“Sənətkarlarımız ABADçı adını qürurla daşıyır”

20:51 - 14 Dekabr 2018 - Müsahibə

Turanə Qasımova: “ABAD-ı həm də Azərbaycanda qeyri-neft sektorunun diversifikasiyası çərçivəsində yaranan mexanizlərdən biri də adlandırmaq mümkündür”

“Hazırda Respublika üzrə “ABAD”ın 9 etno-butiki fəaliyyət göstərir. Və bu butiklərin istehlakçı faizinin böyük hissəsini məhz xarici qonaqlar təşkil edir. Etno-butiklər məhz turistik baxımından ən əlverişli strateji ərazilərdə fəaliyyət göstərir. Bura gələn hər bir xarici qonaq mədəniyyətimizi təmsil edən bir suvenir belə öz ölkəsinə aparmış olarsa, bu ölkəmizin milli irsi üçün az da olsa töhfə deməkdir”- bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı ABAD-ın (Ailə Biznesinə Asan Dəstək) marketinq və PR şöbəsinin rəhbəri Turanə Qasımova dedi. T.Qasımova ilə ABAD-ın fəaliyyətindən söhbət açdıq. 

- İlk öncə “ABAD”-ın yaranmasından danışaq. Bu layihənin ideyası necə yaranıb? 
- “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Müasir dövrdə heç bir dövlət bütövlükdə xarici bazardan asılı ola bilməz. Ona görə də əhalinin tələbatını ödəmək üçün lokal iqtisadiyyatın bir çox əsas sahələrini inkişaf etdirmək zəruridir. Azərbaycanda da təsərrüfatın müxtəlif sahələrində çalışan bir çox kiçik ailə təsərrüfatları mövcuddur. Lakin bu gün onlar öz məhsullarını real bazar tələblərinə uyğun hazırlamaqda çətinlik çəkirlər. İstehsalat gücü çox olmur və bazar tələbatını ödəyə bilmirlər. Təsərrüfatlarının lokal və xarici bazarlara uyğunlaşdırılması, müasir standartlara cavab verən məhsulun istehsalı, onun qablaşdırılması, dizaynı, bir sözlə bir brendə çevrilməsi ailə üçün böyük xərclər tələb edir. Bildiyimiz kimi, istehsalatda çəkilən xərclər məhsulun son qiymətinə daxildir və belə olan halda, ailənin istehsal etdiyi məhsulun qiyməti çox yüksək, son nəticədə isə rəqabətqabiliyyətli olmur. Bütün bu amillər üzrə məhz fermerlərə dəstək naminə “ABAD” ideyası yarandı.
Yəni sertifikatlaşdırma, qablaşdırma, dizayn, marketinq və digər xidmətlərinin istehsal olunan məhsulun maya dəyərini azaltmağa və rəqabətqabiliyyətliliyini yüksəltməyə imkan verməsi üçün vahid bir qurumun yaranmasına ehtiyac duyulurdu. Hazırda bütün bu və digər xidmətlər və ən əsası son məhsulun satışının təşkili Azərbaycan ərazisində məhz “ABAD” publik hüquqi şəxs tərəfindən keçirilir. Onu da qeyd edim ki, ABAD-ı həm də Azərbaycanda qeyri-neft sektorunun diversifikasiyası çərçivəsində yaranan mexanizlərdən biri də adlandırmaq mümkündür. 

- Ailə Biznesinə Asan Dəstəyin yaradılmasında məqsəd nə idi? 
- Fərmanda da qeyd olunduğu kimi “ABAD” PHŞ yaradılmasında məqsəd ölkədə ailə bizneslərinin inkişafı və formalaşmasına dəstək göstərmək, əhalinin məşğulluq  səviyyəsini artırmaq, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdıraraq ona əlavə imkanlar yaratmaqdır. “ABAD” hazırda iki istiqamətdə fəaliyyət göstərən ailələrə dəstək göstərir: qida məhsullarının istehsalı və dekorativ-tətbiqi xalq sənətkarlığı. Bu istiqamətlər sayəsində “ABAD” PHŞ nəinki ölkə iqtisadiyyatına, həmçinin vətəndaşların sosial rifahı, turizmin inkişafı və sözsüz ki milli-mədəniyyətimizin təbliğatına öz töfhələrini verir. 

- Oktyabr ayı ərzində Şəki, Quba və İmişlidə mərkəzləriniz açılıb. Bu mərkəzlərin xidmətləri barədə danışardınız bir az...
- Bəli, payız ayları bizim üçün yetərincə məhsuldar oldu. Quba rayonunda “ABAD” Factory istehsalat kompleksi və “Gastro Village” food truck parkının açılışı baş tutdu. “ABAD” Factory - müasir istehsalat kompleksində ABADçılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir, quru meyvələr, qənnadı məmulatları, kompot, süd məhsulları, ət məhsulları. “ABAD Gastro Village” layihəsi və onun nəzdində olan “Food truck”lər (təkərli qoşqular) parkı isə səyyar şəkildə fəaliyyət göstərir və şimal regionlarında yaradılmış turizm infrastrukturuna daha da cəlbedici görünüş yaradacaq. Hazırda bu “truck”lər 5 istiqamət üzrə satış aparır, dönər, burger, pizza, şirniyyat,  “ABAD” etno-butiki. İmişli və Şəki rayonlarında “ABAD” regional mərkəzləri açılıb. Bununla da artıq 5 regional mərkəzimiz fəaliyyət göstərir (Masallı, Balakən, Quba, İmişli və Şəki). Ümumiyyətlə, gələcəkdə hər bir iqtisadi-coğrafi rayonda analoji regional mərkəzlərinin açılması nəzərdə tutulur. Bundan başqa Şəki şəhərində Cənubi Qafqazın ilk keramika mərkəzinin açılışı baş tutub. Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Onu da qeyd edim ki, ABADçılarımızın qida məhsulları yalnız “Bravo” hipermarketlərində satışa çıxarılır və sonuncu açılmış “Bravo” Koroğlu hipermarketində ayrıca “ABAD” Bakaleya, yəni “ABAD” məhsulları üçün xüsusi ayrılmış guşə açılıb. 

- “ABAD” artıq 2 ildir ki, fəaliyyət göstərir. Fəaliyyət dövrü qısa müddətlik bir dövr əhatə etsə də, xeyli işlər görülüb. 
- Ən azından onu qeyd etmək olar ki, “ABAD” pilot layihə kimi Masallıda 7 fermer ailəsi ilə başladı. Lakin hazırda ABAD iki istiqamət üzrə fəaliyyət göstərən (dekorativ tətbiqi-xalq sənətkarlığı və qida məhsullarının istehsalı) 350-ə yaxın ailələrə dəstək olur və onların sayı günü-gündən artır. Fəaliyyət istiqamətlərinin sayı da gələcəkdə artacaq.

- “ABAD” əsasən hansı regionlarda fəaliyyət göstərir?
- “ABAD” qida məhsullarının istehsalı sahəsində yalnız regional mərkəzləri olan iqtisadi rayonların sakinlərinə dəstək göstərir. Yəni bu Lənkəran, Şəki-Zaqatala, Aran, Quba-Xaçmaz iqtisadi rayonlarıdır. Baş ofisin sayəsində isə Abşeron iqtisadi rayonun daha çox orta sahibkarlarına dəstək göstərilir. Bu mərkəzlərin mövcudluğu istehsalat zamanı hər bir prosesdə “ABAD”ın texnoloq və qida keyfiyyəti mütəxəssislərinin nəzarəti altında olması üçün zəruridir. Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində isə bütün Azərbaycan üzrə sənətkarlar qəbul edilir. Sözsüz ki, qəbul zamanı daha çox regionlarda yaşayan sənətkarlara üstünlük verilir.

- İnsanların bura cəlb olunması hansı formada həyata keçirilir? 
- İlk etapda, əlbət, komandamız müxtəlif çoğrafi zonalara səfər edərək fikizi olaraq birbaşa ABADçıların axtarışını həyata keçirirdi. İndi isə insanlar özləri müraciət edirlər. Sənətkarlarımız ABADçı adını qürurla daşıyır. Qida istehsalçılarımız da həmçinin, öz məhsullarını ölkənin ən iri marketlərində görəndə və yaxud xaricə ixrac olunduğunu eşidəndə şad olurlar.

- Ümumiyyətlə, maraq göstərənlər, müraciət edənlər çoxdurmu? 
- Orta statistik olaraq gün ərzində 3 müraciət qəbul olunur. 

- Bildiyimiz qədəri ilə yerli əhalidən daha çox, turistlər ABAD-ın məhsullarına daha çox maraq göstərirlər. Sizcə bu nə ilə əlaqədardır? 
- Hazırda Respublika üzrə “ABAD”ın 9 etno-butiki fəaliyyət göstərir. Və düz buyurursuz, bu butiklərin istehlakçı faizinin böyük hissəsini məhz xarici qonaqlar təşkil edir. Amma buna da izah var. Etno-butiklər məqsədyönlü məhz turistik baxımından ən əlverişli strateji ərazilərdə fəaliyyət göstərir. Bura gələn hər bir xarici qonaq mədəniyyətimizi təmsil edən bir suvenir belə öz ölkəsinə aparmış olarsa, bu ölkəmizin milli irsi üçün az da olsa töhfə deməkdir.  Lakin “ABAD” qida məhsulları daha çox yerli sakinlərin maraq dairəsindədir. Çünki vətəndaşlarımız artıq tam kimyəvi  və genetik modifikasiya olunmuş qida məhsullarından vaz keçirlər. Ola bilsin ABADçılarımızın qida məhsulları digərlərindən əmtəə görünüşü baxımından fərqli ola bilər, artıq hamıya agahdır ki, hətta onun qablaşdırılması, etiketlərinin vurulması belə ABADçılarımız tərəfindən əl işi ilə vurulur. 

- Qarşıda hansı işlərin görülməsi planlaşdırılır?
- Planlar olduqca çoxdur. Qurumun daha da genişlənməsi, daha böyük bir kütləyə dəstək göstərməsi nəzərdə tutulub. 2019-cu il ərzində daha bir Keramika və Tətbiqi Sənət Mərkəzi işıq üzü görəcək. Bu mərkəz Bakının Nardaran qəsəbəsində inşaa olunub. Və daha iki “ABAD” Bakaleyası da vətəndaşlarımızın qulluğuna açılacaq. 

Könül Oruc 

 


Xəbər xətti