Yeni nəslin mənəvi inkişafı üçün üç komponent mühüm rol oynayır

18:18 - 3 Yanvar 2019 - KİVDF

Bu, ailə, məktəb və cəmiyyətdir 

Hər bir cəmiyyətdə olduğu kimi, bizim cəmiyyətdə də gənclərin fiziki və mənəvi inkişafı çox önəmlidir. Çünki mənəviyyatı zəif olan bir gəncliyin gələcəyinin parlaq olmasından bəhs etmək bir az çətin məsələdir. Gənclərin istər mənəvi, istərsə də fiziki cəhətdən inkişafı üçün bu gün ölkəmizdə mühüm addımlar atılır, onların inkişafı üçün hər cür şərait və imkan yaradılır. Ölkəmizdə gənclərin həyatını dəyişən, onları motivasiya edən, stimul verən qayğı və siyasət mövcuddur.

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, bu gün gənclərin mənəvi inkişafı üçün  çox şey etmək lazımdır, özü də bunu təcili şəkildə həyata keçirmək lazımdır: “Min illərdir, bütün dini kitablar, peyğəmbərlər, böyük alimlər də deyiblər ki, o cəmiyyətdə ki mənəvi dəyərlər öndədir, həmin cəmiyyət ahəngdar olaraq tənzimlənir. O cəmiyyətdə ki mənəvi dəyərlər arxa plana keçir, orda gərginlik günü-gündən artır, xoşagəlməz və kriminal hallar olur, cinayətkarlıq baş alıb gedir. Və artıq cəmiyyəti idarə etmək mümkün olmur. Ona görə də bu gün bizim milli dövlətimizdə əsas vəzifələrimizdən, görəcəyimiz işlərdən biri gənclərin mənəvi inkişafı üçün çalışmağımızdır. Bu sahədə görüləsi işlər çoxdur. Və konkret olaraq tövsiyələr var. İstər, doğru dini kitablarda, istər İslamın fəlsəfəsində, sosial-psixologiya elmində bu məsələlər kifayət qədər araşdırılıb, öyrənilib”.

Konkret olaraq cəmiyyətimizdə mənəvi inkişafa zərbə vuran amillər hansılardır? Sosioloq dünyada da məşhur olan“Ahəngyol” elmindən danışdı. Deyir ki, o şey ki ahəngi pozur, deməli mənəviyyata ziyan vurur. Dünyanın  nizamını pozan əməllərimiz mənəviyyatımız üçün zərərlidir. Buna konkret olaraq yaltaqlıq, yalançılıq, ikiüzlülük, biri-birini aldatmaq və s. misal göstərmək olar. İstər dini, istərsə də elmi tərəfdən ən böyük mənfi cəhət mərdiməzarlıq deyilən anlayışdır, yəni başqalarına pislik etmək. Əvvəla bunun üçün müəyyən sosioloji araşdırma aparmağa ehtiyac var. Böyük anket sorğusu keçirmək hökm deyil. Bunun üçün sosiologiyanın özünün müəyyən metodları var. Bu metodlar vasitəsilə öyrənə bilərik. Buna uyğun maarifləndirmə işini qurmaq lazımdır. Üstəlik də inzibati metodları düzgün, sistemli şəkildə düşünməliyik. Amma bu gün söhbət maarifləndirmədən düşəndə əksəriyyət insanlar elə başa düşür ki, insana deyirsən filan şey yaxşıdır, filan şey pisdir, bununla maarifləndirmə bitdi. Bu, çox primitiv bir maarifləndirmə üsuludur. Təəssüf ki, maarifləndirmə haqqında təsəvvürlərimiz də elə o primitiv səviyyədədir. Dediyimə misal olaraq göstərə bilərəm, hamı deyir ki, siqaret çəkmək pis işdir, insan sağlamlığı üçün təhlükəlidir, amma bunun qarşısı alınmır. Deməli, sadəcə deməklə maarifləndirmə işini qurmaq olmaz. Bu gün ancaq deməklə maarifləndirmə aparmağı düşünürüksə, bu çox yanlış işdir”.

Sosiologiya elmində “Sosial işin texnologiyası” adlı bölmənin vacibliyini nəzərə çatdıran Ə.Qəşəmolu deyir ki, texnologiya qurmaq lazımdır: “Metodların, tədbirlərin kombinasiyasından ibarət bir metod qurmalıyıq. Burda da elmi təminata böyük ehtiyac var. Əgər cəmiyyəti insanın orqanizminə bənzətsək, insan xəstə olan zaman ona “Filan şeyi et düzələcəksən” , - demək türkəçarə olacaq, avam bir müalicə olacaq. O insanın, xəstəliyinin xüsusiyyətlərini öyrənmək və buna uyğun müalicə yazmaq lazımdır. Cəmiyyət də elədir”.

Sosioloq deyir ki, əgər bu gün gənclərin mənəviyyatını inkişaf etdirmək istəyiriksə, əsas fikri təhsil sisteminə vermək lazımdır. Çünki yeni nəslin böyüyüb inkişaf etməsində üç komponent mühüm rol oynayır, ailə, məktəb və cəmiyyət: “Azərbaycan ailələrində indiyə qədər görünməmiş gərginlik yaranıb. Nə cəmiyyətə, nə də ailəyə komanda verməklə tez bir zamanda düzəltmək çətindir. Amma qloballaşmanın sürətlə getdiyi bir vaxtda yeni nəslin tam layiqli böyüməsi də daha çox zərurətin sirridir. Çünki yaxın gələcəkdə hansı ölkədə əhalinin səviyyəsi, mənəvi keyfiyyəti yüksək olacaqsa, o ölkə daha çox qazanacaq, daha irəlidə olacaq. İntellektual və mənəvi göstəricilərə görə yarış gedir. Ona görə də məktəbə, təhsil sistemimizdə köklü dəyişikliklər etməliyik. Bir müddət əvvəl Milli Təhsil Konsepsiyasını yazıb cəmiyyətə təqdim etdim. Əsas diqqəti təhsil sahəsinə verməliyik. Kütləvi informasiya vasitələri və çevik vasitələr bu işdə daha çox çalışmalıdır. Neqativ tərəflərlə bağlı olan məsələlərə bir az çevik, operativ tədbirlər görək. Bunun üçün güclü maarifləndirmə işləri aparmaq lazımdır”.

Gənclərin mənəvi inkişafında yaşlı nəslin üzərinə böyük iş düşdüyünü nəzərə çatdıran sosioloq deyir ki, hər bir yaşlı adam özünü layiqli şəkildə aparmalıdır. Belə ki, cəmiyyətin inkişafında yaşlı adamların davranışı hər zaman mühüm rol oynayıb və oynamaqda da davam edir: “Bu gün Azərbaycanda ağsaqqallıq, ağbirçəklik institutu zəifləyibsə, bu çox qorxunc bir haldır. Əgər 50 il bundan qabaq ağbirçəyin, ağsaqqalın davranışı gənc nəslin davranışının formalaşmasında köməklik edirdisə, universitetin daxilində yaşlı müəllimlərin davranışı tələbələrin hərəkətində mühüm rol oynayırdısa, təəssüf ki, bu gün o barədə danışmaq olmaz. Əgər bir müəllim öz tələbəsindən rüşvət alırsa, o həmin gəncdə heç bir mənəvi keyfiyyət formalaşdıra bilməz. Bir müəllim tələbəsinə başqa gözlə baxırsa, heç vaxt onda mənəvi inkişafa yol aça bilməz. Rüşvət mənəviyyatın dağılmasında, məhv olmasında, parçalanmasında böyük rol oynayır. Ona görə də bu sahədə ciddi iş görmək və gənclərin mənəvi dəyərlərinin inkişaf etdirilməsi üçün elmi əsaslarla ciddi fəaliyyət proqramı hazırlamaq lazımdır ki, mənəvi inkişafın texnologiyalarını ortaya qoya bilsin”.

Ə.Qəşəmoğlu gənclərin mənəvi inkişafı üçün 15 ildən çox bu sahədə fəaliyyət göstərib. Deyir ki,10 il müddətində komsomolun mərkəzi komitəsində elmi mərkəzin və daha sonra Milli Məclisdə böyük bir elmi mərkəzin rəhbəri olub: “Demək olar ki, 15 ilə qədər ölkəmizdə gənclərin mənəvi inkişafı üçün yollar axtarmışıq, işimizi buna həsr etmişik. O vaxtı elmi fəaliyyətim və rəhbərlik etdiyim qurumların da fəaliyyətinə uyğun olaraq qərara gəldim ki, bu məsələlərin elmi və fəlsəfi tərəflərinə də diqqət yetirmək lazımdır. Ona görə də “Ahəngyol” elmi yarandı və çox uğurla yayılmaqdadır. “Ahəngyol”-un məğzi elə budur, necə etmək olar ki, cəmiyyətdə ahəng yaransın? Ahəngin yaranmasında da ən mühüm məsələlərdən biri mənəviyyatın formalaşdırılması və inkişaf etdirilməsi ilə bağlıdır. O vaxt cəmiyyətdə normal, yaxşı ahəngdar inkişaf olacaq ki, əhalidə get-gedə sağlamlaşma prosesi baş verəcək, mənəvi zənginlik get-gedə artacaq və əhalidə əməyə yaradıcılıq münasibəti, tələbatı artacaq. Gördüyünüz kimi, mənəviyyat məsələsi burda ən mühüm və aparıcı məsələlərdən biridir. Gücüm çatan qədər məqalələr yazıram. Və çalışıram ki, dərs dediyim universitetdə ağsaqqallıq missiyamı yerinə yetirə bilim. Tələbələrim məni öz babalarından da çox istəyirlər. Çalışıram ki, onlarla bir ağsaqqal kimi davranım, əlimdən gələn qədər kömək edim, gözəl dərs deyim, məsləhət verim. Bu tək mənim işim deyil, qədimdə şərqdə və qərbdə hər bir ağsaqqalın borcu idi. Mən burda həm müəllimlik, həm də ağsaqqallıq borcumu yerinə yetirirəm. Gənclərin mənəvi inkişafı ilə məqalələr yazmışam, elmi nəzəriyyələr ortaya qoymuşam. Yazdığım şeirlərin demək olar ki, hamısı mənəviyyatın inkişafı ilə bağlı olan şeirlərdir. Yəni öz borcumu başa düşdüyüm qədər yerinə yetirməyə çalışıram”.

Könül Oruc 

Xəbər xətti