Ana səhifə
23 May 2018

İran səfiri “Üç nöqtə”yə danışdı – Müsahibə + FOTOLAR

Möhsün Pak Ayin: “Allaha şükürlər olsun ki,  ölklərimiz arasında münasibətlər çox yaxşıdır”

 

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayinin “Üç nöqtə” qəzetinə veridiyi eksklüziv müsahibəni təqdim edirik.
 

- Cənab səfir, əvvəla müsahibə ilə bağlı müraciətimizə müsbət cavab verib, bizi burada qəbul etdiyinizə görə sizə öz minnətdarlığımızı bildiririk. İlkin olaraq soruşmaq istərdim - Azərbaycanda yaşamaq, fəaliyyət göstərmək necədir və bu “pəncərədən” baxanda ölkəmizi necə görürsünüz?

 

- Biz Azərbaycanı ölkəmizlə müştərək mədəniyyətə malik olan bir ölkə kimi görürük. Burada özümüzü doğmalarımızın arasında yaşadığımız kimi hiss edirik. Həm tarixi, həm dini, həm adət-ənənələr və mədədniyyət baxımından ölkələrimiz bir-birinə çox yaxındır. Musiqimiz bir-birinə çox oxşardır, iftixar ediləsi şəxsiyyətlərimiz müştərəkdir. İki ölkə əhalisinin danışdığı dil bir-birinə çox yaxındır. Ümumilikdə biz burda qəribçilik hiss etmirik.
Əgər Azərbaycana iqtisadi baxımdan baxsaq görərik ki, sürətlə inkşaf edən, quruculuq işində olan və günü-gündən daha da yaxşılaşan bir ölkə görürük. Biz Azərbaycanın bugünkü sürətli inkişafına görə çox şadıq.
Əgər ölkənizə siyasi baxımdan baxsaq gxörərik ki, hər iki ölkə rəhbərləri əlaqələrin daha da inkişaf etdirilməsində əzmkardırlar və iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün heç bir maneə yoxdur.
Əgər ölkənizə beynəlxalq səviyyədə baxsaq görərik ki, beynəlxaq təşkilatlarda qurumlarda bir-birimizi dəstəkləyən ölkələrik. Bu səbəbdən düşünürük və hiss edirik ki, iki ölkə xalqları, iki ölkə bir-birinə çox yaxındır. Dünyada üçüncü elə bir ölkə tapmaq olmur ki, İranla Azərbaycanın yaxınlıqları, müştərəklikləri baxımından bu qədər yaxın olsunlar. Eyni zamanda bunu da bilirik ki, Azərbaycanın çox yaxşı və səmimi jurnalistləri, müxbirləri var və bizim media nümayəndələri ilə çox yaxın əlaqələrimiz qurulub.

 

- Cənab səfir, Azərbaycanı gözəl gördüyünüz üçün təşəkkür edirəm. Amma o da sirr deyil ki, hər bir evin öz problemləri, qayğıları, süni olaraq yaradılan narahatlıqları da olur. Məsələn, Qarabağ problemi kimi. Bu aspektdən baxanda hansı mənzərə ilə qarşılaşırsınız?

 

- Hazırda Azərbaycanda olan gözəlliklər onun problemlərindən, nöqsanlarından qat-qat çoxdur. Sizin ölkəniz inkişaf etdikcə, daha müsbət yeniliklər baş verəcək. Sizin də qeyd etdiyiniz kimi, Dakğlıq Qarabağ problemi də böyük problemdir və ümid edirik ki, bu problem də həll olunacaq. Biz bilirik ki, sizin ölkənin bu problemi həll etmək üçün möhkəm iradəsi, istəyi var. Azərbaycan xalqı da çox istəyir ki, işğal olunmuş ərazilər tezliklə qaytarılsın. Ümid edirik ki, Minsk qrupu kimi beynəlxalq təşkilatlar da öhdələrinə düşən vəzifələrini yerinə yetirsinlər və bu sahədə qəbul olunmuş qətnamələr də icra edilsin. İnşaallah, sizin məmləkətdə əminamanlıq və sülh hakim olsun.
 

 

- İnşaallah! Cənab səfir, İran prezidenti Həsən Ruhani noyabrın 12-də Bakıya rəsmi səfər etdi. Azərbaycan Prezidenti İlham Əliyevin və hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlər zamanı cənab Həsən Ruhani yaxşı bir fikir səsləndirdi. Prezident dedi ki, Azərbaycan və İran arasındakı bu əlaqələr iki xalqın mənafeyinə xidmət edəcək. Bəllidir ki, bu, Prezidentlərin 4-cü görüşü idi. Sizcə bu görüşlərin nəticəsi olaraq nələr hasil olundu, aparılan danışıqlarda özümüz üçün nələri müəyyən etdik?

 

- İki ölkə prezidentlərinin 1 il ərzində 4 dəfə görüşməsi bir rekord nəticədir. Bu, hər iki tərəfin əlaqələrin genişləndirilməsinə istəkli olduqlarını, əzimkar olduqlarını göstərir. Bu, özü-özlüyündə bir imtiyaz, bir dəyərdir. Eyni zamanda, biz müxtəlif sahələrdə əlaqələrimizi genişləndiririk. Ticarət sahəsində qarşıda olan maneələrin həll olunması üçün müəyyən işlər görüldü və bu manelərin bir çoxu həll olundu. İki ölkənin sərhədləri daha təhlükəsiz olub. Gömük-keçid məntəqələrində daha sadələşdirmələr oldu. Viza verilməsi daha da sadələşdirildi. İki ölkənin özəl sektor nümyəndələri - tacirləri, iş adamları arasında əlaqələr genişləndi. Bu səbəbdən də hazırda ticarət dövriyyəsi də artmaqdadır. Tranzit sahəsində hər iki ölkə Rusiya ilə birlikdə Rəşt-Astara və eləcə də Astara-Astara dəmir yolu xəttinin tezliklə başa çatdırılması üçün müəyyən işlər görür və bunun tez başa çatdırılmasını istəyirlər. Azərbaycan tərəfindən İrana Astara və Biləsüvar magistral yollarının çəkilməsi işi başa çatdırılmalıdır. Bütün bunlar gələcəkdə iki ölkənin yükdaşımalarında daha da fəallaşmaya imkan yaradacaq. Enerji və elektrik enerjisi sahəsində də həm elektrik enerjisinin ixrac edilməsi, həm də və mübadilə edilməsində müəyyən irəliləyişlər var. Neft-qaz sahəsində qərara alınıb ki, İran Şahdəniz layihəsində daha çox investisiya yatırsın. Azərbaycandan İran vasitəsi ilə Naxçıvana qaz nəqli hazırda davam edir və gələcəkdə bunun artırılması nəzərdə tutulub. Biz turizm sahəsində çoxsaylı azərbaycanlıların İrana səfərini reallaşdırmaqdayıq. İl ərzinə təqribən 1 milyon nəfərə qədər azərbaycanlı İrana ziyarət edir. Turistlər 3 istiqamətdə müəyyən olunur - sağlamlıq, ziyarət və səyahət turuzmi. Son samanlar idman turizmi inkişaf edir və Azərbaycandan İrana xizək sürmək üçün gedənlər olur. Ümumilikdə, iki ölkə Prezidentlərinin bu görüşlərindən çox nəticələr əldə etmişik. Regional məsələlərdə bizim anlaşmamız daha da çoxalıb. Regionda sülhün bərqərar olunması üçün daha çox əməkdaşlıq edirik. Regionda baş qaldıran təkvirçilik və ifratçı qrupların aradan qaldırılmasını istəyirik. Həm təkvirçilik, həm də narkotik qaçaqmalçılığına qarşı birgə tədbirlər həyata keçiririk. Adətən beynəlxalq qurumlarda da bir-birimizin mövqeyini dəstəkləyirik.

Təqribən 200-250 min iranlı Azərbaycana ziyarət edir. Hazırda iranlılara Naxçıvana daxil olmaq üçün vizanın yerində verilməsi həyata keçirilir və bu səbəbdən də çoxlu İran turistləri Naxçıvana gedib gəlirlər. Sadələşdirilmiş viza verilməsi Astara-Biləsüvar sərhəd-keçid məntəqəsində reallaşsa, o zaman İrandan Azərbaycana daha çox turist gələcək. Hazırda müzakirələr davam edir və Azərbaycan tərəfi bu məsələnin sadələşdirilməsi üçün söz verib.

 

- İranlı siyasi şərhçi Bəhram Əmirəhmədi deyib ki, ticarət sahəsində iki ölkə arasında alış-veriş çox yuksək səviyyədədir, amma bu sahədən çox faydalana bilmirik. O, bu istiqamətdə mövcud qanunlarda olan maneələri aradan qaldırmağı lazımlı hesab edib. Sizcə, hansı qanunlar bu maneələri aradan qaldıra bilər?

 

- Təbii olaraq, hər iki ölkə tərəfindən gömrük tarifləri, gömrük rüsumları nə qədər aşağı salınsa, tacirlərin, iş adamlarının gediş-gəlişləri, alveri üçün daha səmərəli olar. Hazırda bu, iki ölkə arasında əsas müzakirə mövzularından biridir. Bunun üçün ölkələrarası sənədlər hazırlanmalı və imzalanmalıdır. Bu istiqamətdə işlər davam etdirilir. Bunlarla yanaşı vizanın verilməsi məsələləri də çox önəmlidir və Azərbaycan tərəfi də vizanın verilməsinin sadələşdirilməsi üçün müəyyən işlər görməlidir.
 

“Minsk qrupu öz imkanlarından istifadə etsə, bu münaqişəni həll edə bilər”
 

 

- Cənab səfir, hər zaman dost dostdan, qardaş qardaşdan umur. Azərbaycan ictimaiyyəti də bu mənada ərazilərinin işğal altında olduğu bir vaxtda ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində İranı öz yanında görmək istəyir. Biz onu da bilirik ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bölgədə sülhün bərqərar olunması prosesində öz dəstəyini əsirgəməyəcəyini də bildirib. İki ölkə prezidentlərinin imzaladığı bəyannamədə də Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti qəbul edilmir. Qüdrətli bir dövlət kimi İranın münaqişənin həllinə dair hazırki münsibəti nədir və məsələ ilə bağlı hans diplomatik gücü ortaya qoya bilər. O cümlədən, Minsk qrupunun fəaliyyətini necə qiymtləndirir?

 

- Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını İran qədər istəyən ikinci bir dövlət tapmaq olmaz. Ona görə ki, bu münaqişənin mövcudluğu bizim öz sərhədlərimizi də təhlükə ilə qarşı-qarşıya qoyur. Hazırda münaqişə əraziləri İranla həmsərhəddir. Münaqişə əraziləri təhlükəli ərazilər olduğuna görə biz orada infrastruktur layihələri həyata keçirə bilmirik. Bu münaqişənin başlandığı ilk gündən biz Azərbaycanın yanında idik. Hazırda da cənab prezident Ruhaninin tutduğu bu mövqe çox güclü bir mövqedir və bu yol bütün İran xalqının mövqeyidir. Biz hətta prezidentlərin Birgə Bəyənnaməsini də qəbul etdik ki, bu özü də çox güclü bir bəyannamə idi. Amma məsələ burasındadır ki, hazırda Qarabağ münaqişəsinin həlli Minsk qrupunun öhdəsindədir. Əslində bu sahədə hər hansı iş görmək onların səlahiyyətləri içərisindədir. Minsk qrupuna həmsədr ölkələr BMT-nin təhlükəsizlik Şurasının üzvləridir və BMT-nin çıxardığı qərarların da icrasını bu dövlətlər istəməli və yerinə yetirməlidirlər. Onlar həm BMT-nin Təhlükəsizlik Şurasındadırlar, həm də Minsk qrupunun həmsədri ölkələrdir və bu işdə daha çox məsuliyyət daşıdıqları üçün onlardan daha çox gözləntilər olmalıdır. Amma təəssüflər olsun ki, münaqişənin həlli üçün Minsk qrupunun lazımi istəyi və iradəsi yoxdur. Onlar bu imkana malikdirlər, lakin istək yoxdur. Onlar daha çox münaqişənin uzadılmasını istəyirlər. Ona görə ki, belə olduqda münaqişənin hər iki tərəfi bu ölkələrə möhtac olurlar. Onlar bu münaqişənin uzadılması ilə öz mənafelərini həyata keçirirlər. Düşünürük ki, əgər Minsk qrupu öz imkanlarından istifadə etsə, bu münaqişəni həll edə bilər.

 

- Bəllidir ki, bu gün regionda uzun zamandan bəri davam edən münaqişələr var - Yaxın Şərq problemi, Krım, Qarabağ və sair. Münaqişələr getdikcə daha da “alovlanır”. Bu gün regionda maraqları olan böyük dövlətlərin, İran da daxil olmaqla, öz təsir və təzyiq gücündən istifadə edib nəhayət ki, dünyanı müharibələrə, eləcə də Qarabağ münaqişəsinə “bəsdir” demələrinin vaxtı çatmadımı və böyük güclərin regiondakı münaqişələrə münasibəti nədir?

 

- Superdövlətlərin regiondakı maraqları uzunmüddətli maraqlardır. Xüsusilə, regionun enerji bazarını əldə etmək istəyən regiondan kənar ölkələrin. İran bu sahədə çoxlu tənqidlər edir və öz təkliflərini dünya birliyinə çatdırır. Lakin kimsə İarnın sözünə qulaq asmır. Düşünürəm ki, artıq zamanı çatıb ki, vasitəçiliyin necə olması barədə yenidən düşünülsün. Bu sahədə yeni təşəbbüslər, yeni təkliflər ortaya qoymaq lazımdır. Bu təklif və təşəbbüslərdən biri də münaqişənin həlli üçün region ölkələrinin vasitəçiliyinin nəzərdə tutulmasıdır. İran region ölkələrindən biri kimi, bu sahədə fəaliyyətini genişləndirməyə hazırdır. Lakin bu, Ermənistan və Azərbaycan dövlətlərinin bunu qəbul etməsindən asılıdır. Əgər belə bir şərait yaransa, münaqişənin həlli üçün bizim də müəyyən təklif və layihələrimiz var ki, onu deyə bilərik. Lakin hazırki şəraiti nəzərə alsaq, yaxın gələcəkdə münaqişənin həlli gözlənilmir.

 

- Ekspertlər hesab edirlər ki, “Araz Azad Ticarət Zonası” İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsas nüvəsini təşkil edir. Necə hesab edirsiniz, “Araz Azad İqtisadi Zonası”nın fəaliyyətə başlaması nə zaman reallaşacaq və bu, bizə hansı vədləri verir?

 

- “Araz Azad Ticarət Zonası” İran-Azərbaycan ticari əlaqələrinin əsas özəyidir. “Araz Azad Ticarət Zonası” iki ölkənin iqtisadi və ticari əlaqələrinin genişləndirilməsi üçün böyük rol oynaya bilər. Ümumilikdə belə bir iqtisadi Zonanın təsis edilməsi Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsi üçün nəzərdə tutulub. Ona görə ki, bu Ticarət zonası Azərbaycanla həmsərhəd olan regionda yerləşir və böyük bir regionu əhatə edir. Azərbaycan investorları yaxşı güzəştlər əldə edib orada sərmayə yatırımı edə bilərlər. Məsələn, ucuz qiymətə yerlər ala bilərlər, vergilərdən azad olmaq şərtilə iş qura bilərlər, gömrük taariflərindən müəyyən qədər azad ola bilərlər, orada zavod, fabrik tikə bilərlər ki, bunun üçün hər cür şərait var. Eyni zamanda istehsal etdikləri məhsulları ekspor edə bilərlər. Region baxımından nəzər saldıqda, Ticarət zonası Türkiyə və İraqın yaxınlığında yerləşdiyinə görə, Türkiyə vasitəsilə məhsulların Avropaya ixrac olunmasını təmin edə bilərlər. Araz Azad Ticarət Zonasından başqa, Naxçıvanın yaxınlığında “Maku Azad Ticarət Zonası” da var ki, orada da bütün bu imkanlar yaradılıb. Yaxud, Xəzər dənizinin sahilində “Ənzəli” limanında yerləşən “Ənzəli Azad Ticarət Zonası” da fəaldır və orada dənizdə yükdaşımalar üçün yaxşı imkanlar var. Bu yerlərdə Azərbaycan tacirləri, investorları üçün yaxşı imkanlar vardır. Hazırda orada müəyyən qədər azərbaycanlı investorlar fəaliyyət göstərirlər, lakin əslində daha çox olmalıdır.

 

- Prezidentlərin Birgə Bəyənnaməsində yer alan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması məsələsi ölkələrimiz üçün nə dərəcədə əhəmiyətlidir?

 

- Təbii ki, bu dəmir yolu xətti açılsa, Azərbaycan Fars Körfəzinə birbaşa çıxış əldə edə bilər. Əslində, Rusiyanın dəmir yolu xətləri Azərbaycan vasitəsilə İran dəmir yolu xəttinə birləşəcək və bu da Rusiyadan başlayaraq malların Fars Körfəzinə qədər daşınmasını təmin edə bilər. Bu dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsinin tikintisi artıq təqribən bitib. Rəşt-Astara hissəsinin də layihə işləri bitib. Bu dəmir yolunun birləşməsi üçün Azərbaycan tərəfi İran sərhəddinə qədər olan hissəni və orada körpünün tikintisini öz üzərinə götürüb. Hər iki tərəf bu dəmir yolu xəttinin çəkilməsində qərarlıdır.

 

- Ermənistana dəmir yolu xəttinin çəkilməsi ilə bağlı mətbuatda müəyyən fikirlər dolaşdı. Nə dərəcədə düzgün məlumatdır?

 

- Bu daha çox təbliğata işləyən xəbərlərdir. Əslində belə bir şey yoxdur.

“Üçüncü” qüvvələrin təsir imkanları və təsirləri minimuma enib”

 


- Cənab səfir, İran və Azərbaycanın dostluğu barədə çox danışılır. Cənab Prezident Həsən Ruhani Azərbaycana səfəri zamanı bu barədə gözəl fikirlər səsləndirdi. O, “Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur” söyləməklə də böyük dəyərlərə sahib olduğunuzu önə çəkdi. Prezidentin çıxışında eyni zamanda “İran-Azərbaycan dostluğu sarsılmazdır və heç bir kənar qüvvə bizim aramıza girə bilməz” fikirləri də yer aldı ki, bu, təsadüfi sayıla bilməz. Bundan çıxış edərək, bu gün Azərbaycan-İran dostluğuna maneə yaradan hansı kənar “əllərin” işlədiyini müşahidə etmək olar?

 

- “Üçüncü” qüvvə həmişə vardır. Amma hazırda onların təsiri çox deyil. Səbəbi də budur ki, iki ölkə rəhbərləri özlərinin müdrikliyi ilə artıq “üçüncü” qüvvələri tanıyıblar. Bu qüvvələr nə vaxt fəallaşsa ölkə rəhbərləri elə mövqe seçirlər ki, onlarn təsiri az olsun. Düşünürəm ki, hazırda “üçüncü” qüvvələrin təsir imkanları və təsirləri minimuma enib.

 

- İranın “Səhər” kanalı tez-tez Azərbaycanda narahatlıq yaradan təxribatçı məlumatları ilə də tanınıb. Nəyə görə bu kanal bir çox hallarda münasibətləri qızışdırıcı mövqedə dayanır?

 

- “Səhər” kanalı iki ölkənin mədəni əlaqələrinin genişləndirilməsi üçün böyük rola malikdir. Mən onların rəhbəri ilə də görüşmüşəm və onlar da iki ölkə əlaqələrinin möhkəmləndirilməsini istəyirlər. Lakin bu media orqanının bir özəliyidir. Ola bilər ki, hardasa, nə vaxtsa elə bir söz yazsın ki, hər iki tərəfi qane etməsin. Əslində media nümayəndələrinin yazıları, xəbərləri iki ölkə arasında olan münasibətlərdən asılıdır. Əgər münasibətlər yaxşı olsa, bunlar da təbii ki, yaxşı yazacaqlar. Pis olsa, ola bilər ki, hardasa müəyən şeylər yazsınlar. İki ölkə arasında əlaqələrin nisbətən sərinləşdiyi və aramızda müəyyən anlaşılmazlığın olduğu bir dövrdə hər iki ölkənin kütləvi informasiya vasitələrində bir-birinə qarşı müəyyən sözlər yazılıb. Lakin bu gün Allaha şükürlər olsun ki, ölkələrimiz arasında münasibətlər çox yaxşıdır və hər iki ölkənin kütləvi informasiya vasitələri, radio və televiziyaları müsbət xəbərlərin verilməsinə çalışırlar. “Səhər” kanalının son 3-4 ayını izləmişəm, son aylarda onların xəbərləri, məlumatları müsbət və iki ölkənin əlaqələrinin möhkəmlənməsi yönündə olub. Bu müsbət baxış bu gün ona səbəb olub ki, bu gün Azərbaycanın yüksək rütbəli məshul şəxsləri də bu kanala müsahibə verirlər. Eyni halda hər birimiz bilirik ki, media azaddır və onları çərçivəyə ala bilmirik. Lakin ümumilikdə mən hazırkı vəziyyətdə kütləvi informasiya vasitələrində iki ölkə əlaqələrinin möhkəməndirilməsini müsbət dəyərləndirirəm.

 

- Təşəkkür edirəm cənab səfir. İstərdim bir qədər də asudə məqamlara toxunaq. Əvvəlcə onu deyim ki, bizdə İrana xüsusi bir doğmalıqla yanaşırlar. Mən sizinlə müsahibəyə gəlməzdən əvvəl sadə bir vətəndaşdan - xanımdan soruşdum görüm onun İrandan istəyi nədir. O xanım dedi ki, televiziyada İranın musiqisini, ailə-məişətini, həyat obrazını əks etdirən filmləri görmək istərdi. Xanım təssüflə nəyə görə bunların az olduğunu soruşdu.

 

- Biz elə buna görə də azərbaycanlıların İrana rahat getməsini təmin etmək üçün viza rejimini yığışdırdıq. Sizin qeyd etdiyiniz “Səhər” kanalı günün yarım saatında ola bilsin ki, siyasi, qılcıqlandırıcı xəbərlər yaysın, amma qalan vaxtlarda günün 10 saatında İran mədəniyyəti haqqında proqramlar yayır. Hazırda İranın Azərbaycan dilli vilayətlərində Azərbaycan dilində televiziya kanalları fəaliyyət göstərir və bu kanallara sputnik vasitəsilə rahatlıqla baxmaq olar. Amma razıyam ki, iki ölkənin radio-televiziya təşkilatları arasında əməkdaşlıq daha da genişlənməlidir. Hazırda ANS-lə İranın Radio-Televiziya təşkilatı arasında, eləcə də Azərtac xəbər agentliyi ilə İranın müvafiq qurumları arasında sənədlər hazırlanır və bunlar imzalanıb. Ümid edirik ki, bundan sonra bu istiqamətdəki birgə əməkdaşlıq daha da çoxalsın. Siz də bilirsiniz ki, biz Azərbaycanın kütləvi informasiya vasitələrinin nümayəndələrini İranın müxtəlif əyalətlərinə göndəririk. Onlar orada İranı daha yaxından görüb, İran adət-ənənələrindən, İranın mədəniyyətindən reportajlar hazırlayıb burada yayırlar. Biz bu sahədə daha çox işləməliyik.
 

 

- Jurnalistlər İrana neçə ildən bir göndərilir?

 

- Biz çalışırıq ki, hər iki aydan bir qrup göndərək. Son 8 ayda İranın 4 vilayətinə jurnalist qrupları göndərmişik. Biz istəyirk ki, hər ay olsun. Amma bəzən jurnalistlərin vaxtları olmur. O cəhətdən alınmır. Biz belə planlaşdırmışıq ki, hər ay bir qrup jurnalist göndərək.

 

- Cənab səfir, Azərbaycan musiqilərinə qulaq asırsınızmı və daha çox kimin mahnılarını?

 

- İran musiqisi ilə Azərbaycan musiqiləri bir-birinə çox oxşardır. Bizim muğam musiqilərimiz bir-birinə çox yaxındır. Musiqilərimiz bir-birinə o qədər yaxındır ki, bəzən seçə bilmirik bu Azərbaycan musiqisidir, yoxsa İran. Məsələn, İranda “Cücələr” musiqisi o qədər məşhurlaşıb ki, onu farscaya da tərcümə ediblər və uşaq proqramlarında yayımlayırlar və çox da sevirlər. Demək olar ki, hamı bilir onu. Məsələn, Rəşid Behbudovun “Lalələr”mahnısını çox sevirəm. Çox müğənnilərə qulaq asıram, amma indi yadıma sala bilmirəm.
 

 

- Deyəsən eyni tarixi kökə, oxşar mədəniyyətlərə malik olan bağlılığımız, bir çox hallarda “Bu musiqi mənimdir”, “O şair mənimdir” - deyə mübahisələrə də gətirir.

 

- Mən bəzən burada tədbirlərdə hər hansı musiqini eşidəndə görürəm ki, bu musiqi mənə çox tanışdır və onu İranda dəfələrlə eşitmişəm. Elə bilirəm ki, İran musiqisidir, amma sonra bəlli olur ki, demə bu, Azərbaycan musiqisidir. Düzdür, bu musiqilərin çoxu İran Azərbaycanında yaranıb.

 

- Cənab səfir asudə vaxtlarda gəzintiyə hara gedir?

 

- Səfərlər çərçivəsində ailəmlə birlikdə bir çox rayonlarda olmuşam. Bütün getdiyim regonlarda xeyli inkişafın getdiyini müşahidə etdim. İnsanları da çox səmimidir. Mən düşünmürəm ki, iranlılara qarşı olan bu səmimiyyət, başqa ölkələrə qarşı da olsun. İranlıları özlərinə çox yaxın hesab edirlər.
 

“Xoşladığım Azərbaycan yeməklərindən biri şabalıddan hazırlanmış aşqarasıdır”

 

- Hansı yeməklərimizi sevirsiniz?

 

- Elə yeməklər var ki, məsələn, lülə, tikə kabablar müştərəkdir. Burada xoşladığım Azərbaycan yeməklərindən biri şabalıddan hazırlanmış aşqarasıdır, səbzi qovurma, dolmalar, mantı (düşbərə). İranda xəmir xörəkləri, məsələn, xəngəl, duşbərə yoxdur. Şabalıddan hazırlanan qara İranda yoxdur.

 

- Bu günlərdə siz də şahidi oldunuz ki, ermənilər lavaşı da öz adlarına çıxdılar. Bununla bağlı fikirlərinizi deyin?

 

- Lavaşı İranda da çox istifadə edirlər, xüsusən də Azərbaycanlılar. Heç bir ölkə region xalqlarının müştərək mədəni irslərini öz adlarına çıxarmamalıdır. Məsələn, Novruz Bayramını götürək. Region xalqlarının heç biri iddia edib deməməlidir ki, Novruz təkcə mənə məxsus olub, başqasının deyil. Biz 10 ölkə ilə bir yerdə Novruzun dünya miqyasında, BMT-də bir bayram olaraq qəbul olunması üçün birgə fəaliyyət göstərdik. Ona gör də hazırda Novruz Bayramını 10 ölkə dəstəklədi və dünyada qeyd olunur. Hətta BMT Novruz baryamına görə tətil edib. YUNESKO təşkilatı özü də regionda olan mədəni irslərin hansı bir xalqın öz adına çıxmasına qarşıdır. Bizim mədəni müştərəkliyimiz ölkələrimiz arasında birlik yaratmaqdır. Beləcə, xalqalar bir-birinə daha yaxın olur. Ona görə də, region xalqlarından biri lavaşı öz adına çıxmamalıdır.
 

 

Tahirə Qafarlı

Tarix
16 Dekabr 2014 [10:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin