ASK-nın Baş katibinin müavini Özbəkistanda BƏT-in beynəlxalq konfransında iştirak edib

14:09 - 14 Dekabr 2018 - Xəbər

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibinin müavini Fuad Hümbətov Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfərdədir.

Ucnoqta.az xəbər verir ki, səfər çərçivəsində F. Hümbətov Daşkənddə keçirilən 3 beynəlxalq tədbirlərdə iştirak edib. İlk tədbir Özbəkistan hökuməti və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dünyanın 10 ölkəsindən olan sosial tərəfdaşların iştirakı ilə təşkil edilmiş “Əmək sferasının gələcəyi: BƏT-in 100 illiyi astanasında layiqli əməyin təyin edilməsi üzrə təşəbbüslər” adlı beynəlxalq konfransdan ibarət olmuşdur. Tədbirdə Özbəkistanın Baş naziri Abdulla Aripov, BƏT-in Baş katibi Qay Rayder, digər rəsmi şəxslər və sosial tərəfdaşların nümayəndələri iştirak ediblər.

Konfransın gedişatı zamanı ASK Baş katibinin müavini Fuad Hümbətov BƏT-in baş direktoru Qay Rayderlə, Özbəkistan Ticarət və Sənaye Palatası sədri Adham İkramov, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Adem Kula, Türkmənistan Ticarət və Sənaye Palatası sədrinin müavini Dövletgeldi Recepov, Qırğızıstan Ticarət və Sənaye Palatasının sədri Marat Şarşekeyev və digər rəsmi şəxslərlə görüş keçirmişdir. Cənab Q. Rayderlə görüş zamanı ASK prezidentinin salamları şəxsən çatdırılmışdır. BƏT-in Baş direktoru bu ilin may ayında Azərbaycanda  yüksək səviyyədə təşkil edilmiş analoji konfransdan memnunluğunu ifadə etmiş, işəgötürənlər təşkilatlarının bir çox ölkələrdə rolunun yüksəldiyini bildirib.

Türkmənistan Ticarət və Sənaye Palatası sədrinin müavini D.Recepov bu ilin dekabr ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkmənistana səfəri zamanı imzalanmış mühüm sənədlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlığa böyük təkan verəcəyinə əmin olduğunu söyləmiş, yaxın vaxtlarda Bakıda Türkmənistan Ticarət Evinin açılmasında ASK-nın da yaxından iştirak etməsi xəbərindən sevindiyini ifadə etmişdir. O, açılışa Türkmənistandan mütləq biznes nümayəndə heyətinin səfərinin təşkil ediləcəyinə söz verib.

Digər iki beynəlxalq tədbir, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İşçi qrupunda iştirak və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatası ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında Əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması olmuşdur.

Beynəlxalq Konfransda AR hökumətini ƏƏSM nazirinin müavini Mətin Kərimli təmsil edib.


Xəbər xətti