“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” şüarı altında növbəti qış yürüşü

14:44 - 19 Dekabr 2018 - Xəbər

Vertical Dağçılıq Klubunun təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” şüarı altında növbəti qış yürüşü uğurla başa çatıb.

Budəfəki yürüş Azərbaycanın ən yüksək zirvəsi, hündürlüyü 4811 metr olan Savalan zirvəsinə təşkil edilib. Yürüşə 13 dekabr tarixində, dəniz səviyyəsindən 2620 metr hündürlükdə yerləşən Şabil istirahət mərkəzindən start verilib. Yürüşün 2-ci günü, dekabrın 14-ü 3550 metr yüksəklikdə yerləşən Pənahgahda , 3-cü günü 15 dekabrda isə 3750 metr yüksəklikdə yerləşən Meçid adlı yerdə gecələyərək keçirilib. Dekabrın 16-sı səhər saat 05:30-da zirvə yürüşünə başlanılıb və 12:30-da zirvəyə çatılıb. Yürüşün bütün iştirakçıları zirvəyə çatdıqdan sonra, saat 13:00-da zirvədən geriyə doğru hərəkətə başlanılıb və saat 20:00-da start nöqtəsi olan “Şabil”də yürüş uğurla başa çatıb.

Yürüşdə "Vertical Group"un və Vertical Dağçılıq Klubunun rəhbəri Emil Vəliyev və "Leon" şirkətinin direktoru Sarvan İsmayılovla yanaşı, "Zəncan Alpine Club"un rəhbəri Ayaz Saeidzade və klubun digər idmançıları iştirak edib. Zirvə yürüşündə 3 rəngli bayrağımızla yanaşı İrəvanımızın bayrağı da hər zamankı kimi dalğalanıb. Yürüş iştirakçıları 19 dekabrda Vətənə geri dönüblər.


Xəbər xətti