Ağcabədidə yetkinlik yaşına çatmayan qızı qaçırmaqda təqsirləndirilən şəxslərə ağır cəza verilib

17:25 - 13 Dekabr 2018 - Xəbər

Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Şirvan Apellyasiya Məhkəməsində yetkinlik yaşına çatmayan qızı qaçırmaqda və qanunsuz silah gəzdirmədə təqsirləndirilən Müqəddəs Qəhrəmanov, Rahib Həsənov və Təhmasib Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, hadisə 2017-ci ilin noyabr ayının 23-də, 16:20 radələrində Ağcabədi rayonu, Minəxorlu kəndində baş verib. M.Qəhrəmanov həmkəndliləri - R.Həsənov və T.Həsənovla birgə həmin kənd sakini, 2002-ci ildə anadan olmuş, yetkinlik yaşına çatmayan Aliyə Bayramovanı (ad, soy adı şərti) evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəlib. Həmin şəxslər bulaqdan evlərinə su gətirən A.Bayramovaya əvvəl yaxınlaşaraq qollarından tutub, zorla avtomobilə əyləşdirib və daha sonra onu Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparmaqla oğurlayıblar.

Hadisədən bir neçə saat sonra Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb.

Araşdırma zamanı onların üzərində olan soyuq silahlar aşkar edilərək götürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Qəhrəmanov 10 il 3 ay, R.Həsənovla T.Həsənovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Qəhrəmanov apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib.

Xəbər xətti