarifləndirici videolar, filmlər izləyirəm.

- Valideynlərin sənə nə dərəcədə yardım göstərirlər?
- Bacardıqları qədər məni dəstəkləyir və mənim yaxşı təhsil almağım üçün əllərindən gələni edirlər. Hələ kiçik yaşlarımdan mənim musiqiçi olmağımı istəyən ailəm məni 7 yaşımdan Bərdə rayon Xan Şuşinski adına 3 nömrəli musiqi məktəbinə qoydular. Ancaq, mən getdikcə musiqiyə yox, kompüter texnologiyaları sahəsinə - proqramlaşdırmağa marağım olduğunu hiss etməyə başladım.
Düzdür, onlar indiki dövr, texnika, peşələr və s. ilə ayaqlaşa bilmirlər. Ancaq onlarda belə bir problemin olmasına baxmayaraq, bu cür şeyin baş verməsi normaldır.

- Həm musiqi ilə məşğul olursan, həm proqramlaşdırmanı öyrənirsən, həm kitab oxuyursan və s. Bəs dərslərinə vaxt ayıra bilirsənmi?
- Bəli, yetərincə vaxtım olur. Əlimdən gəldiyi qədər bu işlərimi də nizamla yeritməyə çalışıram. Vaxt bölgüsü edirəm, günümü planlayıram. Belə olan zaman bütün işlərimə ayırmağa vaxtım qalır.

- Ən çox hansı fənnə maraq göstərirsən?
- Çoxuna marağım var. Amma Azərbaycan tarixi və İngilis dili arasında həmişə seçim etməklə rastlaşıram. Düzdür, İngilis dili çox lazımi bir fəndir. Gələcəkdə işimdə uğur qazanmağıma da kömək edə bilər. Ancaq, öz tarixini bilməyən bir azərbaycanlı da gerçək bir Azərbaycan vətəndaşı, Türk oğlu Türk deyildir ƏSLA!
Buna görə də nəticədə Azərbaycan tarixini seçirəm.

- Müəllimlərin sənin barəndə düşüncələri nələrdir?
- Məni sakit, tərbiyəli, çalışqan bir uşaq kimi görürlər. Və buna görə də məni müsbət qiymətləndirirlər.

- Bilirsən ki, idman sağlamlığımız üçün çox vacibdir. - İdmana marağın necədir?
- İdmanı sevirəm. Ancaq, onun qollarına (futbol, basketbol, voleybol və s.) o qədərdə marağım yoxdur. Ancaq yenə də onlarla da məşğul olmağa çalışıram. Daha çox dartınma kimi sadə idmanlara marağım var.

Könül

Xəbər xətti