BTC ilə neft nəqli artıb

16:18 - 18 Dekabr 2018 - Xəbər

 Bu ilin yanvar-noyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 31 018,6 min ton həcmində neft ötürülüb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə hesabat dövründə Azərbaycanın magistral neft kəmərləri ilə 38 013,1 min ton neft nəql edilib. Magistral neft kəmərləri ilə nəqletmənin 81,6%-i BTC kəməri ilə həyata keçirilib.
Bu ilin 11 ayında BTC ilə nəqlin həcmi ötən ilin müvafiq dövründən 0,51% çox, magistral neft kəmərləri ilə nəqletmənin həcmi isə 2,85% az olub. Dövr ərzində BTC kəməri ilə 5 986,7 min ton tranzit nefti də nəql edilib. Bu isə ötən ilin müvafiq dövründən 1,86% artıqdır.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

Xəbər xətti