Dekabrda Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub

19:05 - 9 Yanvar 2019 - İQTİSADİYYAT

Azərbaycanda dekabr ayı üzrə gündəlik neft hasilatı 790 min barrel olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunun 721 min barrelini xam neft, 69 min barrelini kondensat təşkil edib. Gündəlik 617 min barrel xam neft, 69 min barrel kondensat, 13,4 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib. Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaq öhdəliyi götürmüşdü.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

Xəbər xətti