Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir

18:09 - 24 Dekabr 2018 - KİVDF

Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. 

Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiyanın 127-ci maddəsində təsbit olunmuş ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə əsasında həyata keçirilməsi mülki məhkəmə icraatının təminatlarından biridir. Mülki məhkəmə icraatında prosessual bərabərlik digər şərtlərlə yanaşı, tərəflərin eyni imkanlara malik olmalarını da nəzərdə tutur. Buna görə də, Azərbaycan Respublikasının Mülki Prosessual məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin bərabərliyi  v’ faktlar əsasında həyata keçirilməsi prinsipi möhkəmləndirilərək, məhkəmənin üzərinə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsi qoyulur (9.1 və 14.1-ci maddələr). 9-cu maddənin digər bəndlərində is’ bildirilir ki, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

Mülki Prosessual Məcəllənin 14-cü madsdəsilə iş üzrə məhkəmə baxışının prinsipləri tənzimlənir bu maddənin  2-ci, 3,cü, 4 və 5-ci bəndlərində qeyd olunub ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. O tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.
İşdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər.

Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdir.
Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 
Mülki Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq,  işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.  Maddənin mətnindən belə nəticəyə gəlmək olar ki, işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. Bu maddənin 1-ci  bəndində görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43 və 44-cü maddələrinin mənasına görə, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanan və özündə həmin Məcəllənin 43-cü maddəsində göstərilən bütün şərtləri və məlumatları, o cümlədən işçinin əmək funksiyalarını ehtiva edən yazılı razılaşmadır. 44-cü maddədə isə qeyd olunub ki, əmək müqaviləsi yazılı formada bağlanır. 2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

 İşçinin əmək funksiyası isə Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində konkretləşdirilmiş və müəyyən edilmişdir ki,  işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.  Digər bəndlərə görə, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.  Əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşə-ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər.
İşçinin yalnız əmək müqaviləsində dəqiq müəyyənləşdirilmiş funksiyalarını yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti Mülki Məcəllənin 1099.1-ci maddəsinə uyğun olaraq işəgötürən daşıyır.               

 Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işəgötürən əmək şəraitini, o cümlədən əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. Buna görə də işçi işlərin təhlükəsiz aparılmasını fiziki və ya hüquqi şəxsin nəzarəti altında həyata keçirməli olur. Bu halda da Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs nəzarəti altında olan işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. 
Yuxarıda göstərilən qaydalara mülki hüquq müqavilələri bağlanarkən də riayət edilməlidir. 

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin qeyd etməyi vacib hesab edir ki, nümayəndələrin xüsusi səlahiyyətlərinin dairəsi Mülki Prosessual Məcəllənin  74.2-ci maddəsində sadalanıb. Bu maddədə bilirilib ki, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
Nümayəndənin səlahiyyətinə xitam verilməsi isə 75-ci maddə ilə xitam verilir. Bu maddəyə görə, işdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər.
Qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir.

Xəbər xətti