Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib

16:47 - 14 Dekabr 2018 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də İran İslam Respublikasının informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan-İran əlaqələrinin çox uğurla inkişaf etdiyini və bu gün yüksək səviyyədə olduğunu dedi. Prezident İlham Əliyev həm özünün İrana, həm də İran Prezidentinin Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq bu səfərlərin münasibətlərimizin möhkəmlənməsində rolunu qeyd etdi. Xalqlarımız arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu deyən Prezident İlham Əliyev bu gün bizim dost və qardaş iki ölkə kimi əlaqələrimizin genişləndiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin ikitərəfli əsasda imzaladığı sənədlərin uğurla icra edildiyini bildirdi. Prezident İlham Əliyev İran İslam Respublikasının informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi. İnformasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvi, ilk növbədə, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. O bildirdi ki, Prezident Həsən Ruhani Azərbaycan Prezidenti barəsində danışan zaman onu bir qardaş kimi görür və hər zaman Prezident İlham Əliyevin qurucu insan olduğunu qeyd edir. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Xəbər xətti