Mülki dövriyyədə olmasına yol verilməyən əşyalar qanunvericilikdə birbaşa göstərilməlidir

18:08 - 26 Dekabr 2018 - KİVDF

Mülki Məcəllənin 136-cı maddəsilə əşyaların mülki dövriyyəsi tənzimlənir  və bildirilir ki, əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

Mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir (136.2-ci). Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir. Beləliklə, maddədə əşyaların mülki hüquq münasibətlərinin obyekti olmaq qabiliyyəti müəyyən edilib.Həmin maddədə əşyalar üç qrupa ayrılmışdır:

- mülki dövriyyədən çıxarılmamış əşyalar;
- mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar;
- mülki dövriyyədən çıxarılmış əşyalar.
Mülki Məcəllənin 136.2-ci maddəsində müəyyən edilmişdir ki, mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, mülki dövriyyədən çıxarılmış əşyalar isə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişlər. Hər iki Qanunda xarici valyutanın Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə məhdudiyyət qoyulmamışdır. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının ərazisində xarici valyuta ödəniş vasitəsi rolunda çıxış etmədiyi hallarda özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 

Mülki Məcəllənin 944.1-ci maddəsində deyilir ki, bank əmanəti (depozit) müqaviləsinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Bu maddənin 2-ci bəndində isə qeyd edilib ki, əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin

 Qeyd edildiyi kimi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1 (əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir;) və 27.1-ci (Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir) maddələrinin mənasına görə, qorunan əmanətə hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləri aiddir və sığorta hadisəsi halında xarici valyutada olan əmanətlər üzrə kompensasiya əmanətin valyutasında ödənilir.

Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından göründüyü kimi, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, bank qanunvericiliyinə əsasən bank, kreditləri faizlə verir, yəni əmanət münasibətlərində olduğu kimi kredit məbləği də faiz şəklində müvafiq artımla qaytarılmalıdır. Təbii ki, əmanətlər üzrə ödənilən faizlər kimi, kredit üzrə faizlər də adətən əsas borc məbləğinin valyutasında müəyyən edilir, çünki bank qanunvericiliyinə əsasən banklar valyuta risklərini tənzimləyərkən aktiv və öhdəliklər üzrə ödənilən faizləri açıq valyuta mövqelərinin hesablanmasına daxil edirlər.
Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq belə nəticəyə gəlir ki:
- Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur;
- manat ödəniş vasitəsi ilə yanaşı, fiziki obyekt kimi əşya hesab edilir (Mülki Məcəllənin 135.1-ci maddəsi);
- xarici valyuta həmçinin əşya olmaqla, sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər (Mülki Məcəllənin 135.1 və 136.1-ci maddələri);
- kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir (Mülki Məcəllənin 739.1-ci maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu nəticələr baxımından Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin mahiyyətinə də qiymət verilməlidir. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Bu maddə təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir.

Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Belə nəticə həmçinin bank qanunvericiliyinin tələblərindən də irəli gəlir. Belə ki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində də müəyyən olunur ki, banklar kreditləri öz adından və öz hesabına verirlər. Beləliklə, borcun predmeti kimi məhz pul özü çıxış edir və onun ödəniş vasitəsi kimi istifadəsi anlamına gətirilməsini düzgün hesab etmək olmaz.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin   439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir.

(davamı var)

Xəbər xətti