"Qarabağ"ın futbolçusu: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək"

15:38 - 14 Dekabr 2018 - Xəbər

Stadionun stüardları daha diqqətli olmalı idilər

“Avrokuboklardakı son matçımızda özümüzü yaxşı tərəfdən göstərmək istəyirdik. Böyük kluba qarşı oynadığımızı bilirdik. Çox çətin idi. Səviyyə fərqi özünü göstərdi. Rəqibin öz istəklərinə çata bilməməsi üçün kompakt oynamağa çalışırdıq. Təəssüf ki, bir qol buraxdıq”. Bunu “Report”un London bürosuna “Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının VI turunda İngiltərədə “Arsenal”a 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib. 30 yaşlı müdafiəçi bir neçə qol imkanı yarada bildiklərini söyləyib: “Gələn dəfə böyük komandalara qarşı oynayanda çalışacayıq ki, daha sərt mübarizə aparaq. Bu gün bəzi şeylərin çatışmadığı hiss olunurdu. Lakin bir-iki qol imkanı yarada bildik”.

Medvedev matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin separatçı “Dağlıq Qarabağ" rejiminin bayrağı ilə meydana daxil olmasına da münasibət bildirib: “Bu, təxribat məsələsi idi. İstəməzdik ki, belə oyunda bu cür hadisə baş versin. Bundan ötrü stadionun stüardları daha diqqətli olmalı idilər. Məncə, kimsə buna cavabdeh olacaq və cəzasını çəkəcək”.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov insidenti şərh edərkən "Bunu yalnız qorxaqlar edə bilərlər" deyib.

Xəbər xətti