“Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır”

18:12 - 7 Yanvar 2019 - KİVDF

“Xalqımızın tarixinin əsasını təşkil eləyən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur”

 “Xalqımızın tarixinin əsasını təşkil eləyən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır...Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”,-ümummilli lider Heydər Əliyev deyib. 

Bu müdrik fikirlərdən irəli gələrək, yetişməkdə olan gənc nəslin millimənəvi ruhda tərbiyəsi, təlim və tərbiyə işlərinin milli zəmin üzərində qurulması, tariximizin, mədəniyyətimizin, zəngin mənəvi irsimizin öyrənilməsi çox önəmlidir. Pedaqoji elmlər doktoru, professor,  Rüfət Nüseynzadə  bildirib ki, ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu dəyərləri daim diqqət mərkəzində saxladı. Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev milli mənəvi dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edirdi: dil, din, adət-ənənə .

Heydər Əliyev milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub-saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bildirirdi ki, bunlarsız millət yoxdur. Bunları qoruyub-saxlamış xalq isə daim müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. “...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Rüfət Nüseynzadənin sözlərinə görə, müasir dövrdə dövlət quruculuğuna dair müvafiq sənədlərdə uşaqların əxlaq və mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsinə ciddi diqqət vermək tərbiyə və təhsil müəssisələrinin başlıca vəzifələrindən biri kimi qeyd edilir.
“Çünki, yer üzərində mürtəce qüvvələr mövcud olduqca, vətənimizə, cəmiyyətimizə qarşı duran təxribatçılıq işi gözlənilir. Nə qədər ki, Ermənistan kimi mürtəce dövlətlərin təbiəti dəyişilməmişdir, irtica və təcavüzkar qüvvələr silahı yerə qoymamışlar, belə bir vəziyyət ümumxalq münasibətlərdən əmələ gələn dəyişikliklərə mane olacaqdır. Kiçik yaşlı uşaqlar ailə səadəti, xeyir, şər haqqında, yoldaşlıq, dostluq, qayğıkeşlik, ədalət, ədalətsizlik, sülh, əmin-amanlıq, müharibə, dağıntı, ekoloji çətinliklər, hüquq qanunları, iqtisadi biliklər, qənaət, sadəlik, təvazökarlıq, düzlük və doğruçuluq və s. haqqında, təsəvvür və anlayışlara məhz həmin məktəbəqədər müəssisələrdə və məktəblərdə yiyələnirlər. Inkişaf etməkdə olan cəmiyyətimizdə şəxsiyyətin inkişafı və onun mənəvi keyfiyyətlərinə dair vəzifələr yetişməkdə olan nəslin qarşısında məsuliyyət hissini müntəzəm surətdə artırır. Gənc nəslin formalaşması şəraiti isə nəinki yaxşılaşır, həm də xeyli mürəkkəbləşir. Bu mürəkkəbləşmənin əsas səbəblərindən biri elm və texnikanın surətlə inkişaf etdiyi atom, elektron və kosmos əsrində uşaqların mənəvi düşüncələrini zənginləşdirən amillərin sayının getdikcə artmasıdır. Bütün bunlar o deməkdir ki, gənc nəsildə lazımi mənəvi və fiziki keyfiyyətlər yetişdirmək üçün cəmiyyətin şüurlu, məqsədyönlü fəaliyyəti kimi tərbiyənin rolu da ildən-ilə artır”.

Professor vurğulayıb ki, cəmiyyətin hazırki mərhələsində gənc nəslin inkişafı üçün ölkəmizin tarixində ən əlverişli obyektiv şərait yaradılıb. “Belə ki, indi ölkəmizdə iqtisadi, sosial-siyasi, ideoloji vəzifələr müvəffəqiyyətlə həyata keçirilir, xalqın mədəni səviyyəsi, maddi rifah halı yüksəlir, uşaq və gənclərin inkişafına təsir göstərən ailənin imkan və şəraiti genişlənir”

Onunsözlərinə görə, bu yüksəkliklə yanaşı, cəmiyyətdə şəxsiyyət, onun mənəvi “Bu prosesdə gənc nəslin formalaşması şəraiti isə nəinki təkcə yaxşılaşır, həm də xeyli mürəkkəbləşir. Məktəbəqədər yaşlı uşaqların yoldaşlıq, dostluq və qayğıkeşlik kimi əxlaqi keyfiyyətlərinin formalaşmasına təsir göstərən mühüm şərtlərdən biri uşağı əhatə edən müvafiq mənəvi mikromühitin yaradılmasıdır. Bunun əsasını isə uşağın şəxsiyyətinə hörmət və qayğı, ağıllı tələbkarlıq təsir edir. Əlbəttə, uşaq mikromühitində baş verən hadisələrin heç də hamısı sosial həyat tərzinin normalarına uyğun gəlmir. Uşaq şəxsiyyətinin formalaşdığı bu mikromühitin obyekti təsiri ilə inkişaf etməkdə olan cəmiyyətimizin təlqin etdiyi əxlaq normalarının toqquşması heç də həmişə cəmiyyətin xeyrinə olan nəticəyə gətirib çıxarmır. Bütün bunlar uşaq və gənclərin tərbiyəsində yalnış davranışın təşəkkül etməsinə gətirib çıxarır, nəticədə uşaqlarda ikiüzlülük, riyakarlıq, tənbəllik və s. formalaşır. Deyilənlərdən aydın olur ki, uşaqlarda dövrün tələbinə uyğun əxlaqi keyfiyyətlərin inkişafı üçün cəmiyyətin şüurlu, məqsədyönlü fəaliyyəti getdikcə güclənir”.

YAP Siyasi Şurasının üzvü Vüqar Rəmzadə isə bildirib ki, ümummilli lider Heydər Əliyev bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında Sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi. “Heydər Əliyev dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərini də həyata keçirirdi. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Heydər Əliyev hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. Heydər Əliyev bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürülməsi yönündə müstəsna xidmətlər göstərirdi. Qırğızların “Manas” eposunun 1000 illik yubileyində iştirak və çıxış edən Ulu öndər Heydər Əliyev bütün türk dünyası üçün əvəzedilməz müdrik bir şəxsiyyət olduğunu bir daha sübut etdi”.

Onun sözlərinə göğrə, Ulu öndər Heydər Əliyev qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. “Ulu öndərin milli mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. “Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir”.

(Davamı var)

Xəbər xətti