"Bu camaata görə peşmanam"- Əli Ağami

12:23 - 17 Dekabr 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçmasına görə təqsirləndirilənlərin məhkəməsi keçirilib. 

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə təqsirləndirilən şəxslər son söz deyib. Anar Əsgərov sözü olmadığını deyərək çıxışdan imtina edib.
İsrafil Soltanov özünü qismən təqsirli bildiyini deyib: "Mən əslində nə baş verdiyini bura gələndən sonra bilmişəm. Sadəcə Etibargil Biləcəridə gəlib mənim maşınıma miniblər. Mənim ikinci qrup əlil olmağımı, 2 azyaşlı övladımın olmasını nəzərə almağınızı istəyirəm. Bilirəm bu iş çox səs-küylüdür. Amma xahiş edirəm, səs-küylü yox, ədaləti əsas götürüb hökm çıxarasınız. Az da olsa, özümü günahkar bilirəm".
Tərlan Zeynalov özünü cinayəti bilib gizlətməkdə təqsirli bilib: "304-cü maddə ilə günahım yoxdu, mən adam qaçırmamışam. Etibar qaçıb mənim yanıma gəlib. Onu sonuncu dəfə 2015-ci ildə qardaşımın toyunda görmüşəm. Ondan sonra heç bir əlaqəm olmayıb. Qaçıb yanıma gəlib, pul istəyib vermişəm. Onun həbsdə olduğunu bilirdim, amma niyə tutulduğunu bilmirdim".

Əli Ağami isə son sözündə peşman olduğunu deyib: "Günahım var, qaçmışam. Amma bu camaata görə peşmanam. Tək mən tutulsaydım, bəlkə də peşman olmazdım. Sadəcə burda oturan adamlara görə peşmanam". 

Proses dekabrın 24-də davam etdiriləcək. 

Xəbər xətti