“Gənclərə gözəl örnəkləri xaricdən deyil, ölkəmizdən göstərmək lazımdır”

20:16 - 25 Dekabr 2018 - Müsahibə

Nadir Adilov: “Sırf işgüzar inkişafın və karyeranın müxtəlif mərhələri üzrə mövzulara müraciət edirəm, çünki bu sahədə ölkəmizdə yazılası minlərlə pozitiv nümunələr var”

“Müasir Azərbaycan gəncliyi çox fəxr ediləsi bir gənclikdir. Səmimi deyim ki, bu gün bizlərin də onlardan öyrənəcəyimiz çox şey var. Kitabda elektron ünvanım da qeyd etdiyim üçün bu gün onlarla maillər alıram. Siz təsəvvür edirsinizmi, gənclər nəinki öz fikirlərini bölüşür, onlar növbəti yaradıcılıq üçün gözəl ideyaların əsasını qoyurlar”. Deyir ki, işgüzar inkişafına laqeyd qalmayan yüzlərlə, minlərlə gənclərimiz var. Hansı peşədə, hansı işdə çalışmaq arzusundan aslı olmayaraq, müasir Azərbaycan gəncliyi mükəmməldir.

“Üç nöqtə” qəzetinin qonağı “Məqsədlisən?!” və “Gəncsən? Başla” kitablarının müəllifi, Dr, dosent Nadir Adilovdur.

- İlk öncə bir müddət əvvəl baş tutan imza günündən başlayaq. Necə ərsəyə gəldi?
- Bildiyiniz kimi imza günləri müəllifi olduğum “Gəncsən? Başla!” və “Məqəsədlisən?!” kitablarının hər ikisinin bir arada təqdimatı ilə baş tutur. Hər iki kitab ölkəmizin nüfuzlu nəşriyyatı olan TEAS Press nəşriyyat evi tərəfindən kütləvi tirajla nəşr edilib. İlk zamanlar LİBRAFF mağazalar şəbəkəsində və daha sonra isə fərqli məkanlarda imza günləri baş tutub. Formula 1 yarışlarının könüllüləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, Nərgiz Fondunun dəstəyi ilə təşkil edilən Soyuq Əllər, isti ürək xeyriyyə yarmarkasında, eyni zamanda Aqrar İnkişaf Könüllüləri, həmçinin Barattson şirkətinin dəstəyi ilə, Təhsil Nazirliyinin "Bir könüllü" proqramının üzvləri üçün imza günləri keçirilib.

- Neçə müddətdir kitabın üzərində işləyirsiniz? 
- “Gəncsən? Başla!” kitabının ikinci nəşridir, bir çox təkminləşdirmə ilə, ikinci nəşri ərsəyə gətirdim. Məqsədlisən?! kitabı fasilələri də nəzərə alsaq 6 aya başa gəldi.

- Kitabın əsas məzmununu nə təşkil edir? 
- Hər iki kitab gənclərin şəxsi və işgüzar inkişafı sahəsində yazılan gözəl əsrədir. Kitablar hal-hazırda ölkəmizin kitab mağazaları ilə yanaşı, LİBRAFF kitab mağzalarında satışdadır. Kitablar çox qısa zamanda gənclər arasında populyarlıq qazanıb və ən çox satılan kitablar sırasına daxil ola bilib. Belə demək mümkünsə, gəncliyimizdən bu günədək nəzəriyyə və təcrübədən əldə etdiklərim, səhvlərim, düzlərimin öyrətdiyi bir məntiqlə gənclər üçün müqayisəli formada işgüzar inkişafın ilk mərhələrini bölüşürəm. Məqsədlisən?! kitabı işgüzar inkişaf etməyi qarşısına məqsəd qoyan yüzlərlə “ağıllı” tələbə və eyni zamanda yüzlərlə bəhanələrə malik olan məqsədsiz “yaxşı” tələbələr üçün yazdım. Bu səbəbdən də kitabı yazarkən, çoxlu ağıllı və yaxşı tələbə oğlan və qızla müzakirələr apardım. Kitabın siqnal versiyasını oxuyan və hər iki kateqoriyanı təmsil edən gənclərlə də müzakirələr aparmaq imkanım oldu. Hər iki kateqoriyanı təmsil edən, məqsədli və məqsədsiz gənclər mənim üçün çox qiymətlidir. İstər məqsədsiz “yaxşı” olsun, istərsə də məqsədli “ağıllı”, bu gəncləri çox sevirəm. Hər zaman hesab etmişəm ki, bizədək və bizdən sonrakı bütün əsrlərin yeni trendləri həmin dövrün gəncləri olub və bundan sonra da belə olacaq. Gənclər ictimai rəydir, gənclər tələbdir. Elə bir tələb ki, gərək bizlər bütün təklifləri bu tələblərə uyğunlaşdıra bilək. Gəncləri öz dövrümüzə çəkib aparmaq əvəzinə, onları daha məqsədli işıqlı sabahlara motivasiya edək”.

- Kitabdakı yaxşı oğlan obrazı barədə fikirlərinzi maraqlı olardı... 
- Kitabda hər qrupu təmsil edən bir nümunə təqdim etmişəm. Cəmiyyətimizdə necə ki, yaxşı oğlan var, yaxşı da qız var, necə ki, ağıllı qız var, ağıllı da oğlan var. Beləliklə, yaxşı oğlanlar və yaxşı qızları yaxşı oğlan olan Fərid, ağıllı oğlanları və ağıllı qızları isə ağıllı qız Fəridə təmsil edir. Gəl baxaq görək yaxşı oğlan kimdir? Dostumuz Fərid, sözün əsl mənasında, yaxşı oğlandır. Ona hər yerdə rast gələ bilərsən - orta məktəbdə, universitetdə, əsgərlikdə, evdə, işdə, qonşuda, qohumda. Yaxşı oğlan yaxşı söhbətlər edir, ədalət axtarır, zəifləri müdafiə edir. Hörmət sahibidir. Ona etibar etmək olar, səni heç vaxt satmaz. İstər davaya çağır, istər borc al. O, döyüşə də, dostluğa da həmişə can-başla hazırdır. Bu xüsusiyyətləri mükəmməldir, mən də alqışlayıram. Əsərin qəhrəmanlarından bir olan, yaxşı olan Fəridin balaca eyibi var; o, vaxtını boş yerə xərcləyir. Yaxşı oğlan kimi günün çox hissəsini çayxanalarda keçirib işsizlikdən, pulsuzluqdan, adamsızlıqdan gileylənir və yaxud universitet dəhlizlərində boş-boş gəzib bir dəfə də olsun kitabxanaya müraciət etmədən, kitab tapa bilməməsindən, dərs yükünün ağır olmasından şikayətlənir. O, bir az intizamsızdır. Çox vaxt dərsə gecikir. Unudur ki, yaxşı oğlan olmaq intizamsız olmağa əsas vermir.

Təhsili mənasız iş saydığı vaxtlar da az olmur. Həmişə fikirləşir ki, universitetdə vaxt itirir. Auditoriyada oturmaq yerinə hansısa bir işlə məşğul olsa, yaxşı pul qazanar və bu pulu əlbəttə ki, ailəsinə, dostlarına xərcləyə bilərdi.

- Bəs ağıllı qız ? 
- Fəridə öz üzərində işləyən, gələcəyini düşünən, heç kəsdən heç nə ummayan, özünütənqid hissi və məqsədləri olan bir gəncdir. Fəridə başa düşür ki, bu gün aşına nə töksə, sabah qaşığına o çıxacaq. Buna görə də dərslərini yaxşı oxumaqdan, ikinci növbədə işləməkdən, xarici dil öyrənmək əziyyətinə qatlaşmaqdan qaçmır. Ən əsası, o, gününü düzgün bölür və hətta yaxşı oğlanlar kimi, yaşadığı yerin gəzməli-görməli yerlərində istirahət etməyə, öz rəfiqələri və tələbə yoldaşları ilə vaxt keçirməyə də fürsət tapır. O da dostlarına kömək edir, fürsət olduqca yaxşılıq etmək istəyir. Amma bilik və bacarığını artırmaq və qarşıya qoyduğu məqsədlər onun üçün hər şeydən öndədir. Ağıllı qız da anlayır ki, bilik və bacarığı olmasa, o, gələcəkdə nəinki heç kəsə, heç özünə də kömək edə bilməyəcək. Buna görə də o, dayanmadan bilik və bacarığını artırır. Ağıllı qız qısa və uzunmüddətli məqsədlərə, hədəflərə addım-addım yaxınlaşmağa çalışır.

O, öz prinsiplərinə sadiqdir. Heç bir kənar fikir onu yolundan döndərə bilmir.
L.N.Tolstoy deyir: “Fikir hər şeyin başlanğıcıdır. Fikirləri də idarə etmək mümkündür. Ona görə də mükəmməlliyin başlıca şərti fikirlər üzərində işləməkdir”. Ağıllı qız da fikirləri üzərində işləyir. Onun gələcəkdə olmaq istədiyi yer barədə fikirləri aydındır, bunun üçün də səylə öz işgüzar inkişafı üzərində çalışır. Ağıllı qız səyahət etməyi, müxtəlif insanlarla tanış olmağı sevir. O, diqqət mərkəzində olmağı bacarır və bu mərkəzi özü müəyyənləşdirir.

- Bəs qəhərəmanlar əsərdə bir birini tanıyırmı? 
- Kitabda Fərid və Fəridənin kiçik, lap kiçik bir sevgi hekayəsi də var. Əslində kitabın qəhrəmanları Fərid və Fəridə təkcə universitetdə deyil, orta məktəbdə də bir sinifdə oxuyublar. Fəridin ali təhsil almaq arzusu olmayıb. O, Fəridəni çox sevdiyindən bu ixtisasa qəbul olub. Hazırlığa da rayonda Fəridə ilə birgə gedib. Fəridənin yanında pərt olmamaq üçün ona görə var gücü ilə hazırlaşıb və qarşısına qoyduğu məqsədə çatıb. O, hesab edirmiş ki, Fəridəni 4 il görməsə bu ayrılığa dözə bilməz. Əslində Fəridi vurulmaq və sevmək bu məqsədinə çatdırmışdı. O, bu mənada vurulmağına peşman deyildi. Bu məqsədə çatdıqdan sonra Fəridin çatışmayan cəhətləri Fəridədən fərqli olaraq, bir qədər plansız olması idi. Çünki Fərid hesab edirdi ki, vurulubsa, sevgi və məhəbbət bütün planların fövqündə duran bir məsələdir. Başqa planlara sonra da baxmaq olar, bu gün ən aktual məsələ sevgidir. Əslində Fəridə də Fəridə biganə deyildi. Amma müasir dövrün müasir tələbləri var. Sevgi, vurulmaq gözəl hissdir, amma Fəridənin sevgi və işgüzar inkişafla bağlı digər planları var.

- Müəllif olaraq, seçim etsəniz hansı qərəmana üstünlük verərdiniz? 
- Əslində, yaxşı və ağıllı, məqsədli və ya məqsədsiz olmaq qəbahət deyil. Sadəcə, nəzərə almaq lazımdır ki, işgüzar inkişafa doğru gedən yolda yaxşı və ağıllı, məqsədli və məqsədsiz yanaşmaların ola bilər. Gərək bu yanaşmaları qarışdırmadan öz işgüzar inkişafının üzərində daha yaxşı və daha ağıllı, ən önəmlisi isə məqsədli düşünəsən. Bu isə yalnız və yalnız gənclərin öz əlindədir. Məqsədsizsən?! Məqsədlisən?! bunu gənc özü bu kitabı oxumaqla çox asan şəkildə qərar verə bilər və gənc oxucu bunu özü müyyən etməlidir.

- Kitablarınız əsasən hansı yaş qruplarını əhatə edir?
- Kitab əsasən yeniyetmə və gənclər üçündür. Belə desək, tələbəlik həyatına ilk qədəm qoyan gənclər üçün nəzərdə tutulub. Tələbələrin işgüzar inkişafına yönəlik bir əsərdir. Amma kitabları oxuyan yaşlı nəslin nümayəndələri də öz dəyərli fikirlərini bölüşmələri məni çox sevindirir.

- Gənclərə faydalı məsləhətləriniz olur. Sizcə bu günün gəncləri bundan nəticə çıxara bilirlərmi?
- Seçim gənclərindir. Mən sadəcə fikirlərimi onlarla bölüşürəm. Müasir Azərbaycan gəncliyi çox fəxr ediləsi bir gənclikdir. Səmimi deyim ki, bu gün bizlərin də onlardan öyrənəcəyimiz çox şey var. Kitabda elektron ünvanım da qeyd etdiyim üçün bu gün onlarla maillər alıram. Siz təsəvvür edirsinizmi, gənclər nəinki öz fikirlərini bölüşür, onlar növbəti yaradıcılıq üçün gözəl ideyaların əsasını qoyurlar. İşgüzar inkişafına laqeyd qalmayan yüzlərlə, minlərlə gənclərimiz var. Hansı peşədə, hansı işdə çalışmaq arzusundan aslı olmayaraq, müasir Azərbaycan gəncliyi mükəmməldir.

- Əvvəlki kitabınızla bunun arasında oxşar cəhətlər varmı?
- Əvvəlki kitablardan bu kitab çox fərqlənir. Məqsədlisən?! kitabı bəddi üslub və işgüzar inkişaf üzrə sintezin nəticəsində ərsəyə gəlib. Adətən işgüzar inkişaf müəllifləri bədii sahəyə çox az müraciət edir. Amma düşünürəm ki bu sintez çox gözəl alınıb. Bu sintez həm də gənclərin öz işgüzar inkişafları sahəsində də daha müqayisəli düşünməsi üçün gözəl bir zəmin yaradır.

- Kitablarınızda real hadisələr daha çox yer alır, yoxsa öz təxəyyülünüz?
- “Məqsədlisən?!” kitabında real hadisələr və təxəyyül paralel gedir. Bu müqayisə üçün gözəl imkan yaradır. Real hadisələrə, xüsusən ölkəmizdə baş verən pozitiv real hadisələrə geniş yer verirəm. Ümumiyyətlə, isə yazar olaarq mövqeyim ondan ibarətdir ki, gənclərə gözəl örnəkləri xaricdən deyil, ölkəmizdən göstərmək lazımdır. Onlar bu örnəkləri görürlər, dəyərləndirirlər. Və ən əsası özləri də bu örnəklərin iştirakçılarına çevrilirlər. Bu gün ölkəmizdə təkcə dövlət qurumları deyil, bir çox şirkətlər də gənclərin inkişafına dəstək verir. Bu örnəkləri oxuyan gənclər təbii ki bu imkanalardan istifadə edir. Onların bu resurslara çıxmaq üçün informasiya mənbələri genişlənir.

- Gənclərlə bağlı yazılası mövzu çoxdur. Maraqlıdır, mövzu seçimini nəyə əsasən edirsiniz?
- Maraqlı sualdır, sırf işgüzar inkişafın və karyeranın müxtəlif mərhələri üzrə mövzulara müraciət edirəm. Bu sahə yeni bir sahədir. Düşünürəm ki, həm də gəncləri maraqlandıran bir sahədir. Bu sahədə ölkəmizdə yazılası minlərlə pozitiv nümunələr var. 

Könül Oruc 

 

Xəbər xətti